Əlaqə Arxiv
news Image
2015.08.07
08:04
| A A A
Araz çayında ermənilərin genişlənən ekoloji terroru
Mətanət Avazova: “Bu işlərin qarşısının alınması üçün yeni idarəetmə planları işlənilir”

Ermənistan suyumuz bulandırmaqda davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə həyata keçirdiyi monitorinqlərin nəticələri belə deməyə əsas verir. Belə ki, nazirlik tərəfinfən aparılan son monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Problemlə bağlı "Mövqe"yə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit Üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirdi ki, bizim su ehtiyatlarımızın 70%-i tranzit çaylarının hesabına formalaşır: "Onun da əsas hissəsi məhz Kür və Araz çaylarının payına düşür. Kür və Araz çayları isə ölkəyə daxil olanda çirkli vəziyyətdə olurlar. Araz çayı Kür çayının ən böyük qolundan biri kimi çirkli vəziyyətdə Ermənistandan daxil olur. Ermənistanda çayların ekoloji vəziyyəti yaxşı olmur. Çünki, Ermənistanda iqtisadi durum o səviyyədə deyil ki, çayların təmizlənməsi üçün hansısa tədbir görsünlər, təmizləmə işləri aparsınlar. Ərazilərin çirkab suları səth sularına axıdılır. Bunların da hamısı gəlib Araz çayına tökülür".

Direktor müavini bildirdi ki, Azərbayan 2000-ci ildən "Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi" Konvensiyasına qoşulub: "Onun tələblərinə uyğun olaraq, Araz çayının tərkibin öyrənmək üçün regional laboratoriyalar yaratmışıq. Həmin laboratoriyalar vasitəsi ilə hər 10 gündən bir su nümunələri götürülüb, analiz edilir. Digər tərəfdən, biz həmin konvensiyanın üzvü olduğumuza görə, beynəlxalq hesabatlarda iştirak edirik. Bu konvensiya tələblərinə əsasən artıq iki dəfə dənizlərin hövzəsindən asılı olaraq, səth sularının qiymətləndirmə işlərini aparmışıq. Xəzər dənizinə daxil olan Kür və Araz çaylarının da qiymətləndirmə işləri aparılıb. Bu, beynəlxalq səviyyədə hazırlanmış hesabatdır. Hər iki çayın digər ölkələr tərəfindən çirklənərək Azərbaycana daxil olduğu sənəddə öz əksini tapır. Ancaq çox təəssüflər olsunki, nə Gürcüstan, nə də Ermənistan həmin konvensiyaya qoşulmayıb. Hələlik heç qoşulmaq fikrində də deyillər. Çünki, hər bir konvensiyanın özünün tələbləri var. Konvensiyaya qoşulduqda mütləq həmin tələblərə əməl etmək lazımdır. Ona görə də hələlik boyun qaçırırlar. Amma biz beynəlxalq görüşlərimizdə bu barədə məlumatlar yayımlayırıq. Həmin hesabatlar isə dünyaya çıxışdır. Yəni, o məsələ ilə bağlı olan ölkələr məlumatlıdırlar. Həmçinin, bu gün beynəlxalq konvensiyalara qoşulmadıqları üçün biz onlara təzyiqlər göstərə bilmirik. Ancaq bu reallığı başa düşərək, öz əhalimizin ekoloji təhlükəsizliyinin təmin edilməsi baxımından Kür-Araz çayı boyunca məskunlaşmış əhalinin təmiz, içməli su ilə təmin olunması üçün modul tipli təmizləyici qurğular quraşdırmışıq. Bu layihə 2006-cı ildən start götürüb. Artıq Kür-Araz çayının ətrafında məskunlaşan 800 minə yaxın kənd əhalisi hər gün dünya standartlarına uyğun 40 lirt təmiz su ilə təmin olunur".

Mətanət Avazova əlavə etdi ki, bizim hazırladığımız hesabatlar Avropa Birliyində diqqətlə oxunur: "Avropa Birliyinin Ətraf Mühit Agentliyi var ki, informasiya yayıcısıdır. Məlumatlara uyğun olaraq bu gün Avropa Birliyi bizim regionda bəzi beynəlxlq layihələr həyata keçirir. Bu işlərin qarşısının alınması üçün yeni idarəetmə planları işlənilir. Bu istiqamətdə hər üç ölkəyə həm kadr potensialının artırılması, həm də hansısa işlərin təmin olunması üçün yardım göstərirlər. Amma bu gün bizim digər ölkəyə təzyiq göstərmək üçün alətəmizi yoxdur. Gürcüstanla çox anlaşıqlı hərəkət edə bilirik. Çünki, Gürcüstanla Azərbaycanın dövlət səviyyəsində müqavilələri, sazişləri var. Gürcüstan bu problemi həll etmək istəyir. Sadəcə, iqtisadi durumları ona imkan vermir. Ermənistanla isə heç bir əlaqəmiz olmadığı üçün təzyiq göstərə və ya bir işə görə bilmirik".

Sizin Reklam Yeriniz