Əlaqə Arxiv
news Image
2015.08.05
10:10
| A A A
Yol kənarlarını sallaqxanalara çevirənlər
İmran Abdullayev: “Davamlı olaraq, küçənin bir yerində heyvan kəsmək sonda xəstəlik yarada bilər”

Son illər kəsilən ətin sanitar qaydalara cavab verməsi üçün onun harada, necə gəldi kəsilməsinə qarşı mübarizəsinin sərtləşdiyi müşahidə edilir. Bunun nəticəsidir ki, paytaxtda yol kənarında ət kəsilməsi halları yox dərəcəsindədir. Bunun üçün müvafiq sallaqxanalar fəaliyyət göstərir. Lakin şəhər kənarına çıxdıqda bu mənzərənin əksilə rastlaşmaq mümkündür.

Şəhərətrafı qəsəbə və yolların kənarında hələ də ət kəsimini həyata keçirən şəxsləri görmək mümkündür. Özü də onlar heç bir normativ qaydalara riayət etmirlər. Bu azmış kimi, havaların istiləşməsi isə yol kənarında kəsilən ət istehlak zamanı daha pis fəsadlara gətirib çıxara bilər. Digər tərəfdən, heyvanın insanların gözü qarşısında kəsilməsini də düzgün hesab edilmir.

Mövzu ilə bağlı "Mövqe"yə açıqlama verən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev bildirdi ki, bununla bağlı ölkə Prezidentin 16 yanvar 2014-cü il tarixli 221 saylı sərəncamı var: "O, yeyinti məhsullarının satışının tənzimlənməsi barədə sərəncamdır. Artıq bununla bağlı bir çox işlər görülüb. Amma tam olaraq sona çatdırılmayıb. Eyni zamanda sənədin 5.1-ci bəndinə əsasən, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, Səhiyyə Nazirliyi ilə birgə bu sahədə qanunsuz kəsimin qarşısının alınması istiqamətində tədbirlər görsünlər. Həmçinin, vurğulanır ki, kənd təsərrüfatı məhsullarının satışının tənzimlənməsi işi həyata keçirilsin. Artıq biz bazarların vəziyyətini araşdırmışıq. Araşdırma zamanı bir neçə bazar rəhbərliyi cəzalandırılıb".

Şöbə müdiri əlavə etdi ki, qanunsuz ət kəsimi ilə bağlı tədbilər planı hazırlanıb: "Hazırda həmin sənəd bütün rayon gigiyena və epidimologiya mərkəzlərinə və icra hakimiyyətlərinə göndərilib ki, bazarlarda ət kəsiminin vəziyyəti araşdırılısın. Ancaq bunu inzibati üsulla tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Ona görə də mütləq müvafiq yerlərdə ət kəsimi sahələri açılmalıdır. Bu da cənab Prezidentin digər fərmanında yer alıb. Şəhər üzrə bir neçə məkanlarda kəsim yerləri təşkil olunub. Amma bunları yetərli hesab etmək olmaz. Çünki, bu məhsulun satışı üçün sallaqxanaların sayı çox olmalıdır. Lakin özəl əsaslarla oduğuna görə, görünür ki, sahibkarlar maraq göstərmirlər. Odur ki, dövlət hesabına sallaqxanalar açılmalıdır. Bakı şəhəri üzrə 30 yerdə sallaqxana olmalıdır. Heyvanı küçədə kəsmək olmaz. Küçələrdə o şərait yoxdur. Davamlı olaraq, küçənin bir yerində heyvan kəsmək sonda xəstəlik yarada bilər. Sallaqxanada isə heyvanın kəsimi, onun içalatının, qanın axıdılması və digər proseslər üçün tam şərait yaradılır". İmran Abdullayev əlavə etdi ki, ticarət mərkəzlərinə ətin çatdırılmasının qaydaları var: "Bu işlər də sallaqxanada edilməlidir. Bunlar isə hələlik təşkilatlanmış formada aparılmır. Düzdür, Bakıda 8-ə yaxın, hətta müasir tipli sallaqxana var. Ancaq bu sallaqxanalar bir-birindən çox uzaq və azdırlar. Hər bir ərazidə sallaqxana təşkil olunmalıdır. Həmçinin sallaqxananın özünün avtonəqliyyatı olmalıdır. Soyuducuları olmalıdır ki, ət kəsildikdən sonra soyudulsun. Digər tərəfdən, ət satışını həyata keçirən dükanın ət kəsməməsi üçün onun yaxınlığında sallaqxana tikilməlidir. Çünki, sallaqxanadan kənarda ət kəsmək xəstəliklərə səbəb ola bilər. Bundan başqa, orada xəstə heyvanın kəsilmə ehtimalı böyükdür. Hətta orada mal əti adı ilə at, eşşək əti satıla bilər. Onlara isə baytaq nəzarəti olmadığından son nəticədə fəsadlar qaçılmazdır".

İmran Abdullayev qeyd etdi ki, ət kəsənlər fiziki şəxslər hesab olunur: "Sanitariya qaydalarının pozulmasına görə, onlar 100-200 manat cərimə oluna bilərlər".

Sizin Reklam Yeriniz