Özəl telekanalların səhər verilişlərində müşahidə olunan nöqsanlar barədə çox yazılıb danışılsa da, telekanal rəhbərləri nə səhər proqramlarının formatında dəyişiklik edir, nə dəki, efirlərin səhərini şit zarafatlarla açan aparıcıları telekanaldan uzaqlaşdırır. Son günlər Space telekanalının efirində alimlə müğənni arasında yaranan mübahisənin efir etikasına zidd sonluqla bitməsi isə bir daha telekanal rəhbərlərinin səhər proqramları ilə bağlı daha ciddi düşünməli olduğunu ortaya qoydu. Elə mütəxəssislər də efirlərdə xüsusilə səhər proqramlarının formatının və aparıcılarının dəyişdirilməsinə xüsusi ehtiyac olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq tamaşaçıya heç bir informasiya verməyən, zövqsüz və bayağı mahnılarla tamaşaçıda ikrah hissi doğuran səhər proqramlarında heç bir dəyişiklik nəzərə çarpmır. Əksinə, formatı demək olar ki, eyni olan səhər proqramlarındakı qüsurlar günü-gündən artır. Teletənqidçi, AzTv-də uzun illər "Səhər" musiqili, informasiya proqramının yaradıcısı və redaktoru olan Qulu Məhərrəmli də səhər proqramlarına "əl gəzdirilmək" lazım olduğunu söyləyir. Q. Məhərrəmli Movqe.az-a açıqlamasında deyir ki, indi demək olar ki, bütün özəl telekanallarda səhər verilişləri şou-biznes nümayəndələrini efirə çağırmaqla tamaşaçıları ekrana cəlb etmək siyasəti yürüdürlər: "Doğrudur, səhər proqramlarının bu gün demək olar ki, əksəriyyəti eyni formatda efirə gedir. Şou-biznes nümayəndələri efirə dəvət olunur, onlar öz rollarını oynayıb gedirlər. Çox təəssüf ki, şou əhlini verilişə dəvət edib qonaq kimi söhbət etmək telekanallar üçün çox asan bir üsula çevrilib. Bu belə davam edə bilməz. Bu gün İTV-nin səhər proqramından başqa tamaşaçıya informasiya verən, musiqi ilə zövqünü oxşayan proqram yoxdur. Bunun da səbəbi AzTv-də vaxtıilə "Səhər" proqramında çalışmış şəxslərin, redaktorların bu kanala getməsidir. Təbii ki, hər bir proqramda olduğu kimi, səhər verilişlərinin də konkret məqsədi olmalıdır. Həmin verilişlərin redaktorları düşünüb, planlaşdırıb proqram ortaya çıxartmalıdırlar. Bu da müəyyən zəhmət, redaktor işi tələb edir. Ona görə də, səhər proqramlarının əksəriyyəti, yemək bişirmək, şou əhlini efirə dəvət edib bir-iki ağız oxutduqdan sonra müxtəlif mövzu ilə bağlı fikirini öyrənməklə məhdudlaşır. Ümumiyyətlə mənim fikrimcə, səhər proqramlarında diskusiyaya ehtiyac yoxdur. Bunu etmək olarsa ancaq şənbə günləri etmək olar. Hər mövzu ilə bağlı müğənnini qonaq çağırıb onun fikrini öyrənmək düzgün deyil. Xatırlayanlar bilir ki, AzTv-nin "Səhər" musiqili informasiya proqramı səhər verilişləri ilə bağlı çox gözəl model yaradıb. Orada həyatın bütün sahələrindən bəhs olunur, tamaşaçıya müəyyən informasiyalar verilirdi. Çox təəssüf ki, bizim özəl telekanallar bu gözəl nümunədən bəhrələnmək istəmirlər. Ona görə də ortaya bu cür bərbad səhər proqramları çıxır".
Q. Məhərrəmli deyir ki, səhər proqramlarında əsas qayə insanlara xoş əhval ruhiyyə verməklə yanaşı onlara informasiya vermək olmalıdır: "Mavi ekranlarda səhər-səhər efir etikasına zidd ifadələr işlətmək, hər adına müğənni deyəni efirə çıxartmaq olmaz!"