Azərbaycan Respublikası Prezident
Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun, Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində "Azərbaycan
milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları"
mövzusunda regional konfrans işə başlayıb. Movqe.az-ın məlumatına görə, milli mətbuatın
yaranmasının 140-cı ildönümünə həsr olunmuş regional tədbirdə
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehtiyev, Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,
"Azərmətbuatyayımı" ASC-nin sədri Süleyman Salmanov, Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin
deputatı Aqil Abbas, yerli qəzetlərin, habelə Bakıda fəaliyyət
göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər. Tədbir
iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük
xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin abidəsini
ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Bundan sonra
tədbir iştirakçıları, "Azərmətbuatyayım" ASC Gəncə Mətbuat Evinin
açılışında iştirak etdilər. Mətbuat evinin qırmızı lenti
kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə tanış
oldular. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam
etdirildi. Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü
ilə açan Elmar Vəliyev qonaqları salamladıqdan sonra Milli
mətbuatın qarşıdan gələn 140 illik yubileyi münasibətilə onları
təbrik etdi. E. Vəliyev bildirdi ki, mətbuatın 125 illik yubileyi
ilk dəfə 2007-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə
keçirilib.
"Milli mətbuatın yaranmasının il dönümləri Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2013-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Mətbuatın 135 illiyi yüksək səviyyədə qeyd olundu. Bu Azərbaycan mətbuatına dövlət qayğısından xəbər verirdi. Cənab prezident 2015-ci ildə mətbuatın 140 illik yubileyinin bütün bölgələrdə təntənəli sürətdə qeyd olunmasıyla bağlı sərəncam verib. Bu gün Gəncədə biz Mətbuat evinin açılışını etdik. Gəncədə Mətbuat evinin tikilməsi heç də təsadüfi deyildi. Bu azad mətbuatın fəaliyyətinə dövlət başçısının göstərdiyi qayğının davamı idi. Bu münasibətlə özümüzü və sizi təbrik edirəm. Qeyd edim ki, Gəncə Mətbuat Evinin tikintisinə 2011-ci ildə başlanılıb. 4 mərtəbədən ibarət olan mətbuat evinin birinci mərtəbəsində konfrans keçirmək üçün zal, 2-3 cü mərtəbələrdə jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, 4-cü mərtəbədə isə Gəncəyə ezam olunan mətbuat orqanların gecələmələri üçün xüsusi otaqlar yaradılıb. Hörmətli qonaqlar, bildiyiniz kimi bu il ölkə başçısının sərəncamı ilə Milli Mətbuatımızın yubiley mərasimləri keçirilir. Prezident Adminstrasiyası KİVDF və Mətbuat Şurası birgə regionlarda yubiley törənləri keçirir. 140 illik yubileyin qeyd olunması təqdirəlayiq haldır. Gəncədə regional telekanallar və jurnalistlər fəaliyyət göstərir. Bu Mətbuat Evi onların rahat şəraitinə imkan yaradacaq. Qeyd edim ki, Gəncədə fəaliyyət göstərən jurnalistlərə ölkə başçısının qayğısının davamı olaraq torpaq sahələri ayrılıb. Gələcəkdə imkan daxilində ev verilməsi məsələsinə də baxıla bilər.Mən sizi Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Şərəfli işinizdə uğurlar müvəffəqqiyyətlər diləyirəm".
Daha sonra konfransda çıxış üçün söz Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir
müavini Ərəstun Mehtiyevə verildi. Ə. Mehtiyev Azərbaycan
mətbuatının keçdiyi şərəfli yoldan danışaraq, mətbuatın bugünki
inkişafından söz açdı: "Azərbaycan mətbuatı yarandığı gündən
ölkənin maraqlarını müdafiə edib, cəmiyyətdəki problemləri özündə
əks etdirib. Bu gün ənənəsi "Əkinçi" qəzeti tərəfindən qoyulan
milli mətbuatımız üzərinə düşən işi şərəflə yerinə yetirir.
Azərbaycan xalqının əldə etdiyi uğurlarda milli mətbuatımızın böyük
rolu var. Müstəqillik dövründə də Azərbaycan mətbuatının üzərinə
böyük öhdəliklər düşür. Sevindirici haldır ki, milli mətbuatımız
qarşısında duran missiyanı uğurla, şərəflə həyata keçirir".
