Azərbaycanda güclü istilər müşahidə olunduğundan ilan və digər zəhərli həşərat sancmalarının sayı durmadan artır. Movqe.az belə hallarda xəstəyə ilkin tibbi yardım üsulları və digər məsələlər barədə ATU-nun II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyevin müsahibəsini təqdim edir.
Azərbaycanda əsasən hansı növ zəhərli heyvanlara rast gəlinir?
-Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir.
Onlar arasında da ən zəhərlisi Şahmar ilan adlanan
gürzədir.Gürzənin zəhəri o qədər güclüdür ki, digər ilanların
zəhərinə qarşı zərdab bu halda kömək etmir. Azərbaycanda dağ və
dağətəyi rayonlardan başqa demək olar, hər rayonda gürzələr var.
Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına
qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir.
İlan zəhəri bir neçə komponentlərə bölünür. İlk növbədə qanın
laxtalanması faktoruna təsir edən maddələr – yerli ödem, nekrotik
təsirə malikdir. Ona görə də ilan sancmasından artıq bir neçə
dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır.
-İlan sancmalarında ilk yardım olaraq nə etmək
tələb olunur?
- Xəstəyə düzgün olmayan tədbirlər görmək olmaz. Yəni, ilk növbədə
ilan sancan ətrafa heç bir sıxıcı jqut qoymaq olmaz. Çox təəssüf
ki, insanlar arasında bununla bağlı çox yanlış fikir formalaşıb,
hər kəs elə düşünür ki, ilan sancanda mütləq jqut qoyulmalıdır.
Bizim apardığımız elmi tədqiqatların nəticəsi göstərir ki, ilan
sancmaları zamanı jqut qoyulan hallarda ağırlaşmalar, hətta ölüm
hallarının sayı daha çox olur. Bəzən belə də fikirlər səslənir ki,
ilan sancan yeri kəsib oradan zəhərli qanı sormaq olar. Lakin
araşdırmalar göstərir ki, nəinki ağızla, hətta xüsusi ekstraktla o
zəhəri sormağa çalışsaq, bu zaman zəhərin yalnız 13 faizini sorub
bədəndən çıxarmaq mümkün olub. Adətən ilanlar steril olmayan
yerlərdə - çöllərdə, zibilliklərdə olurlar. Ona görə də sancma
zamanı siz həmin ətrafı kəsməklə əksinə yaraya infeksiya da sala
bilərsiniz. Belə hallarda həmçinin yaranı sıxmaq, yandırmaq kimi
tədbirlər də qəti qadağandır.
-Onda hansı növ yardım
göstərilməlidir?
- İlk növbədə, ilan sancan dəri ətrafını tərpətməməyə, hərəkət
etdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yaxın oynaqları
işlətmək olmaz. Əks təqdirdə, zəhərin bədənə daha tez yayılmasına
kömək etmiş olarsınız. Həmin ətrafa yüngül, sıxmayan steril sarı
qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya
çatdırmaq lazımdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız
xəstəxanalarda vurula bilər. Bu zərdab xüsusi zülal – at qanından
düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok
yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab
da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları
mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq
olar.
-Xəstə hansı müddətdə həkimə çatdırılsa, ona
yardım etmək olar?
- Əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə
toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər.
Hazırda bütün mərkəzlərdə kifayət qədər zərdab ehtiyatı var və
pulsuz təqdim olunur. Buna görə də ilan sancması hallarında həmin
şəxsi yaxınlıqdakı rayon xəstəxanasına aparmaq lazımdır. Artıq bir
çox bölgələrdə – Gəncə, Naxçıvan və digər yerlərdə Səhiyyə
Nazirliyinin "sanaviasiya" xidməti var ki, onların vasitəsilə də
zərdab vurula bilər.
-Lakin ilan sancmaları ilə yanaşı, bəzən əqrəb
sancmalarına da rast gəlinir. Belə hallarda, insanlarımıza hansı
tədbirləri görməyi məsləhət bilərdiniz?
- Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır.
Xoşbəxtlikdə, ölkəmizdə olan bu heyvan – qara əqrəb deyil, sarıdır.
Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı
sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır. İndiyə kimi
Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə
hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə
zəhərlənməyə qarşı müalicə aparılır. Lakin son 10 ildə ölkəmizə
Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında "qara qurd"
adlanan zəhərli hörümçəklər gəlib. Onların zəhəri gürzəninkindən də
bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən
onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri
neyrotoksiki olduğundan, həmin nahiyyədə şiddətli ağrılar başlayır.
Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu
hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Əgər
belə bir hörümçəyi görə bilsəniz, ondan qorunmağa çalışın.