Əlaqə Arxiv
news Image
2015.07.21
15:40
| A A A
Jurnalistlərdən Prezidentə təşəkkür

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev Milli Mətbuatımız 140 illik yubileyi ilə əlaqədar bir qrup mətbuat nümayəndələrini fəxri adlarla təltif edib. Sözsüz ki, bu ada layiq görülən hər bir media işçisi sevinməyə bilməz. Movqe.az təltif edilən bəzi media nümayəndələrinin hansı hisləri keçirdiyini öyrənib.


"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: "Etiraf edim ki, dövlət başçısının sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilməyimə xeyli sevindim. Qürur hissi keçirdim. Bu adı 17 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Jurnlaistika bizim həyat tərzimizidir. Özümüzü bu işə həsr etmişik. Mən bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa, dözvlətimizin maraqlarını nəzərə almağa çalışmışam. Nə gözəldir ki, bu zəhmətkeşliyimiz dövlət səviyyəsində qiymətləndirilib. Hesab edirəm ki, bu etimad bizim daha da məsuliyyətli olmağımıza, işimizi daha çox sevməyimizə səbəb olacaq".


Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: "İnsanın, böyük çıxmasın, zəhmətinə qiymət verilməsi həmişə xoş və gözəldir. Amma burada əsas məsələ odur ki, dövlətin mediaya bu cür yanaşması jurnalistikanın əvvəlki hörmətini özünə qaytarır. Ən çox buna sevinirəm. Mən jurnalistikanın hörmətdən düşdüyü dövrün acısını yaşayan nəslin nümayəndəsiyəm. Amma son illərdə jurnalistliyin yenidən nüfuzlu və samballı peşəyə çevrildiyini gördüyüm üçün xoşbəxtəm. İlk növbədə buna, sonra isə əlbəttə ki, mənim özümə verilən dəyərə görə dövlətimizə və onun başçısına minnətdaram".


Gün.Az saytının müxbiri Kamil Həmzəoğlu: "27 illik zəhməti, əməyimi qiymətləndirən dövlətimə və ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. İnanın ki, çox sevincliyəm, çox xoşbəxtəm. Əgər insanın əməyi , zəhməti yerdə qalmırsa və qiymətləndirilirsə, bundan böyük sevinc, xoşbəxtlik nə ola bilər ki?! Ona görə bu anlarımı, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm, söz tapmıram deməyə...Bir daha minnətdarlığımı və təşəkkürlərimi bildirirəm!"



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev: "Milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunduğu bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncamla ölkəmizin kütləvi informasiya vasitələri əməkdaşlarını fəxri adlarla təltif etməsi jurnalist əməyinə verilən ən yüksək qiymət, ən böyük dəyərdir. Sərəncama əsasən, "Əməkdar Jurnalist" fəxri adına layiq görülənlər sırasında olduğuma görə möhtərəm dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin yüksək diqqəti və etimadı, eyni zamanda bizim bu günə qədərki fəaliyyətimizi bundan sonra da məhz bu yüksək diqqətə, etimada layiq səviyyədə daha uğurla, daha səmərəli şəkildə davam etdirmək, öz əməyimizlə, səylərimizlə mətbuatımızın, ümumən ölkəmizin, dövlətçiliyimizin inkişafına yeni töhfələr vermək məsuliyyəti və öhdəliyi müəyyən edir. Bu baxımdan hesab edirəm ki, qarşıdakı dövr bizim üçün daha işgüzar bir dövr olacaq".

KİVDF-nin aparıcı məsləhətçisi Samir Mustafayev: "Ölkəmizdə azad sözün, müstəqil mətbuatın təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi münasibətilə imzaladığı sərəncamla fəxri ada layiq görülmüş jurnalistlər sırasında olmağımdan böyük sevinc və qürur hissi keçirirəm. Bu ali təltifi böyük şərəf və 19 illik peşə fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, milli mətbuatın əlamətdar yubileyləri ərəfəsində medianın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması artıq xoş ənənəyə çevrilib. 140 illik yubiley ərəfəsində onlarla həmkarım kimi, mənə də böyük sevinc bəxş edən ölkə başçısına dərin təşəkkürümü bildirməklə yanaşı, bu etimadın doğurduğu məsuliyyətin fərqində olduğumu da vurğulamaq istəyirəm. Bu sevinci jurnalistikamızın şərəfini qoruyan, sözü, qələmi ilə tanınan, peşəsinin məsuliyyətini dərk edən bütün həmkarlarıma da arzulayır, onları əlmətdar bayram münasibətilə ürəkdən təbrik edirəm".

Sizin Reklam Yeriniz