Son 5 ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir, Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz, Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı "Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilən bu işlər ölkədə tədris prosesini daha effektiv qurulmasına şərait yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir.
Məlumatda bildirilir ki, bu günədək ATŞ-yə 971 təhsil müəssisəsi qoşulub: "Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin qurumları ilə əlaqələndirilməsi təmin edilib. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıb. ATŞ-də istifadə edilən "Websens" proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb".
Eyni zamanda, 2015-ci ilin mart-iyul ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə ölkə üzrə 1800 ədəd stolüstü komputer, 806 ədəd noutbuk, 245 ədəd proyektor və 111 ədəd interaktiv elektron lövhələr paylanılıb: "Yeni avadanlıqlar informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığının artırılması üzrə keçirilən təlimlərdə yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarə heyətinin üzvlərinə verilir".