Əlaqə Arxiv
news Image
2015.07.25
12:20
| A A A
Yol təhlükəsizliyi məsələləri Cəbrayıl rayon ictimaiyyətinin diqqət mərkəzindədir

24 iyul 2015-ci il tarixdə Qaçqın Qadın və Gənclər Mərkəzində Cəbrayıl rayon ictimaiyyətinin iştirakı ilə yol təhlükəsizliyinin təmin olunması və yol mədəniyyətinin artırılması ilə əlaqədar tədbir keçirildi. Movqe.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan "Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində keçirilmiş həmin tədbirdə Bakı şəhərində fəaliyyət göstərən Cəbrayıl rayon məcburi köçkün icmalarında yol təhlükəsizliyinin təmin olunmasının, həmçinin bu sahədə aparılan məlumat kampaniyasının aktual aspektləri nəzərdən keçirildi.

Tədbirdə giriş sözü ilə çıxış edən "Həyat" Təşkilatının sədri, layihə rəhbəri Azər Allahverənov təmsil etdiyi təşkilatın bu sahədə təcrübəsi, təşkilatın xətti ilə icra olunan proqramlar, həmçinin hazırkı layihənin məqsəd və vəzifələri, onun mahiyyəti və zəruriliyi barədə danışdı. Qeyd olundu ki, yol qəzalarının artdığı bir şəraitdə bu atılacaq preventiv addımlar sırasında yol hərəkəti qaydalarının geniş təbliğ olunması və bu prosesə əhalinin müxtəlif təbəqələrinin cəlb edilməsi məsələləri həyati əhəmiyyətli tədbirlərdəndir. Həmin səpkidə tədbirlərin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə artırılması baş verəcək qəzaların miqyasının azalmasına səbəb ola bilər.

Yol hərəkəti qaydaları ilə bağlı məruzə ilə çıxış edən 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri, layihənin eksperti Fəridə Süleymanova bu sahədə hazırladığı tədris modulları, həmçinin tədris müəssisələrində keçirdiyi tədbirlər zamanı qazandığı təcrübə barədə danışdı və qeyd etdi ki, Cəbrayıl rayon məcburi köçkün icmalarının əksəriyyətinin sürətli yollar ətrafında yerləşməsi həmin icmalarda yaşayan insanları daima təhlükə altında saxlayır. Məhz bu səbəbdən olduqca əhəmiyyətlidir ki, yol təhlükəsizliyi və bu sahədə mövcud yol qaydaları barədə məlumat həmin icmalarda geniş şəkildə təbliğ olunsun və ictimaiyyət də bu proseslərdə xüsusi fəallıq göstərsin.

BMTQAK və "Həyat" Təşkilatı tərəfindən idarə olunan Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Zəminə Səfərova yol təhlükəsizliyi sahəsində icra olunan layihələrdə əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşdü və məcburi köçkün icmalarında bu kimi proqramların icra olunmasının vacibliyini qeyd etdi.

Tədbirdə iştirak edən icma nümayəndələrindən Vera Abbasova, Vasif Qocayev, Elşən Camalov, Səday Əsədov, Ramiz Verdiyev və digərləri təşkil olunmuş tədbirin məqsədini yüksək dəyərləndirdilər və təmsil etdikləri icmaların yerləşdiyi ərazilərdən keçən yollarda təhlükəli şərait barədə danışdılar. Iştirakçılar yollarda mövcud olan həmin təhlükələrin aradan qaldırılması ilə bağlı konkret təkliflər irəli sürdülər. Tədbirin sonunda iştirakçılara əyani vəsaitlər (kitablar, bukletlər və plakatlar) paylanıldı.

Sizin Reklam Yeriniz