Əlaqə Arxiv
news Image
2015.06.17
18:33
| A A A
Çimərliklərdə təhlükə ilə bağlı icra hakimiyyətlərinə xəbərdarlıq!

Hava isindikcə çimərliyə üz tutanların da sayı artır. Amma Bakı-Abşeron yarımadasında yerləşən çimərliklərdəki gigiyenik vəziyyət bəzən yayın istisindən canını qurtarmaq üçün dənizə üz tutanları bu "sevdadan" vaz keçməyə vadar edir. Çimərliklərdə apardığımız müşahidələr də göstərir ki, bu məkanlarda antisanitar vəziyyət hər il bu problem qabardılsa da, düzəlmir. Novxanı çimərliyi pulsuz olduğundan çimərliyə axın olsa da, burada vəziyyət heç də ürəkaçan deyil. Elə çimərliyə üz tutanlar da, günlüklərin, duş kabinələrin olmamasından, gigiyenik tələblərə əməl olunmamasından narazılıq edirlər. Sahil boyunca yerə atılan qida tullantılarının təmizlənməməsi, qumluqda özünü günə verənləri öncə təmizlik aparmağa vadar edirdi. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Movqe.az-a açıqlamasında deyib ki,bəzi çimərliklər var ki, doğurdan da sanitar, epidemioloji durum ürəkaçan deyil: "Biz bütün çimərliklərdə monitorinq aparmışıq. Arayış hazırlayaraq rayon icra hakimiyyətlərinə göndərmişik. Həmin çimərliklərdə sanitar vəziyyəti düzəltmək, problemi aradan qaldırmaq rayon icra hakimiyyətlərinin üzərinə düşür".

Z. Kazımovun sözlərinə görə, Abşeron yarımadasında yerləşən çimərliklərdə invertarların yenilənməsi, çimərliklərə günlüklərin, duşların yerləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Z. Kazımov deyir ki, çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələri göstərir ki, əvvəlki illərlə müqayisədə çimərliklərdə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb: "Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalıb.  Bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub".

Z. Kazımov deyir ki, çimərliklərdə gigiyenik vəziyyəti bəzən çimərliyə gələnlər özləri də qorumur: "Suyu içib qabı yerə atmaq, yeməyi yeyib tullantıları bəzən dənizə atmaq kimi hallara rast gəlinir. Çimərliyə gələnlər də təmizliyi qorumalıdırlar. İcra hakimiyyətləri isə gigiyenik duruma mütəmadi nəzarət etməlidirlər".

Sizin Reklam Yeriniz