Ə. Mehdiyev onu da bildirib ki, müstəqilliyin ilk illərində
ölkəmizdə yaşanan böhran mətbuat sahəsinə də təsir etmişdi: "Həmin
dövrdə ölkənin müharibə şəraitində olması, sosial-iqtisadi
problemlər, senzuranın mövcudluğu mətbuatın inkişafına əngəllər
yaradırdı. Xüsusən regionlarda mətbuatımız ən ağır günlərini
yaşayırdı. Maddi-texniki problemlərlə əlaqədar bəzi mətbu orqanlar
öz fəaliyyətlərini dayandırırdı. Eyni zamanda, mətbuat sahəsində
çalışan insanların da peşəkarlıq səviyyəsi aşağı idi. Məhz
ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə
qayıtdıqdan sonra bütün sahələr kimi, mətbuat sahəsinə də xüsusi
diqqət yetirdi. Mətbuat orqanlarının maddi-texniki bazası
gücləndirildi. Bu sahədə peşəkar insanların sayının artırılması
qısa müddətdə müsbət nəticələrini verməyə başladı. Eyni zamanda,
1998-ci ildə senzuranın ləğv edilməsi, bir sıra islahatların
aparılması mətbuat sahəsinin inkişafında yeni mərhələnin
başlanğıcını qoydu".
Ə. Mehdiyev xaricdəki bəzi dairələrin Azərbaycana
hücumlarına da toxunaraq, Avropa Oyunları keçirilərkən Azərbaycan
mətbuatının həm bu hücumlara effektiv cavab verdiyini, həm də
oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. PA
təmsilçisi qeyd edib ki, ölkədə regional media da inkişaf edir.
Onun sözlərinə görə, regional medianın inkişafı əsas məqsədlərdən
biridir. Bundan sonra çıxış edən Azərbaycan Mətbuat
şurasının sədri Əflatun Amaşov Gəncədə Mətbuat Evinin istifadəyə
verilməsini yüksək qiymətləndirdiyini, bu şəhərdə fəaliyyət
göstərən jurnalistlərə yaradılan şəraitin yüksək olduğunu söylədi:
"Öncə xatırladım ki, mətbuatla bağlı tədbirlər Elmar Vəliyev
Yevlaxda başçı olduğu dövrlərdə də yüksək səviyyədə keçirilib. Bu
gün daha bir yubiley tədbirinin Gəncədə keçirilməsi bu şəhərdə söz
adalığına şərait yaradılmasından xəbər verir."
Əflatun Amaşov dövlətin mətbuata göstərdiyi
qayğı sayəsində jurnalistlərin peşəkarlığının gündən-günə daha da
artdığını diqqətə çatdırıb. Ə. Amaşov Gəncə şəhərindəki
abadlıq-quruculuq işlərinin də mətbuatın diqqətindən yayınmamasını
da söyləyib. O, bildirib ki, Azərbaycan söz və mətbuat azadlığı
sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə
biləcək tərəqqiyə nail olub. Respublikamızda mətbuatın sərbəst
fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə
geniş imkanlar yaradılıb.
Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində
əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən
dövrdə ölkə mətbuatının yubileylərinin yüksək səviyyədə qeyd
edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini,
qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dövlət büdcəsi
hesabına silindiyini və digər faktları diqqətə
çatdırıb.KİVDF-nin icraçı direktoru Vüqar Səfərli
Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq qeyd edib
ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən
evlə təmin edilmir. Lakin Azərbaycanda 2013-cü ildə jurnalistlərə
hər bir şəraitlə təchiz edilən evlərin verildiyini bildirən V.
Səfərli qeyd edib ki, gələn il yeni tikilən binanın 255 mənzili də
mətbuat işçilərinə təqdim ediləcək. Daha sonra V. Səfərli dövlət
qayğısı nəticəsində ayrılan vəsait hesabına jurnalistlərin
peşəkarlığının artdığını da qeyd etdi: "Ümummilli lider Heydər
Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət
həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə
yeni mərhələnin başlandı. Bu dövrdə Ulu Öndərin diqqət və qayğısı
sayəsində söz və mətbuat azadlığının etibarlı təminatına xidmət
edən mükəmməl qanunvericilik bazası formalaşdırıldı, qəzetlərin
"Azərbaycan" nəşriyyatına olan borcları silindi, Mətbuat və
İnformasiya Nazirliyi ləğv edilib, mətbuatın özünüidarəsini həyata
keçirən ictimai qurum olan Mətbuat Şurası yaradıdı və digər
mütərəqqi islahatlar həyata keçirildi". V. Səfərli ölkə
jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər
mühüm istiqamətlərdə reallaşdırılan layihələr barədə də konfrans
iştirakçılarına ətraflı məlumat verdi. Konfrans, paytaxt və
bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra
hakimiyyəti aparatlarının nümayəndələri də çıxışı ilə davam
etdirilib.