Əlaqə Arxiv
news Image
2015.07.07
14:08
| A A A
Təhlükəki dondurmalar

Hava çox istidir, ürəyini nə ilə sərinləşdirəcəyin barədə fikirləşəndə ilk ağıla gələn buzlu dondurma olur. Elə istilərlə əlaqədar dondurmalara tələbat artdığından, ticarət obyektlərində də bu cür məhsulların çeşidləri artır. Sadə dondurma, meyvəli dondurma, qaymaqlı dondurma, buzlu dondurma, alıcılar istədikləri növ dondurmadan alıb dada bilərlər.  Bol çeşid istehlakçılar üçün geniş seçim imkanı yaratsa da, alıb bəh-bəhlə daddığımız bu məhsullar bəzən səhhətimizə təsirsiz ötüşmür. Mütəxəssislər əsasən meyvəli dondurmaları alarkən diqqətli olmağı,  kənar təsirlərə həssas olan bu məhsulların saxlanılması şəraitinə də diqqət yetirməlidirlər. Əslində dondurmaların növünə görə onların saxlanılması müddəti dəyişsə də, bəzən istehsal prosesində növündən asılı olmayaraq dondurmaların son istifadə müddəti 2 ay göstərilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Movqe.az-a verilən məlumata görə, "Dondurma" ilə bağlı dövlət standartı müəyyənləşib.  Həmin standartın tələbinə görə, məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatqılar tətbiq edilmədən istehsal olunan dondurmaların saxlama müddəti mənfi 180C-dən yüksək olmayan tempraturda aşağıdakı kimi müəyyənləşdirilir:

Südlü - 1 ay

Qaymaqlı - 1,5 ay

Plombir - 2 ay

Meyvəli-giləmeyvəli və aromatik - 1,5 ay

Məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilmiş konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18 ± 2)0C-dən yüksək olmayan tempraturda ən çoxu 10 ay saxlanıla bilər. Komitədən verilən məlumata görə, AZS 228-2006 "Dondurma. Ümumi texniki şərtlər" dövlət standartına görə, buraxılan məhsulun hər bir partiyasının bu standartın tələblərinə uyğunluğu müəssisənin laboratoriyasında və ya müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmuş laboratoriyaları cəlb etməklə yoxlanma, müəssisə tərəfindən məhsul partiyasının keyfiyyət və təhlükəsizliyi haqqında vəsiqə tərtib edilməlidir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir vermək lazımdır. Ekspert deyir ki, dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi  göstərilməlidir. Dondurma müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən qablaşdırma materiallarında buraxılmalıdır: "Ümumiyyətlə saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur. Ona görə də, dondurma alarkən onun dadına, formasına və saxlanma şəraitinə diqqət etmək vacibdir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinmək lazımdır".

E. Hüseynovun sözlərinə görə, bəzən elektrik enerjisinin verilişi dayandıqda mağazalarda dondurmanın donu açılır. Mağaza sahibləri itki olmaması üçn dondurmanı təkrar dondururlar: "Halbuki donu açılmış dondurmanın təkrar dondurulması qadağandır və belə dondurmalarda buz kristalları əmələ gəlir ki, bu da onun keyfiyyətsiz olması deməkdir. Belə dondurmaları istifadə etmək məsləhət görülmür".

Ekspert uşaqların sevdikləri dondurmaların onları zəhərləmək  təhlükəsinin də qaçılmaz olduğunu söyləyir: "Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, salmonella, stafikoklarin və orqanizm üçün təhlükəli bakteriyalar olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək lazımdır. Antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla təhlükə mənbəyinə çevrilər bilər".


E. Hüseynov bildirir ki, dondurmaların istehsalı və satışında nöqsan təkcə bununla bitmir. Dondurmaların üzərində inək südü ilə hazırlandığı barədə qeyd göstərilsə də, 95 faizi quru süddən hazırlanır. 


Sizin Reklam Yeriniz