Əlaqə Arxiv
news Image
2015.08.12
07:00
| A A A
Azərbaycana gələn əcnəbi turistlərin sayı artacaq
Müalicəvi bulaq suları və digər təbii müalicə mərkəzlərinə xaricilər də böyük maraq göstərir

Müasir dünyada turizmin dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də mineral bulaqlardan, təbii müalicəvi mərkəzlərdən səmərəli istifadə olunması, onların dünyada tanınmasıdır. Qeyd olunan xüsusda Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür və bu istiqamətdə görülən işlər ölkəyə xaricdən getdikcə daha çox turist cəlb edir. Məsələn, Naxçıvanda "Duzdağ" mağarasının şöhrəti ölkə sərhədlərindən kənarda da geniş yayılıb.

Hələ yüz illər öncə ətraf bölgələrdən və uzaq diyarlardan gələn insanlar Masallıda yer altından çıxan qaynar sulardan müalicə məqsədilə istifadə ediblər. Daşkəsən də müalicəvi bulaqları və bitkiləri ilə məşhurdur. Naftalan nefti isə artıq çoxsaylı əcnəbi tursitləri özünə cəlb edir. Yeri gəlmişkən qeyd edək ki, Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır. Plana əsasən turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır.

Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması və dünya bazarında satışı nəzərdə tutulub. Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli hava limanının tikintisi üçün 89 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-otel kompleksinin tikintisi işləri aparılır.

Bundan əlavə ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühitin yaradılmasının məntiqi nəticəsi olaraq, Azərbaycanın dilbər guşələrindən biri sayılan Şabran rayonunda "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

"Qalaaltı" kompleksində yerləşən tibbi mərkəz də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstəriləcək. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var. "Qalaaltı Hotel & SPA" kompleksinin mühüm özəlliklərindən biri də burada müalicəvi xidmətlərin təklif edilməsidir. Kompleksdə qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur müalicəvi təbii sular əsasında müayinə məqsədli tibbi xidmətlər təqdim olunur. Kəndin ərazisindən çıxan təbii müalicə əhəmiyyətli "Naftsu"nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur təbii müalicə əhəmiyyətli sulardan sayılan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə müəyyən edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında lazımi qədər və zəruri temperaturda su əldə edə bilərlər. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq edilir.

Sizin Reklam Yeriniz