Bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Movqe.az-ın məlumatına görə, Anlaşma Memorandumunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşov imzalayıblar. Tədbirdə çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, bu günlərdə 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatı Azərbaycan milli şüurunun formalaşmasında və inkişaf tarixində mühüm rol oynayıb. Onun sözlərinə görə, 140 il mətbuat tarixi üçün böyük hadisədir.. N. Cəfərov qeyd edib ki, ölkə başçısı hər zaman mətbuata xüsusi diqqət və qayğı ilə yanaşıb: "Parlamentin fəaliyyətinin daha geniş şəkildə işıqlandırılması, qanun yaradıcılığının və qəbul olunan qərarlar barədə ictimaiyyətə ətraflı məlumat ötürmək vacib əhəmiyyət kəsb edir. Bu işdə də jurnalistlərin əməyi danılmazdır. Milli Məclislə mətbuat arasındakı münasibətlər hər zaman daha yaxşı olmalıdır. Açıq deyə bilərəm ki, parlament mətbuatdan narazı deyil. Ancaq hərdən narazılıqlar da olur. Bu da informasiyanın dəqiq çatdırılmamasından, bəzən deyilən fikrin, sözün ictimaiyyətə yanlış verilməsində özünü büruzə verir".
N. Cəfərov bildirib ki, parlament də mətbuat qədər demokratik qurumdur: "Ona görə də demokratik fikir mübadilərlərində bir-birini yaxından anlamaq çox vacib şərtdir. Bundan başqa, deputatlar bəzi vaxtlar giley-güzar edirlər ki, Milli Məclisin gördüyü işlər, qaldırdığı məsələlər, qəbul etdiyi qanunların həyata keçirilməsi kimi məsələlərlə bağlı analitik yazılar azdır. Yəni parlamentin deputatlarının belə yazıları oxuya və onlar üçün bir faydası ola bilər. Hamı bilməlidir ki, qanun necə həyata keçirilir və nəticəsi nə oldu. Bu giley-güzar əsas Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlərə aiddir. Çünki onlar daimi bizimlə birlikdədirlər və parlamentin mətbəxinə bələddirlər. Onların təhlili yazıları və münasibətləri bütövlükdə jurnalistikaya təsir etməlidir".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan mətbuatı ilə Azərbaycan parlamentarizmi bir-biri ilə sıx bağlıdır: "Mətbuatla bağlı ilk nizamnamə məhz parlamentdə qəbul edilib. 1998-ci ildə KİV üzərində senzura götürüldükdən sonra isə Azərbaycan mediası ilə bağlı qanunvericlik yenidən hazırlandı və bu qanunvericlik bazası MDB məkanında ən mükəmməl sənəd hesab edilir".
Ə.Amaşov bildirib ki, hazırda məqsəd xalqa parlamentarizm ruhu aşılamaq və onu Milli Məclisin işi ilə daha yaxından tanış etməkdir. Onun fikrincə, bu gün imzalanan Memorandum bu fəaliyyətə öz müsbət nəticələrini verəcək: "Sənəd Milli Məclisin fəaliyyəti barədə ictimiayyətə geniş məlumat verilməsi və bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılmasını, Milli Məclisdə qanun və qərarların qəbulu prosesində Mətbuat Şurasının (va ya kütləvi informasiya vasitələrinin) təmsilçilərinin iştirakının təmin edilməsini, Azərbaycanın parlamentarizm ənənələrinin mediada təbliği məqsədi ilə jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkilini, eləcə də Milli Məclisin beynəlxalq fəaliyyətinin işıqlandırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsini nəzərdə tutur".
Tədbirdə çıxış edən deputat Məlahət İbrahimqızı və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə isə mətbuatın cəmiyyətdə böyük rol oynadığını vurğulayıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün imzalanan sənəd jurnalistlərə və xalqa Azərbaycan parlamenti ilə daha yaxından tanış olmaq şəraiti yaradacaq, eləcə də Milli Məclislə media arasında daha sıx əməkdaşlığa nail olunmasına gətirib çıxaracaq.