Əlaqə Arxiv
news Image
2015.06.17
19:30
| A A A
Xətai rayon İcra Hakimiyyəti: Yanğın baş vermiş binada mənzillərin təmiri başa çatıb
“60 ailədən 57-nin hər birinə 15 min manat maddi yardım göstərilib, 3 mənzilin sahibi olan ailələrlə kirayənişin ailələr arasında razılaşma əldə edilməyib”

Bu günə qədər Nazirlər Kabinetinin 1 iyun 2015-ci il tarixli 144 saylı sərəncamı əsasında aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı mənzillərində əmlaklarına, əşyalarına zərər dəymiş 60 ailədən 57-nin hər birinə 15 min manat maddi yardım göstərilib.

 

Movqe.az xəbər verir ki, bunu APA-ya Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zaməddin Əkbərov söyləyib. Z. Əkbərov deyib ki, binada 111 mənzil olub, yanğın zamanı 60 mənzilə ziyan dəyib. Maliyyə Nazirliyi 900 min manat vəsaiti Xətai rayon İcra Hakimiyyətinə ayırıb və həmin sakinlərin adlarına Kapital Bankın 1 saylı filialında hesab açılıb: "57 ailənin hər biri artıq  15 min manat vəsaiti alıb. Yalnız 3 ailə üçün nəzərdə tutulan vəsait qalmaqdadır. Bu da 3 mənzilin sahibi olan ailələrlə həmin mənzildə kirayənişin yaşamış ailələr arasında razılaşmanın əldə edilməməsi ilə bağlıdır. Mənzil sahibləri yanğın zamanı özlərinə məxsus əşyaların yandığını, kirayənişinlər özlərinə məxsus əşyaların yandığını bildirirlər. Vəsaitin köçürülməsi üçün onlar aralarında notarial qaydada əldə edilmiş razılaşmanı İcra Hakimiyyətinə təqdim etməlidirlər. Biz onlara bildirmişik ki, razılığa gələ bilməsələr, məhkəməyə müraciət edərək məsələyə aydınlıq gətirə bilərlər. Məhkəmə qərarına uyğun olaraq vəsait onların hesablarına köçürüləcək".   

 

Z. Əkbərov bildirib ki, hazırda yanğından zərər çəkmiş mənzillərin bərpası başa çatıb və artıq sakinlər mənzillərinə köçməyə başlayıblar.

 

Qeyd edək ki, yanğın baş verəndən sonra aprelin 11-də 60 ailənin hər birinə 500 manat kirayə pulu verilib. Binanın fasadı və yanğından zərər çəkmiş mənzillər dövlət hesabına əsaslı təmir olunub.


 

Sizin Reklam Yeriniz