Əlaqə Arxiv
news Image
2015.07.02
10:30
| A A A
Qiymətlər düşsə də, avtomobil alan yoxdur
Ramil Osmanlı: “Qiymətlər bir qədər də aşağı salına bilər” Vüqar Oruc: «İlin sonuna qədər avtomobil bazarında qiymətlər aşağı düşəcək»

Ölkənin avtomobil bazarında paradoksal vəziyyət yaranıb. Belə ki, ilindən asılı olmayaraq, bütün növ avtomobillərin qiymətində kəskin enmələr müşahidə edilir. Ancaq buna baxmayaraq, alıcılar da yox səviyyəsindədir. Alıcı qıtlğın baxımdan hətta ilin sonuna qədər qiymətlərin bir qədər də enəcəyi proqnoz edilir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirdi ki, bazar iqtisadiyyatının mahiyyəti ona inzibati müdaxilənin olmamasını və özü-özünü tənzimləməsini tələb edir: "Ancaq avtomobil bazarına ayrılan kredit şərtlərinin ağırlaşması həmin sahəyə ayrılan kreditlərin həcminin azalmasına gətirib çıxardı. İndi də baş verənlər mövcud iqtisadi proseslərin fonunda təbiidir. Yəni, alıcılıq qabiliyyəti aşağıdır. Əhalinin gəlirləri xərclərin artıma adekvat deyil. Bu səbəbdən də ötən illərlə müqayisədə alıcılıq qabiliyyəti aşağı düşüb. Bazarda ciddi böhran vəziyyəti yaşanmaqdadır".

Ekspertin sözlərinə görə, bəzi satışlarda qiymətlər bir qədər də aşağı salına bilər: "Bazarda 3 cür satıcı var: birincisi, bazarda fəaliyyət göstərən rəsmi nümayəndəliklərdir ki, bunlar inhisarçı mövqelərə malikdirlər. Kifayət qədər kənar maliyyə resurslarına malik olduqlarına görə problemlər onlara o qədər ciddi təsir göstərmir. İkinci qrup isə təkrar bazarda fəaliyyət göstərən orta və kiçik sahibkarlıqla məşğul olan şəxslərdir ki, onların da bəlli limiti var. Avtomobili alırlar, müəyyən müdddətdən sonra avtomobili mövcud bazar dəyərinə satırlar. Alarkən də ucuz qiymətlərə alırlar. Ancaq bu cür böhran şəraitində həmin şəxslər mənfəətlərini əvvəlki səviyyədə formalaşdıra bilmirlər. Mənfəət gəlirləri xeyli dərəcə azalır. Belə olan halda sahibkar bazardan çıxmalı və ya bir müddət dözməlidir. Üçüncü qrup insanlar isə şəxsi avtomobillərini alqı-satqı predmetinə çevirən şəxslərdir. Onların isə qiyməti azaltması labüddür".

"Koneko" qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc qeyd edir ki, bu durğunluq yalnız avtomobil yox, ümumilikdə bazarda mövcuddur: "Bu da manatın devalvasiyası ilə əlaqədardır. Bu gün avtomobil bazarında təkliflər artıb. Ancaq alıcılıq qabiliyyəti müəyyən qədər aşağı düşüb. Bu da bazarda alqı-satqı faktlarının sayını məhdudlaşdırır. Bu proses yaxın gələcəkdə də dəyişməyəcək. Hətta avtomobil bazarında qiymətlər daha da düşəcək. İnzibati metodlarla da bunun qarşısı alına bilməz. Bu, yalnız tələb-təkliflə tənzimlənir. İlin sonuna qədər avtomobil bazarında qiymətlər aşağı düşəcək. Manat möhkəmlənəcəyi təqdirdə, avtomobil bazarında qiymətlər əvvəlki vəziyyətə gələ bilər. İlin sonuna qədər qiymətlərdə bahalaşmanın şahidi olmayacağıq. Əksinə, bir qədər də aşağı düşəcək".

Sizin Reklam Yeriniz