Əlaqə Arxiv
news Image
2015.07.31
15:05
| A A A
İstirahət məkanlarında hovuzlarda təhlükə-ARAŞDIRMA
Xeyrulla Qasımov: "“Kolondeks” normadan, 3-dən az olarsa mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxarda bilər”

Yayın qorabişirən ayında istidən canını qurtarmaq, istirahətini əyləncəli keçirmək istəyənlərin çoxu turizm məkanlarına üz tutur. İstirahət mərkəzlərini seçəndə diqqət etdiyimiz məqamlardan biri də, həmin məkanda həm uşaqların, həmçinin də böyüklərin əylənməsi, sərinləməsi üçün hovuzun olmasıdır. Müştərilərin çoxu bu məqəma xüsusi diqqət yetirsə də, onların əksəriyyəti çox az halda həmin hovuzların durumu ilə maraqlanır. Baxmayaraq ki, istirahət mərkəzlərinə girişin qiymətinə xüsusilə yay aylarında həmin məkanlarda hovuzun olması təsir edir. İçərisində uşaqların əylənərək sərinləməsi üçün xüsusi hovuzlar quraşdırılan istirahət mərkəzləri ilə bu kimi xidmətləri olmayan məkanlarda qiymətlərdə ciddi fərq var. Amma çox təəssüf ki, bəzən müştərilər bu xidmət üçün "bir ətək" pul xərcləsələr də, həmin hovuzlarda gigiyenik, sanitar vəziyyətin tələblərə uyğun olub-olmadığını təsdiqləyən sənəd tələb etmirlər. Nəticədə zərər bu hovuzlarda çimən müştərilərin, onların övladlarının səhhətinə dəyir. Elə həkimlər də, xüsusilə uşaqların gigiyenik durumu vaxtı-vaxtında yoxlanılmayan hovuzlarda çimməsinin onların orqanizmi üçün ciddi fəsadlar yaratmaq ehtimalının yüksək olduğunu söyləyirlər. Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin komunal gigiyena bölməsinin baş həkimi Xeyrulla Qasımov Movqe.az-a açıqlamasında bildirib ki,  hovuz sularında gigiyenik tələblərə əməl edilməsi vacib şərtdir. İlk tələb isə hovuz suyunun içməli su olmasıdır: "Hovuz suyu mütləq içməli su olmalıdır. Bundan əlavə, istirahət məkanlarında hovuzlarda mütləq xlorotor olmalıdır. Xlorotor vasitəsilə hovuza xlorlu su vurulmalıdır ki, sudakı bakteriyalar məhv olsun".

X. Qasımov deyir ki, suda bakteriyalar, bağırsaq çöpləri olarsa, bu həmin hovuzda çimən insanda mədə-bağırsaq pozğunluğuna, gözlərdə qızartının, sulanmanın yaranmasına səbəb ola bilər: "Ümumiyyətlə hovuz suyu kimyəvi bakterioloji müayinədən keçirilməlidir. Sudan nümunə götürülməli, xlorun miqdarı, mikroblara görə kimyəvi və bakterioloji müayinələr aparılmalıdır".

X. Qasımov deyir ki, sovet dövründə hovuzlarda suyun yoxlanılması planlı aparılırmış. Son bir neçə ildir ki, bu cür obyektlərdə yoxlamalar ancaq reyesterdən çıxarışla mümkündür: "Misal üçün, bu il heç yoxlama aparmamışıq. Çünki, qanunla rayon GEM-lərinin reyesterdən çıxarış olmadan yoxlama aparması mümkün deyil.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Komunal Gigiyena bölməsinin müdiri Leylaxanım Tağızadə də deyir ki, hazırda hansı istirahət mərkəzi özü istəyirsə rayon GEM-ləri ilə müqavilə bağlayır, həmin məkanlarda müqaviləyə uyğun olaraq hovuz sularının gigiyenik, sanitar durumu yoxlanılır. Planlı yoxlama olmadığından, bir də bu cür yoxlamalar ancaq reyesterdən çıxarışla mümkündür. 

Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin komunal gigiyena bölməsinin baş həkimi Xeyrulla Qasımov isə rayon ərazisindəki bəzi istirahət mərkəzlərinin onlarla müqavilə bağladığını, həmin məkanlarda hovuz sularından nümunə götürülərək yoxlanıldığını söyləyir: "İndi vəziyyət elədir ki, hər rayon ərazisindəki istirahət məkanının rəhbərliyi buna təşəbbüs göstərməlidir. Bəziləri bizlə müqavilə bağlayır, biz həmin obyektlərdəki hovuzlarda suyun təmiz yaxud natəmiz olduğunu, bakteriyaların, xlorun miqdarının normaya uyğun olub-olmadığını yoxlayırıq. Amma bu xidməti göstərən bütün istirahət məkanları rayon GEM-ləri ilə bu müqaviləni bağlamır. Bu qalıb həmin obyektlərin sahiblərinin insafına. Paytaxtda olan istirahət məkanlarında rəqabət baxımından, keyfiyyətli xidmət üçün müqavilə bağlayanlar çoxdur".

X. Qasımovun sözlərinə görə, hazırda istirahət məkanlarındakı hovuzlarda müasir sistem quraşdırıldığından hovuza bir tərəfdən daxil olursa, digər tərəfdən xaric olur: "Yəni, çirkli su qalmır hovuzda. Amma bununla belə suyun tərkibi yoxlanılmalıdır. Hovuz suyunda xlorun az yaxud çox qatılması hovuzda çimən insanın orqanizmi üçün fəsad verə bilər. Normaya görə, hovuz suyuna 0,2-0,5 mq miqdarında xlor qatılmalıdır. Bu miqadardan az və yaxud çox ola bilməz. Bu zaman hovuzda çimən insanın gözlərinin qızarması kimi hallara rast gəlinə bilər. Hovuz suyunda "kolindeks"3-dən çox olmamalıdır. Əks halda mədə-bağırsaq pozğunluğu yarada bilər".

X. Qasımovun sözlərinə görə, xüsusilə uşaqların çimdiyi hovuzlarda bu norma qorunmalıdır. Çünki, uşaqlar çimərkən su daha çox ağızdan mədəyə keçir. Bu zaman hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də "kolondeks" normadan, 3-dən az olarsa mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxarda bilər".

Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, istirahət məkanlarında hovuz suyunun tərkibini Səhiyyə Nazirliyinin müvafiq qurumu ilə yanaşı Standartlaşdırma, Metrlogiya və Patent üzrə Dövlət Komitəsinin qurumu da yoxlayır. Standartlaşdırma, Metrlogiya və Patent üzrə Dövlət Komitəsinin

Mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlara Dövlət Nəzarəti Xidməti suyun tərkibinin müəyyən edilməsi ilə bağlı laborotor yoxlamalar aparır: " Hovuzlara tələbatın çox olduğu vaxtlarda isə bu yoxlamalar daha çox aparılır".

Hər iki qurumdan yoxlamaların nəticəsi ilə bağlı dəqiq məlumat olmadığını bildirsələr də, aidiyyatı qurumlar hovuz xidməti olan istirahət məkanlarına üz tutanların oradakı gigiyenik durumu öyrənmək hüququnun olduğunu söylədilər. X. Qasımov deyir ki, müştəri özü hovuzda çimməzdən öncə həmin məkanın nəzarətçisindən hovuz suyunun yoxlanılıb-yoxlanılmadığını təsdiqləyən sənəd tələb edə bilər: "Bu zaman istirahət mərkəzlərinin rəhbərləri də rayon GEM-ləri ilə hovuz sularının yoxlanılması üçün müqavilə bağlamağa daha çox maraqlı olacaq".

Hələki məsələnin görünən tərəfi odur ki, qanun istirahət mərkəzləri sahiblərinin üzərinə hovuz sularının vaxtaşırı yoxlanılması üçün məcburi tələb qoymadığından bu qalıb onların öz insafına. Bizə isə qalan özümüzün və uşaqlarımızın  sağlamlığı olduğundan, istirahət məkanlarında hovuzdan istifadə edərkən gigiyenik sənəd tələb etməkdir.

Sizin Reklam Yeriniz