Əlaqə Arxiv
news Image
2015.07.24
10:00
| A A A
Yollarda bitməyən problem…
Ərşad Hüseynov: “Küçələr qanunsuz zəbt olunur, prospektlərin bir qismi yol hərəkətindən kənarda qalır”

Bakıda çoxsaylı yeraltı və yerüstü qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına son qoyulacağı gözlənilsə də bu, hələ də mümkün olmayıb. Avtomobillərin saxlanılması üçün yol kənarlarından dayanacaq kimi istifadə olunması bəzər hərəkət üçün cəmi bir və iki xəttin qalmasına səbəb olur. Belə yollarda hərəkət edən avtobuslar isə bəzən dayanacağa daxil olmağa ciddi çətinlik çəkirlər. Nəticədə avtobus yolun ortasında dayanmalı olur və bu da arxada böyük tıxacın yaranmasına rəvac verir.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, bu kimi məsələnin hüquqi tərəfi "Yol hərəkəti qaydaları" və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: "Marşrut avtobusu xətt üzrə yalnız müəyyən olunmuş dayanacaqda dayan bilər. Ona başqa yerdə dayanmaq qadağandır. Əgər təyin olunmamış yerdən kənarda saxlayarsa, avtobus sürücüsü 60 manat və 4 bal cərimə olunmalıdır. Eyni zamanda dayanacaqlardan əvvəl və sonra 15 metrdə digər hansısa nəqliyyat vasitəsi dayana, dura bilməz. Hətta polisin xidməti avtomobili bunu edərsə, sürücüsü 40 manat cərimə olunmalıdır. Belə vəziyyətdə əgər kimsə ordan parklanma kimi istifadə edirsə, dərhal həmin avtomobil cərimə meydançasına evuakasiya olunmalıdır. Sürücü evuaksiya xidmətinə görə də əlavə 20 manat ödəməlidir. Ümumilikdə yol hərəkət qaydalarına riayət olunarsa, inzibati məsuliyyət məsələsində boşluq olmazsa, dayanacaqda kənar avtomobillər ola bilməz. Bu zaman da avtobusun ora girib saxlamasında heç bir əngəl yarana bilməz. Ancaq avtobus sürücüsü də bəzən dayanma-durma qaydalarını pozur. Hətta dayanacaqda yox, ikinci zolaqda saxlayır. Ona görə avtobus sürücüsü 20 manat cərimə oluna bilər. Burada əsas məsələ odur ki, bu işə nəzarət olmaldır. Nəzarət funksiyası da birbaşa dövlət yol polisinin üzərinə düşür. Bundan başqa, Bakı şəhərində avtobus marşurutları yollarının hamısında nəzarət kameraları var. Nəzarət güclənsə, belə neqativ halları minimuma endirmək olar". Ekspert əlavə etdi ki, şəhərimizdə bu cür vəziyyətin yaranmasının səbəblər var: "Məsələn, taksi sürücülərinin əksəriyyəti əsas olaraq bildirirlər ki, dayanmaq üçün başqa yer yoxdur. Ancaq bu, harda istəyirsə, orada dayanmaq üçün əsas vermir. Şəraitə uyğun hərəkət sərgilənməlidir. Dayanmaq üçün yer yoxdursa, avtomobil saxlanılmamalıdır. Düzdür, burada bir qədər dərinə getdikdə məsələ böyük problem olaraq ortaya çıxır. Şəhərin məskunlaşma, şəhərsalma, tikinti problemidir. Ancaq parklanma yeri azdır deyə, sürücülərin istənilən yerdə maşın saxlamağa haqqı yoxdur. Yəni, bu cür halların yaranmasının əsası intizamsızlıqdan başlayır. İkinci səbəb isə nəzarətin yetərincə olmamasıdır. Hər iki tərəfə nəzarət yetərincə olmalıdır".

Hüquqşünasın sözlərinə görə, paytaxtda avtomobilin çoxluğu problemə səbəb kimi göstərilə bilməz: "Çünki, Bakı şəhərində avtomobilləşmə səviyyəsi dünyanın Bakı kimi şəhərlərinə nisbətən 4 dəfə aşağıdır. Məsələn, Los-Ancels, San-Fransiskoda avtomobillərin sayı məskunlaşan insanların sayından çoxdur. O şəhərlərdə 10 milyon insan yaşayırsa, bu saydan da çox avtomobil var. Amma Bakıda rəsmi statiskaya görə, 750 minə yaxın avtomobil var. Bakının rəsmi əhalisi isə təxminən 2 milyon yarımdır. Bu da o deməkdir ki, Bakıda avtomobilləşmə səviyyəsi 23%-dir. Deməli, şəhərsalma, məskunlaşma kimi problemlərimiz mövcuddur. Küçələr qanunsuz zəbt olunur. Prospektlərin bir qismi yol hərəkətindən kənarda qalır".

Sizin Reklam Yeriniz