Azərbaycanda ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 573 nəfər iştirak edib.
Onlardan 2 212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən, 1 892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri üzrə 345 yer, Cəlilabad rayonu üzrə 83 yer, Lerik rayonu üzrə 71 yer. Aşağıdakı fənlər üzrə daha çox vakant yerlər tutulub: ibtidai sinif üzrə 335 yer, coğrafiya üzrə 206 yer, kimya üzrə 156 yer.
İşə qəbul olunmasına razılıq verilən müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilən vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.