Əlaqə Arxiv
news Image
2015.08.11
10:50
| A A A
Vətəndaş sağlamlığına qənim kəsilən mağazalar
Eyyub Hüseynov: “Aparılan mübarizəyə baxmayaraq, satış məntəqələrində vaxtı keçmiş məhsulların satışının davam etməsi bir sıra səbəblərlə bağlıdır” Rəşad Həsənov: “Vitrində yararlılıq müddəti keçmiş məhsulların olması bir çox hallarda satış mərkəzi əməkdaşlarının səhlənkarlığından doğan məsələdir”

İqtisadiyyat və Sənaye Nazirliyi yanında İstehlakçıların Hüquqlarını Müdafiə Xidməti bu günlərdə Bakı şəhəri də daxil olmaqla ölkənin bir neçə rayonundakı bəzi  ticarət məntəqələrində reydlər aparıb. Bu reydlər zamanı da çoxsaylı vaxtı keçmiş məhsul satışdan çıxarılaraq akt əsasında məhv edilib. 

Onu da qeyd edək ki, mağazalarda vaxtı keçmiş məhsulların olması halları özünü yay aylarında da büruzə verdiyindən məsələ xüsusi aktuallıq doğurur. Çünki xarab məhsullar isti aylarda insanlar üçün daha çox təhdid yaradır. Bununla belə, görünn odur ki, satış məntəqələri aparılan mübarizəyə rəğmən, hələ də qanun pozuntularına yol verirlər.  

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, satış məntəqələrində vaxtı keçmiş malların satılması məsələsinin mövcudluğu istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksinin zəif olmasından qaynaqlanır: "Aparılan mübarizəyə baxmayaraq, satış məntəqələrində vaxtı keçmiş məhsulların satışının davam etməsi bir sıra səbəblərlə bağlıdır. Ümumiyyətlə, vəziyyətin belə olmasında əsas və minimal səbəblər var.  Əsas səbəb odur ki, ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi zəifdir. Yararlıq vaxtı keçmiş ərzaq məhsulları dükandan çıxarıldıqdan sonra, bu işi görən səhiyyə, baytarlıq orqanları, Kənd Təsərrüfatı və İqtisadiyyat aə Sənaye  nazirlikləri həmin malları satıcının özünə təhvil verir ki, onu məhv etsin və bundan sonra da akt gətirsin, həm də satıcını cərimələyirlər. Cəriməyə məruz qalan satıcı satmadığı bu məhsula görə hətta əlavə olaraq vergi də ödəyir. Deməli, dükan sahibi həm cəriməyə məruz qalır, həm satmadığı mala görə vergi verir, həm də xarab məhsul yandırılarkən onun xərci də mağazadan çıxılır, buna görə arayış da verməli olur. Burada bütün zərər satıcının üzərinə düşür. O da öz nəvbəsində bu zərəri ödəmək üçün alıcıdan yapışır. Əslində, bir müəssisə yaradılmalı, müvafiq dövlət orqanları vaxtı keçmiş məhsulları toplayaraq, həmin müəssisədə ictimaiyyəti gözü qarşısında onu məhv etməlidir. Məlumata görə, Xırdalan dairəsi yaxınlığında böyük bir ərazi icarəyə götürülüb. Burada gecələr böyük bir firma malların üzərinə yararlılıq müddətini göstərən etiketi yapışdırıb, onu yenidən satışa çıxarır. Ona görə də bu istiqamətdə qanunvericilikdə dəyişiklik olmalıdır. Yararlıq vaxtı keçən mal üçün mağaza sahibi vergi verməməlidir. Belə olduğuna görədir ki, satıcı vaxtı keçmiş məhsulu məhv etməkdə deyil, nə yolla olur-olsun, onu satmaqda maraqlıdır. 

Başqa bir tərəfdən, istehlakçı hüquqlarını qoruyan ictimai təşkilatların, o cümlədən "Azad İstehlakçılar" Birliyinin zəif işləməsi, istehlakçıları maarifləndirmə sahəsində ciddi işlərin aparılmaması, təhlükəli mallarla rastlaşdıqda öz səslərini qaldırmamaları da vaxtı keçmiş məhsullar məsələsinin hələ də ölkəmizdə problem olaraq qalmasına öz təsirini göstərir. Həmçinin, bu hüquqları qoruyan ictimai təşkilatların az olması da problemə qarşı operativ mübarizə aparmağa imkan vermir. Xaricdə yararlıq müddəti keçən malları alan mağazalar şəbəkəsi var ki, onlar həmin məhsulu ucuz qiymətə alıb satır, ya da belə mallar ancaq heyvanxanalara verilir. Azərbaycanda da belə dükanlar şəbəkəsi yaradılmalıdır". 

İqtisadçı ekspert Rəşad Həsənov isə mağazalarda vaxtı keçmiş məhsulların satılmaqda davam etməsini, burada çalışan şəxslərin səhlənkarlığından doğan məsələ kimi əlaqələndirdi: "Son illər aparılan mübarizə nəticəsində həqiqətən də istehlakçılara təqdim olunan məhsulların saxlanma şəraiti və saxlama müddəti ilə baclı mövcud problemlər nisbətən azalıb. Yəni, bu istiqamətdə müəyyən qədər irəliləyiş də var. Xüsusən də, supermarketlər şəbəkəsinin formalaşması, daha kiçik pərakəndə satış məntəqələrinin tədricən fəaliyyət sferasından kənarlaşması nəticəsində bu sahədə nisbətən müsbətə doğru dəyişiklik dinamikası hiss olunur. Amma vaxtı keçmiş mallara qarşı aparılan reydlər göstərir ki, bəhs edilən problem hələ də aktuallığını tam olaraq itirməyib. Bu problemi kökündən həll etmək çətin məsələdir. Hazırkı situasiyada onun kökündən həlli mümkünsüz görünə bilər.  Vitrində yararlılıq müddəti keçmiş  məhsulların olması bir çox hallarda satış mərkəzi əməkdaşlarının səhlənkarlığından doğan məsələdir. Digər tərəfdən, pərakəndə satış mərkəzləri ilə distrübüter şirkətləri arasında problemin həlli ilə bağlı məsələnin operativliyinin zəif olmasından irəli gəlir. Keçirilən reydlər sahibkarların bu istiqamətdə daha diqqətli olmasına kömək edir. Amma belə hallara qarşı cərimə məbləğinin artırılması təklifi real deyil. Çünki, hazırda onsuz da bu sahədə kifayət qədər yüksək cərimələr tətbiq edilir. Daha böyük həcmli cərimələrin tətbiqi sahibkarla xidmət əməkdaşları arasında qeyri-leqal münasibətlərin formalaşmasına, göz yumma hallarının çoxalmasına gətirib çıxarar. Belədə də gözlənildiyinin əksinə olaraq, mənfi nəticələr əldə olunar. Ona görə düşünürəm ki, problemə qarşı ciddi mübarizə aparmaq üçün sadəcə olaraq, reydlərin sayını artırmaq gərəkdir.  Burada istehlakçıların diqqətli, tələbkar olmaları da vacib məsələdir. İctimai qınaq və rəqabət şərtlərinin zaman-zaman dərinləşməsi gələckdə bu kimi problemlərin daha da azalmasına gətirib çıxaracaq".



Sizin Reklam Yeriniz