Əlaqə Arxiv
news Image
2015.07.15
10:30
| A A A
Turizmin yolundakı böyük maneələr
Müzəffər Ağakərimov: “Otellər qiymət siyasətlərinə dəyişiklik etməlidirlər” Elxan Vəliyev: “Bundan sonra müsbət nəticələri görəcəyik”

Azərbaycana turist axınına maneə yaradan məqamlara ən yüksək səviyyədə sərt irad bildirildi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı bu xüsusda maraqlı fikirlər səsləndirdi. Otellərin qiymətinin baha olması, vizaların alınmasında çətinliklər, aviabiletlərin bahalığı ciddi irad kimi tutuldu: "Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər" .

Mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir: "Cənab Prezident çox düzgün vurğuladı ki, Azərbaycanda turizmin inkişafı üçün hansı amillər daha önəmlidir. Həqiqətən də ölkədə, xüsusən də Bakı şəhərində 3 ulduzlu otellər problemi tez bir zamanda həlli tapmalıdır. Əgər az ulduzlu otellər üstünlük təşkil edərsə, Azərbaycana gələn turistlərin sayı qat-qat artar. Azərbaycana gələn turistlərin sayının artması isə yeni iş yerlərinin açılması deməkdir. Budan başqa fəaliyyət göstərən mövcud otellər qiymət siyasətlərinə dəyişiklik etməlidirlər. Qiymət, xidmətə uyğun olmalıdır. Çünki, bunlar təzad təşkil edərsə, müştəridə narazıçılıq yaradır. Eyni zamanda nəqliyyat məsələsinə diqqət yetirilməlidir. Nəqliyyat haqları ucuz olarsa, Azərbaycana gələn turistlərin sayında artım baş verər. Hansı ki, bu amili də ölkə Prezidenti vurğuladı. Ölkəyə nə qədər çox turist gələrsə, bu, iqtisadiyyatımızın inkişafıdır. Əminəm ki, Prezidetin çıxışından sonra turizm sahəsində böyük irəliləyişlər baş verəcək".


Turizm üzrə ekspert Elxan Vəliyev isə bildirir: "Ölkə Prezidentinin iradları lap yerində oldu. Yəqin ki, artıq bundan sonra müsbət nəticələri görəcəyik. Həm qiymətlərin ucuzlaşdırılması, 3 və daha az ulduzlu otellərin tikilməsi və səsləndirilən digər amillər çoxdan gözlənilən məsələlər idi. Əfsuslar olsun ki, bu bazarda rəqabət zəif idi. Daha sonra otellərdə xidmət problemləri mövcuddur. Hazırda isə başqa bir problem yaranıb. Turizm şirkətləri otellərə zəng vuranda müştəri üçün yeri olmadığını deyir. Ancaq müştəri özü zəng vuranda yer tapa bilir. Yəqin ki, ölkə Prezidentinin çıxışından sonra bütün söylənilən problemlər öz həllini tapar".

Sizin Reklam Yeriniz