Əlaqə Arxiv
news Image
2015.08.10
16:45
| A A A
Baş endokrinoloqdan şəkər xəstələrinin sayının artması ilə bağlı həyəcanlı-AÇIQLAMA
Rafiq Məmmədhəsənov: " Bu xəstəlikdən qorunmağın yolu daim hərəkətdə olmaqdır" Yeganə Sultanova: "Maddələr mübadiləsinin pozulması, piylənmə şəkər xəstəliyinə səbəb olan amillərdir"

2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan şəkərli diabet xəstələrin sayı cəmi 25152 nəfərdir. Onlardan 21381 nəfəri insulindən asılı olmayan xəstələrdir. İnsulindən asılı olanların sayı isə 3576 nəfərdir. Bu  barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti" adlı rəsmi statistik məcmuəsində məlumat verilib. Statistik rəqəmlər ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2000-ci ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan diabet xəstələrin sayı 5792 nəfər olub.  Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin sayı 194520 olub. 2000-ci ildə isə bu rəqəm 42448 nəfər təşkil edib.  

Movqe.az son illər bütün dünyada olduğu kimi Azərbaycanda da şəkər xəstələrinin sayının artmasının səbəblərini araşdırıb. Movqe.az-a bu barədə müsahibə verən  ölkənin baş endokrinoloqu, millət vəkili Rafiq Məmmədhəsənov Azərbaycanda son illər şəkər xəstələrinin sayının artmasında bu xəstəliyin aşkarlanmasının rol oynadığını söyləyib: "İndi əksər xəstəliklərin müayinə və müalicəsində şəkər xəstəliyinə görə, analiz tələb olunur. Bu çox yaxşı haldır. Bəzən başqa bir xəstəliyə görə müayinə üçün müraciət edən xəstə öyrənir ki, həm də şəkər xəstəsidir. Bu fakt da yeni qeydiyyata alınan şəkər xəstələrinin sayının artmasına öz təsirini göstərir".  

R. Məmmədhəsənov son illər bütün dünyada şəkər xəstələrinin sayının artdığını dilə gətirib. Baş endokirinoloq bunun əsas səbəbinin piylənmə ilə bağlı olduğunu söyləyib: "Müasir dünyada insanlar tədricən hər şeyi hərəkət etmədən idarə edirlər. Əvvəllər ayağa durub televizorun kanalını dəyişirdiksə, indi insanlar yerindən qalxmadan, çox şeyi pultla idarə edir. Bu da insanlar arasında piylənmədən əziyyət çəkənlərin sayını artırır".

R. Məmmədhəsənov piylənmənin şəkər xəstəliyinin yaranmasında mühim rol oynadığını söyləyir. Onun sözlərinə görə, bu xəstəlik məhz piylənmədən əziyyət çəkən, artıq çəki sahiblərində daha çox aşkarlanır.  

Baş endokrinoloqun sözlərinə görə, bu xəstəlikdən qorunmağın yolu daim hərəkətdə olmaqdır. R. Məmmədhəsənov son illər şəkərli diabet xəstələrinin sayının artmasında insanların şirniyatlara üstünlük verməsinin, qidalanmaya düzgün əməl etməməsinin də təsir göstərdiyini bildirir.

R. Məmmədhəsənovun sözlərinə görə, şəkər xəstəliyində irsiyyətin də təsiri var: "Ona görə də, yaxınlarında şəkər xəstəsi olanlar mütləq stresdən, piylənmədən özlərini qorumalıdırlar".

Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanova isə ölkəmizdə şəkər xəstələrinin sayının artmasında aşkarlanmanın danılmaz rolu olduğunu söyləyir. Onun sözlərinə görə, bütün dünyada 50 faiz pasiyent şəkər xəstəsi olduğundan xəbərsizdir: "Biz bir müddət öncə  dövlət qurumunda çalışanları layihə çərçivəsində şəkərə görə müayinə etmişdik.  Səhər tezdən etdiyimiz müayinə zamanı 1000 nəfərdən 200-də şəkər aşkarlandı.  Həmin 200 nəfər şəkər xəstəsi olduğunu ilk dəfə idi ki, öyrənirdi. Belə hallar çox olur. Əsas odur ki, əvvəlki illərlə müqayisədə son dövrlər bu xəstəlikdən müalicə olunanların sayı artıb. Ölkədə  müayinə zamanı diabet aşkarlanan xəstələr dərhal qeydiyyata götürülür, onlara şəkəri nəzarətdə saxlamaq üçün qlükometrlər paylanır".

Y. Sultanova da piylənmənin şəkər xəstəliyi üçün əlverişli mühit olduğunu söyləyir. Y. Sultanovanın sözlərinə görə, maddələr mübadiləsinin pozulması, piylənmə şəkər xəstəliyinə səbəb olan amillərdir. Onun sözlərinə görə, bu adı şirin olsa da, özü acı olan xəstəlikdən qorunmaq üçün ilk şərtlərdən biri , səhər yeməyinə diqqət yetirməkdir "Səhər yeməyində imkan daxilində meyvə tərəvəzdən istifadə etmək, yağlı və yüksək kalorili yeməklərdən çəkinmək lazımdır. Piylənmədən uzaq olmaq bu xəstəlikdən qorunmağın ən effektli yolu hesab olunur".

Y. Sultanova elmi izzahını tapmasa da, bəzi qidaların şəkər xəstəliyinə yol açması ilə bağlı iddiaların olduğunu söyləyir: "Bəzən ana südü əvəzinə körpələrə inək südü verirlər. Məlumatlara görə, inək südü də şəkər xəstəliyinə yol aça bilər. Odur ki, qidalanmaya diqqət etmək vacibdir". 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz