Respublika Prokurorluğunun mətbuat xidmətindən Movqe.az-a verilən məlumatda bildirilir ki, Hesablama Palatasının 2015-ci ilin iş planına müvafiq olaraq 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla həmin faktlar öz təsdiqini tapmış və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
İlkin araşdırmalarla Arif Məmmədovun Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkar edilib.
Belə ki, A.Məmmədov şəxsi istifadə üçün avtomobil almaq məqsədi ilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27.5%-lik güzəştdən qulluq səlahiyyətlərindən sui-istifadə edərək 11 fevral 2011-ci il tarixdə daimi nümayəndəliyin bank hesabına 43.0 min avro pul köçürüb və sonradan həmin vəsaiti BMW Strasburq şirkətinə ödəyib. Əldə etdiyi "BMW X5" markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8.0 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.
A.Məmmədov tərəfindən Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib.
A.Məmmədov həmçinin, nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən "Novruz" şənliyinin "Türksoy" Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11.600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib. Tədbirin "Türksoy" təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi barədə həmin təşkilatın rəhbəri tərəfindən istintaqa müvafiq təsdiqedici sənədlər təqdim olunub.
İstintaqla həmçinin müəyyən edilib ki, A.Məmmədov qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməklə mövcud olmayan xərclər üzrə pul vəsaitlərini mənimsəyib. Belə ki, 4 oktyabr 2007-ci il və 19 sentyabr 2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19.900 avro məbləğində xərclər Milli Məclisin İşlər İdarəsi tərəfindən müvafiq qaydada ödənildiyi halda, A.Məmmədov həmin pul vəsaitini təşkil edilmiş tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib. Milli Məclisin İşlər İdarəsi tərəfindən həmin səfərlər zamanı vəsaitlərin ödənilməsi barədə istintaqa müvafiq təsdiqedici sənədlər təqdim edilib.
A.Məmmədov vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18.500 avro məbləğində əmək haqqını əvvəlcədən alıb və yenidən həmin ilin oktyabr ayı üzrə 3.700 avro məbləğində vəsaiti təkrarən əmək haqqı şəklində alaraq mənimsəyib.
Bundan başqa o, yaşadığı evdə işlətdiyi elektrik enerjisinə görə ödənişləri mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq öz vəsaiti hesabına həyata keçirməli olduğu halda, büdcə vəsaitlərini təyinatdan kənar istifadə edərək 2007-2012-ci illərdə həmin məqsədlə 6.500 avronu dövlət vəsaiti hesabına ödəyib.
A.Məmmədov həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25.300 avro təşkil edən 2 ədəd avtomobili Dövlət Əmlak Komitəsinin razılığını almadan qanunsuz olaraq 7.100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
A.Məmmədov mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməyib, eləcə də həmin dövrdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib.
Aparılmış istintaqla A.Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdrda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün "İnterpol"un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.