Əlaqə Arxiv
news Image
2015.07.25
09:00
| A A A
Elektromobillər ənənəvi avtomobilləri bazardan çıxarır
Azərbaycanda bu qəbildən olan maşınların sayında böyük artım gözlənilir

Son illərdə dünya miqyasında elektromobillərə böyük maraq yarandığı aydın müşahidə olunur. Bu gedişlə elektromobillərin bazarda ənənəvi avtomobilləri sıxışdırmağa başlayacaığ da qaçılmaz görünür. Artıq dünya üzrə belə maşınların satış sayı yüz minlərlə ölçülür. Azərbaycanda da belə maşınlara maraq sürətlə artır və yaxın tezlikdə bu qəbildən olan avtomobillərin sayının ölkəmizdə də əhəmiyyətli dərəcədə artması gözlənilir.

Bu arada bəlli olub ki, "İmprotex Motors" şirkəti gələn ilin yazına qədər elektrik enerjisi ilə işləyən BMW avtomobillərinin satışına başlamağı planlaşdırır. Şirkətin direktoru Həsən İsmayılov "Marja"ya bu xüsusda bildirib: "Biz 2016-cı ilə qədər satış və texniki xidmət üçün hazırlıq işlərini aparacağıq. Gələn ilin yazından artıq BMW-nin elektromobilləri olan i3 və i8 modellərini müştərilərə təklif etmək imkanımız olacaq. Hələlik BMW-nin elektrik enerjisi ilə işləyən modelləri yalnız Avropa bazarında satılır, Çin kimi bazara belə verilmir".

Həsən İsmayılov qeyd edib ki, bu avtomobillərin enerji doldurması problem olmayacaq: "GreenCar" elektrik nəqliyyat vasitələrinin satış və xidmət mərkəzinin və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə layihəsi üzrə Bakı şəhərində və magistral yolların bir çoxlarında quraşdırılan enerji doldurma cihazları universaldır. BMW avtomobilləri üçün də həmin stansiyalardan istifadə etmək olar".

Xatırladaq ki, ekoloji təmiz avtomobillərdən olan "Tesla" avtomobilləri artıq satışa çıxarılıb. "Tesla" elektronmobilləri adından da göründüyü kimi elektrik enerjisi ilə işləyir və elektromobillər arasında ən komfortlu və keyfiyətli modellərdən sayılır. Elektriklə işləməsi isə onu avtomobil sahibləri üçün sərfəli edib. Belə ki, Azərbaycandakı enerji qiymətləri ilə "Tesla"nın bir dəfə enerji yığması 5 manata başa gəlir. Bu enerji ilə elektromobil 400 kilometr məsafə qət edə bilir. Bu isə 100 kilometr üçün enerji xərclərinin cəmi 1,25 manat olması deməkdir. Müqayisə üçün bildirək ki, hazırda ölkədə istismar edilən avtomobillər arasında ən qənaətli modellərdə belə, 100 kilometrlik məsafəyə 3,5-4 manatlıq yanacaq sərf edilir. Başqa sözlə, yanacaq baxımından "Tesla" ənənəvi avtomobillərdən 3-4 dəfə ucuz başa gəlir. Digər markalardan olan elektromobillərin də tezliklə Azərbaycan bazarlarında peyda olması gözlənilir.

Ötən aydan isə Bakı şəhərində enerjidoldurma məntəqələrinin qurulmasına başlanılıb. "GreenCar" MMC, "Azərişıq" ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Bakı şəhərinin müxtəlif yerlərində və ölkəmizin bir sıra regionlarında müasir texnoloji vasitələrlə təmin olunan enerjidoldurma cihazları quraşdırılması həyaat keçirilir. İlk belə enerjidoldurma məntəqəsi artıq Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerjidoldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrikli avtomobillərdə mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.

Onu da xatırladaq ki, "GreenCar" MMC IDEA İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək göstərməkdir. MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsini, eləcə də ekologiyanın qorunmasına xidmət edən layihələr həyata keçirir. Bütün bunlar fonunda isə Azərbaycanda elektromobillərin sayının sürətlə artması gözlənilir. Bu, elektromobilin təmir və ehtiyat ehtiyat hissələri ilə bağlı yeni servis xidmətlərinin yaradılmasını da labüd edir. Qeyd olunan istiqamətdə müvafiq işlər əindidən start verilməsi isə zəruri hesab olunur.

Sizin Reklam Yeriniz