Əlaqə Arxiv
news Image
2012.09.12
08:38
| A A A
Binaların istilik problemi yenidən qabarır
Samir Əliyev: "Bir çox binalarda istilik boruları sovet dövründən qalma borulardır və onların təmirə ehtiyacı vardır"

Artıq payız öz nəfəsini hiss etdirməkdədir. Havaların da tədricən soyuması fonunda insanları qayğılandıran məsələlərdən biri də mənzillərin istiliklə təmin olunmasıdır. Vaxtilə bir çox binalarda istilik boruları vətəndaşlar tərəfindən sökülüb.

Nəticədə də həmin bina və ya binadakı müəyyən mənzillər bu gün də istiliklə təmin olunmur. Anoloji vəziyyət bu gün də qalmaqdadır. Onu da qeyd edək ki, binaların istilik sistemilə təminatı məsələsinə baxan "Azəristiliktəchizat" ASC bina daxilindəki boruları təmir etmir. Onlar yalnız binaya qədər olan ərazilərdəki boruları təmir etməklə və qazanxanadarı yeniləməklə işlərini bitmiş hesab edirlər. Belə vəziyyətdə isə cari qışda da bir çox mənzillərin istilik sistemilə təchiz olunmasında problemlər yaşanacaq. Olmazmı ki, problemin həlli, mənzil daxilində istilik borularının təmirini də "Azəristiliktəchizat" ASC həll etsin?

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev düşünür ki, mövcud problem mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərilə "Azəristiliktəchizat" ASC arasında bağlanan müqavilə ilə həll oluna bilər: "Şəhərdəki binalarda mövcud olan problemlər təkcə istilik sistemi boruları ilə bağlı deyil. Lift, zibillərin daşınması sahəsində də anoloji problemlər yaşanır. 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsində göstərilir ki, insanlar özəlləşdirdikləri mənzil üzərində istəyinə uyğun sərbəst şəkildə qərar qəbul etməlidirlər. Yəni onlar hansısa bir şirkətlə evin bütün istilik və s. tələbatının təminatı ilə bağlı müqavilə bağlamalıdırlar. Məcəlləyə görə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri də formalaşmalıdır. Prosesi də onlar idarə etməlidir. Lazım olduqda onlar müvafiq özəl şirkətlərlə müqavilə bağlamaqla yaşayış binalarının istilik borularıyla təmin olunmasını təşkil edə bilərlər. Bu xidmət düzgün yerinə yetirilmədikdə mülkiyyətçilərin müştərək cəmiyyətləri həmin müqavilədən imtina etmək hüququna da sahibdir. Binaların istiliklə təminatı və bu zaman istilik borularının vəziyyəti kimi məsələlərə "Azəristiliktəchizat" ASC baxır. Həmin ASC dövlət qurumu olduğundan büdcədən hər il ona böyük miqdarda vəsait ayrılır. Onların fəaliyyət istiqamətlərindən biri də yaşayış binalarında istilik sistemlərini qurmaqdan ibarətdir. Bir çox binalarda istilik boruları sovet dövründən qalma borulardır və onların təmirə ehtiyacı vardır. Bir sıra sovet dövründən qalma binalarda isə sakinlər həmin istilik borularını müəyyən məqsədlər naminə vaxtilə söküblər. Söz yox ki, onlar da təmir edilməlidir. Bu zaman fərdlə həmin qurum arasında müqavilə şərtləri ortaya çıxır. Təbii ki, dövlətdən ayrılan vəsaitlər hesabına "Azəristiliktəchizat" ASC vətəndaşların istiliklə təminatını həyata keçirməlidir. Bunun həyata keçirilməsi üçünsə binada müvafiq infrastruktur, müvafiq xətlər olmalıdır. Vətəndaş həmin xətləri vaxtilə müxtəlif məqsədlər naminə çıxarıbsa, bu zaman həmin xətlərin yenidən qurulması məsələsi ortaya çıxır. Elə insan var ki, həmin dağıdılmış boruların özü tərəfindən təmir edilməsilə razılaşır. Digərləri isə bunu qəbul etmir. Ümumilikdə çoxmənzilli binalarda özəl mənzillərdən fərqli olaraq müəyyən qaydalar var ki, hamı ona riayət etməyə borcludur. O məsələlərdən biri də məhz istilik xətləridir. Kiminsə öz mənzilindən istilik xətlərinin keçməsini istəməməsi o demək deyil ki, ondan yuxarı mərtəbədə yaşayan insan bunlardan məhrum olmalıdır. Hamı ümumi qəbul olunmuş qaydalara əməl etməlidir. İstilik məsələsində də bu mexanizm həyata keçməlidir. Əks halda növbəti qışda da bir çox binaların istilik məsələsi həll olunmamış qalacaq".
Sizin Reklam Yeriniz