Əlaqə Arxiv
news Image
2015.08.06
20:45
| A A A
İctimai Şura tədbir keçirib

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura ekoloji maarifləndirmə mövzusunda tədbir keçirib. İctimai Şuranın inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi Şövkət Bəkirov, İctimai Şuranın rəhbərliyi və üzvləri, eləcə də Binəqədi RİH-in qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi, bələdiyyə üzvləri və gənclər iştirak edirdilər. İlk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək tədbirin mahiyyəti barədə geniş məlumat verdi. Aslan Mehdiyev bildirdi ki, müstəqil Azərbaycana keçmişdən bir çox ekoloji problemlər miras qalmışdı: "Hazırda "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icra olunur. Bununla yanaşı, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həyata keçirilir. Bu proqramların Tədbirlər Planında ekoloji layihələrin də icrası nəzərdə tutulub. Bu istiqamətdə Binəqədi rayonunda aidiyyəti üzrə işlər görülür. Ümumiyyətlə, Binəqədi rayonunda bu istiqamətdə həyata keçirilən işlər fərqlənir. Görülən işlər göz qabağındadır. Biz də İctimai Şura olaraq bu sahədə öz töhfəmizi verərək, əhali arasında ekoloji təbliğat aparacağıq". 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi Şövkət Bəkirov bildirdi ki, dünyada istənilən bir işə başlayanda ekoloji məsələlər birinci növbədə gəlir: "Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə ciddi işlər görülür. Nazirlik ekoloji maariflənməyə xüsusi diqqət yetirir. Bu məsələlərlə bağlı jurnalistlər arasında yazı müsabiqələri keçirilir". 
Şövkət Bəkirov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılan İctimai Şura haqda da məlumat verdi: "Nazirliyin qapısı ekoloji maarifləndirmə aparmaq istəyən hər kəsin üzünə açıqdır. Mən Binəqədi RİH yanında İctimai Şuranın bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Çox yaxşı olardı ki, bu qurum gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura ilə də birgə tədbirlər keçirsinlər".
Vətənpərvər Gənclər Klubunun idarə heyətinin üzvü, ictimai fəal, Binəqədi sakini Vüqar Nuriyev qeyd etdi ki, Binəqədi rayonunda ətraf mühitin qorunması, yaşıllaşdırma sahəsində görülən işlər örnək və nümunəvi fəaliyyət sırasındadır: "Bu işlərin davamlı və ardıcıl aparılması üçün hər kəs vətəndaşlıq borcunu yerinə yetirməklə, öz dəstək və köməyini əsirgəməməlidir. Ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən və planlaşdırılan bütün tədbirlərdə hər birimiz ciddi vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik. Konkret olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin ardıcıl şəkildə apardığı işlərə ictimai fəallığımızla kömək göstərməliyik. Vətənpərvər və təbiətsevər gənclərimizin bu sahədə rolu sevindirici haldır. Lakin cəmiyyətdəki yeri və mövqeyindən asılı olmayaraq, hər kəs bu işlərə düşüncəli yanaşmalıdır. Bu işlərə bizlərin diqqəti, dəstək və köməyi daha məhsuldar nəticələr verə bilər". 
Tədbirdə ASAN Könüllülərdən Fidan Alıyeva və Kamran Məmmədov ekoloji maarifləndirmə işinin təşkili ilə bağlı öz təkliflərini verdilər.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Fuad Hüseynzadə tərəfindən İctimai Şuranın ekoloji təbliğatın aparılması üçün Mətbuat Şurasına müraciəti oxundu. Müraciətdə qeyd olunur ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb: "Binəqədi rayonunda, ümumiyyətlə, ölkədə ekoloji tədbirlər, əsasən tullantıların utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların azaldılması, istehsalat tullantılarının idarə olunması, yaşıllaşdırma işləri, ekoloji təbliğat və maarifləndirmə istiqamətində davamalı işlər görülməlidir. Bu kimi bir çox işlər bütün əhalinin diqqətində olmalı və daha çox önləyici tədbirlər görülməlidir. Xüsusən gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə müxtəlif KİV layihələri həyata keçirilməli, mediada mütəmadi olaraq bu mövzuda yazılar verilməldir. Məhz bu zərurəti nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Mətbuat Şurasına müraciət edərək KİV-də ekoloji təbliğatın aparılması üçün birgə əməkdaşlığı təklif edir". 
Müraciət qəbul olunduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva rəhbərlik adından İctimai Şuranın bu təşəbbüsünü alqışladığını dedi: "Bir vətəndaş kimi bizlərin üzərinə düşən əsas vəzifə bu yaradılan yaşıllıqların qorunması, yaşadığımız ərazinin təmiz saxlanılmasına dəstək olmaqdır. Bütün bunlar isə vətəndaşların təkcə yaşadığı evə yox, həm də hər bir küçəyə, parka doğma evi kimi baxması nəticəsində effekt verə bilər. Bilirsiniz ki, I Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda "Təmiz Binəqədi" layihəsinə start verildi. Əvvəlcə, təmizlik ayı kimi nəzərdə tutulmuş bu işlər sonradan böyük bir kampaniyaya çevrildi. Bu layihə insanların böyük marağına səbəb oldu. Bütün bunlar həm insanları bir-birinə doğmalaşdırdı, həm də müxtəlif xidmət strukturlarının birgə işləməsinə bir daha təkan oldu".
Sonda Aygün Əliyeva İctimai Şura üzvlərinə üzvlüyü təsdiq edən vəsiqələri təqdim etdi. Aygün Əliyeva bildirdi ki, bu vəsiqələr İctimai Şura üzvlərinin rayonda qazandıqları nüfuzun hədiyyəsidir. 

Sizin Reklam Yeriniz