Əlaqə Arxiv
news Image
2015.08.06
14:08
| A A A
Boşanmış qadınlar üzərində böyük təhlükə-SOS

Bu günlərdə Qaradağ rayon sakini 34 yaşlı Günay Saday qızı Sadıqova Ələt qəsəbəsində yaşadığı evdə bıçaqlandı. Araşdırmalar zamanı məlum olub ki, 10 bıçaq xəsarəti alan Günay Sadıqovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. 3 uşaq anası olan Günay Sadıqova Qaradag rayon məhkəməsinin qərarı ilə həyat yoldaşından rəsmən boşansa da, keçmiş ər sərxoş vəziyyətdə Günayın yaşadığı mənzilə gələrək, orada onu bıçaqlayıb.  

Bir müddət öncə, Zirə qəsəbə sakini 1985-ci il təvəllüdlü S.A Polis Bölməsinə müraciət edərək zorlandığını bildirib.S.A deyib ki, kemiş həyat yoldaşı Mərdəkan qəsəbə sakini 1979-cu il təvəllüdlü M.B yaşadığı evə gələrək onu döyüb və zorlayıb.  Və nəhayət  keçmiş həyat yoldaşı  tərəfindən zorakılığa məruz qalan qadınlarla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin açıqladığı son məlumatı: "Paytaxtda 3 uşağı ilə birgə yaşayan, 5 il əvvəl həyat yoldaşından boşanan qadın keçmiş əri tərəfindən hər gün zorakılığa məruz qalır". "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova şəklini sosial şəbəkələrdə yaydığı uşağın fotosunu göstərərək qeyd edir ki, "Bu uşagın atası 3 uşagını və həyat yoldaşını döyməkdən və işgəncə verməkdən zövq alır. 5 il bundan əvvəl boşanmasına baxmayaraq, işgəncələr davam edir".

Bu cür misalları davam etdirərək keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilən, döyülən, zorakılığa məruz qalan qadınlarla bağlı xəbərlərin siyahısını uzatmaq da olar. Amma hesab edirik ki, sadaladığımız bir neçə fakt son vaxtar keçmiş kişilərin rəsmən boşadıqları həyat yoldaşlarına qarşı zorakılıq hallarını təsdiqləyir. Elə ekspertlər də son vaxtlarda bu cür hallara tez-tez rast gəlinməsinin heç də təsadüf olmadığını söyləyirlər. M. Zeynalova Movqe.az-a açıqlamasında bildirib ki, kişilər bəzən həyat yoldaşını boşasalar da onun üzərində hegemonluğu itirmək istəmirlər: "Rəsmi boşandıqları halda həmin qadının şəxsi həyatına müdaxilə edilər. Bəzən bunu namus,qeyrət məsələsi ilə bağlayıb özlərinə haqq qazandırmağa çalışırlar. Amma unudurlar ki, artıq həmin qadın azaddır, öz şəxsi həyatını kiminlə istəsə yaşaya bilər. Çox vaxt boşadıqları qadına öz şəxsi əmlakları kimi baxırlar".

M. Zeynalova rəhbərlik etdiyi İctimai Birliyə son vaxtlar keçmiş əri tərəfindən zorakılığa məruz qalan qadınların müraciətlərinin artdığını söyləyir. M. Zeynalova bəzən belə halların boşandıqdan sonra eyni evdə yaşadıqda da baş verdiyini söyləyir: "Mənim fikrimcə boşandıqdan sonra qadına kişinin evində yaşamaq hüququ verildikdə məhkəmələr bu məsələdə həssas olmalıdır. Tutaq ki, qadın illərdir ki, həmin evdə zorakılığa məruz qalır.  O qadına həmin evdə yaşamaq hüququ verəndə yenə heç nə dəyişmir. Boşandıqdan sonra münasibətlər daha da qəlizləşir. İki boşanan insanın bir dam altında yaşaması bəzən mübahisələrin sərhədləri aşaraq tərəflərdən birinin qatil olması ilə sonuclanır".

Psixoloq Elnur Rüstəmov isə bütün bunların hələ də Azərbaycanda boşanma mədəniyyətinin formalaşmamasından irəli gəldiyini söyləyir. E. Rüstəmov deyir ki, arvadını boşayan kişilər rəsmi münasibətlərinə xitam verdikləri qadına da bəzən namus, qeyrət prizmasından yanaşaraq onu təqib etməyə çalışırlar: " Rəsmi nikaha xitam verilmə o deməkdir ki, bu insanlar ailə deyil, tərəflərin biri-birilərinə qarşı üzərlərində heç bir öhdəlik yoxdur. Amma çox təəssüf ki, birinci ailəsinə aliment ödəyən kişi elə bilir ki, iqtisadi baxımdan onlara dəstəkdirsə, boşadığı qadının şəxsi həyatına müdaxilə edə bilər. Halbuki, həmin alimenti o, öz uşağını böyüdüb boya-başa çatdırmaq üçün həmin qadına ödəyir".

Psixoloqun sözlərinə görə, boşadıqları qadına zoraklıq tətbiq edən, daim onu nəzarətdə saxlamağa çalışan kişilərin çoxu ikinci ailələrində uğursuzluğa düçar olanlardır: "Onlar əvvəl elə hesab edirlər ki, birinci ailəni boşamaqla problemlərini həll etmiş olurlar. Amma ikinci ailələrində də eyni problemlə qarşılaşırlar. Bu uğursuzluğa görə sona dönmək, birinciyə sahiblənmək  hissi yaranır. Bu zaman psixoloji gərginlik kişini bəzən soyuq silaha əl atmağa vadar edir".

E. Rüstəmov deyir ki, boşanma zamanı tərəflərin psixoloji dəstək alması labüddür.  


Sizin Reklam Yeriniz