Çəkələklə maşın sürənlərin nəzərinə - Polis xəbərdarlıq etdi
Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt
cəzalar tətbiq olunacaq. Bunu Trend-ə açıqlamasında Daxili İşlər
Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi
İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi,
polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, son 10 gündə çəkələklərlə avtomobil
idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi
törədilib. O, bu cür halların yolverilməz olduğunu və sürücüləri
avtomobil idarə edərkən daha diqqətli olmağa çağırıb: "Yay mövsümü
ilə əlaqədar olaraq yüngül ayaqabbılar, çəkələklər geyinib
avtomobil idarə edirlər. Çəkələklə avtomobil idarə etmək çox
təhlükəlidir. Qeyd edim ki, çimərliklərdən şəhər istiqamətinə və ya
əksinə yollarda baş vermiş qəzaların təhlilinə nəzər salanda
görürük ki, əksər hadisə məhz sürücülərin çəkələklərdən istifadə
etməsi nəticəsində baş verib".
V.Əsədov belə hallarla rastlaşdıqları halda sürücülərə ən yüksək cəzaların veriləcəyini istisna etmir: "Bununla əlaqədar bir daha qeyd edirəm ki, sürücülər belə addımlar atmasınlar. Biz reydlərə başlayacağıq. Bu cür hallarla rastlaşdığımız zaman heç kəsə göz yuman deyilik".