Əlaqə Arxiv
news Image
2015.07.02
10:45
| A A A
Taxılla bağlı keyfiyyət problemi davam edir
Vahid Məhərrəmov: “Hətta bəzən böyük istehsalçıların belə taxılın keyfiyyətini təsdiq edən hansısa sənədləri olmur”

Bu günlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2015-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru", "Gəncə Taxıl Elevatoru", "Abşeron Taxıl" MMC, "Dəvəçi-Dəyirman" MMC, "Karat-Holdinq", "Karmen" MMC, "Gəncə-Dəyirman" MMC, "N.Quliyev adına Bakı-Taxıl" ASC, "Aveta" MMC, "Neon" firması və "EL" KM müəssisələri vasitəsilə qəbul ediləcək. Qəbul iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi olacaq. Yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 manat olmaqla alınacaq. Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş müvafiq keyfiyyət göstəricilərinə cavab verməlidir.

Bir nüansı da vurğulayaq ki, builki əlverişli iqlim şəraiti nəticəsində Azərbaycanda rekord miqdarda taxıl məhsulu əldə edilib. Eyni zamanda taxıl biçini hələ də davam edir. Ancaq taxılın keyfiyyəti kimi köhnə problem qalmaqdadır. O baxımdan bəzi mütəxəssislər hesab edirlər ki, tələb olunan qədər müvafiq keyfiyyət göstəricilərinə cavab verən buğda yığılmaya bilər. Buna əsas kimi isə fermerlərin aqrar biliklərinin yetərincə olmaması göstərilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, göstərilən standarta uyğun taxıl yoxdur, demək, düzgün olmazdı: "Araşdırmalarımız onu deməyə əsas verir ki, ölkədə ərzaq üçün yararlı olan taxıl istehsal olunur. Problem isə odur ki, həmin taxıl toxum standartlarına cavab vermir. Ancaq həmin taxıldan toxum materialı kimi istifadə olunur. Bu da ondan irəli gəlir ki, ölkədə istehsal olunan taxılın keyfiyyəti ilə bağlı fermerlərimiz məlumatsızdırlar. Hətta bəzən böyük istehsalçıların belə taxılın keyfiyyətini təsdiq edən hansısa sənədləri olmur. Buna görə də onların taxılı bəzən Taxıl Fondu tərəfindən qəbul edilmir, nə də məhsullarını xarici bazara çıxara bilmirlər. Ümumiyyətlə, taxılın keyfiyyət və kəmiyyəti ilə bağlı geriləmələr mövcuddur. Bunun da səbəbləri var. Ən əsası fermerlərin aqrar bilikləri aşağıdır. İstehsal zamanı aqrotexniki qaydalarına tam əməl etmirlər. Biçimdən sonra qısa bir müddətdə taxıl qurudulmalı, təmizlənməli və çeşidlənməlidir. Əgər o proses baş verməsə, kaqulyasiya baş verir. Müəyyən yüksək temperatur nəticəsində taxıl keyfiyyətini tamamilə dəyişir. Həmin buğdadan sonradan nə çörəkbişirmədə, nə maldarlıqda, nə də quşçuluqda yem kimi istifadə etmək olmur. Eyni zamanda fermerlər vaxtında suvarma aparmır, aqrotexniki qaydalara riayət etmir, zərərvercilərə qarşı mübarizə tədbirini optimal müddətdə aparmırlar. Ona görə də vegetasiya müddəti uzanır. Ötən il biçin bu ilə nisbətən 10 gün əvvəl başlamışdı. Yəni, aqrotexniki qaydalara vaxtında əməl olunmayıb. Əksər sahələrdə taxıl yatıb. Bitki normal qidalanmayıb. Azacıq yağış isə taxılın yatmasına səbəb olur. Əksər sahələrdə isə alaq, yabanı otların daha çox yayıldığı müşahidə etdik. Bu da əldə olunan taxılın zibil qarışığının yüksək faizli olması deməkdir. Belə məhsula isə alıcısı çətin tapılır. Problem əsasən, fermerlərin aqrotexniki qaydalara vaxtında əməl etməməsidir. Keyfiyyətli toxum materialından istifadə olunmur".

Ekspertin sözlərinə görə, problemlər tək kadr və ya texnikada deyil: "Bir problem aradan qaldırılmırsa, o, öz növbəsində yeni problem yaradır. Digər ölkələrin praktikası eyni ilə bizdə tətbiq edilməməlidir. Kadrı isə bir-iki ildə hazırlamaq mümkün deyil. Həm texniki-peşə məktəbində peşə sahibləri, həm də institutlarda yüksək savadlı mütəxəssislər hazırlamaq lazımdır. Digər tərəfdən elmi müəssisələr də bu sahədə yardımçı olmalıdır. Yəni, bunların vəhdəti olmalıdır. Kənd təsərrüfatında çatışmayan kadrların təcrübəyə yiyilənməsinə nail olmaq lazımdır. Ancaq bu gün ölkədə kadr hazırlığı aşağı səviyyədədir".

Sizin Reklam Yeriniz