Onlar yol verilən sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar
"Onlar yol verilən sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar"
"Son vaxtlar mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəbləri diqqətlə araşdırılır. Bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir". Movqe.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Dövlət sanitariya xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir. Qəbul olunmuş qidaların içərisində zəhərlənməyə səbəb olması ehtimal olunan qida müəyyənləşdirilir, qida qalıqlarından və xəstələrin mədə yuyuntusundan nümunələr götürülür və laboratoriya müayinələri aparılır.
"Vətəndaşların ev şəraitində hazırladığı qidaya dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmayıb.
Ümumiyyətlə qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir. Belə hallar əsasən ilin isti aylarında müvafiq şərait olmadan qidanın lazımi temperaturda saxlanılmadan qəbulu hallarında baş verməsi əvvəllər qeydə alınmışdır.
Qida zəhərlənməsi baş verən ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlıq subyektlərinin sahibkarları və fiziki şəxslər Azərbaycan qanunvericiliyinə uyğun olaraq yol verilən sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Zəhərlənmə hallarının qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir. İctimai iaşə obyektlərində sanitariya norma və qaydalarının tələblərinə əməl olunmalı, iaşə sahəsində çalışan işçilərin sanitariya-gigiyena qaydalarının tələbləri üzrə bilikləri artırılmalıdır", - məlumatda bildirilib.