Bu gündən Azərbaycanda 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, ərizələrin qəbulu 1-15 iyul tarixlərində aparılacaq. Müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb. Vakant yerlərin 90 faizi Azərbaycan bölməsi, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhər, 85 faiz rayonları əhatə edir. Bakı üzrə vakansiyaların sayı 446, Cəlilabadda 211, Lerikdə 201, Qubada 183-dür. Ən böyük dördlük bunlardır.
Vakansiyaların təxminən 45 faizi 4 fənnin üzərinə düşür..Bunlar
kimya, biologiya, fizika və coğrafiya fənləridir. Vakansiyaların
sayı kimya üzrə 446 yer, biologiya üzrə 387 yer, fizika üzrə 350
yer, coğrafiyadan 328 yerdir. Ümumi vakansiyalardan 2363 yerə
həvəsləndirmə tətbiq olunur. Bu isə hardasa 70 faiz təşkil edir. 30
faiz, 1098 vakant yer şəhər, qəsəbələri əhatə etdiyi üçün
həvəsləndirmə tətbiq olunmur.
20-26 iyul tarixlərində imtahanlar planlaşdırılır. 28 iyul - 2
avqust aralığında imtahandan keçid balı toplayanlar üçün
müsahibələr təşkil olunacaq. Avqustun 2-də müsabiqə faktiki başa
çatacaq.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə
müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli
müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili
müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli
təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi
ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə
iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında
"Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olub
elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı
hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan
edilir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər.
İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə
yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test
tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna
düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab
olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə
namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha
çoxuna düzgün cavab keçid balı hesab olunur.
İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə
qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun
qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına
uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən
başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal
imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər
bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.