Əlaqə Arxiv
news Image
2015.08.14
18:05
| A A A
Estetik cərrahların sosial şəbəkədəki reklam oyunu-ARAŞDIRMA
Adil Qeybulla: "Bəzən rinoplastikaya cəlb olunan pasiyentlərin əvvəlki şəkilləri ilə elə fotolarını müqayisə edirlər ki, o şəkillərdə pasiyentin burundan başqa sifətində digər əməliyyatlar da keçirdiyi açıq-aşkar hiss olu Müzəffər Baxışov: "Reklama aldanaraq pasiyent edilən əməliyyatdan narazı qalarsa, həmin cərraha qarşı pasiyentin maddi və mənəvi təzminat tələb etmək hüququ var"

"Əməliyyatdan sonra xanım belə gözəlləşdi", "Təbii və gözəl burnundan məmnun qalan xanım həkimi ziyarətə gəldi", "Sizdə belə gözəl buruna və görünüşə sahib olmaq istəyirsinizsə qərar verin" və sair bu kimi cəlbedici elanlara demək olar ki, sosial şəbəkələrdə artıq hər an rast gəlirik.

Son vaxtlar rinoplastika ilə məşğul olan estetik cərrahlar sosial şəbəkələrdə yaratdıqları səhifələrində pasiyentlərinin əməliyyatdan öncə və sonra çəkilən şəkilləri ilə sözün əsl mənasında müştəriləri özünə cəlb edir.  Etdikləri burun və digər əməliyyatlar ilə pasiyentlərin öz estetik görünüşlərindən məmnun qaldıqlarını geninə-boluna reklam edən estetik cərrahların müştəri az olmur. Lakin bəzən bu məsələdə mübahisələr də yaranır. Bu günlərdə lor cərrah Pərviz Aslanovun sosial şəbəkədəki hesabında yayımlanan foto geniş müzakirəyə səbəb olmuşdu. Həkimin facebook sosial şəbəkəsindəki səhifəsinin admini şəklini paylaşdığı bir xanımın əməliyyatdan sonra gözəlləşibmiş kimi təqdim etsə də, şəkildə xanımın sifətində bir neçə estetik əməliyyatın aparıldığının açıq-aşkar hiss olunması mübahisəyə səbəb olmuşdu. Son vaxtlar bu cür hallara demək olar ki, tez-tez rast gəlinir.

Movqe.az bu məsələni araşdırıb.

Professor Adil Qeybulla son vaxtlar bu yolla xeyli sayda pasiyentin aldadılaraq rinoplastika əməliyyatı etdirdiyini, şəkildə görünən effekti əldə edə bilmədiyi halda isə təkrar başqa əməliyyatlara müraciət etdiyini təsdiqləyir. A. Qeybulla deyir ki, ümumiyyətlə, rinoplastika əməliyyatı insanın simasında ciddi dəyişikliyə səbəb olur: "Bu əməliyyatdan sonra üst dodaq bir qədər qalxır, sifətdə əvvəlki ilə müqayisədə ciddi dəyişiklik baş verir.  Amma bəzən rinoplastikaya cəlb olunan pasiyentlərin əvvəlki şəkilləri ilə elə fotolarını müqayisə edirlər ki, o şəkillərdə pasiyentin burundan başqa sifətində digər əməliyyatlar da keçirdiyi açıq-aşkar hiss olunur. Bu cür müqayisə yolverilməzdir və bu insanların aldadılması məqsədilə lor cərrahların, onların menecerlərinin etdiyi manevrlərdir. Müqayisə düzgün aparılmalıdır. Şəkilə baxanlar rinoplastikadan sonra fərqin necə olduğunu açıq-aydın görməlidirlər. Əgər rinoplastika əməliyyatından əvvəlki şəkil ilə pasiyentin sifətində qaşının, yanağının, dodağının ölçüsünə dəyişiklik baş verdikdən sonrakı şəkli müqayisəli şəkildə paylaşılırsa bu düzgün deyil. Təbii ki, bu zaman həmin xanım əhəmiyyətli dərəcədə dəyişə və gözəlləşə bilər. Xanımın bu gözəlliyə sahib olmasında təkcə rinoplastikanın rolu olmuş kimi təqdimat digər insanları aldada bilər. Və bu şəkildən sonra belə dəyişmək istəyənlər lor cərraha müraciət edib həmin nəticəni almadıqda, pasiyent ilə həkim arasında münaqişə yarana bilər. Odur ki, lor cərrrahların sosial şəbəkələrdəki səhifələrində reklam xarakteri ilə paylaşılan şəkillər düzgün seçilməli, pasiyentin əməliyyatdan əvvəlki və sonrakı, müştərək başqa əməliyyata cəlb olunmamış şəkli paylaşılmalıdır ki, digər insanlar aldadılmasın. Bu cür təqdimat onları rinoplastika əməliyyatına meyilləndirə bilər".

  1. Qeybulla ümumiyyətlə bu sahəyə ciddi nəzarətin aparılmasının vacib olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, bu sahədə xeyli sayda dələduzlar var ki, insanları aldadaraq onlara gözəl görünüş vəd edərək sonda xəstəxanaların qapısında qoyur: "Hazırda bu sahədə çalışan, geninə-boluna reklam edilən elə estetik rinoplastik "cərrahlar" var ki, normal təhsil almadıqlarından, anatomiyanı belə bilmirlər: "Azərbaycan Beynəlxalq Universitetində düz-əməlli tibb təhsili almayanlar klinika açaraq rinoplastika ilə, estetik cərrahiyyə ilə məşğul olurlar. Belələri əllərinə düşən pasiyentləri nəinki gözəlləşdirir, estetik baxımdan daha pis görkəmə salırlar. Ona görə də, düşünürəm ki, bu sahəyə ciddi nəzarət olmalıdır. Estetik, rinoplastik cərrahların təhsili, peşəkarlığı yoxlanılmalı, ondan sonra onlara klinika açaraq bu sahədə xidmət göstərməyə icazə verilməlidir. Çünki, bu gün Azərbaycanda estetik, rinoplastik lor cərrahların masası üzərində həyatını itirən, sağlamlığına ciddi ziyan dəyən kifayət qədər insan var".
  1. Qeybullanın sözlərinə görə, bəzən həkimlər ehtiyac olmadığı halda, pasiyentin istəyi ilə  rinoplastik, estetik əməliyyatlar edirlər: "Xarici ökələrdə  bu cür əməliyyatlardan öncə pasiyentlər psixoloqların qəbulunda olurlar. Bəzi insanlar elə hesab edir ki, onda anatomik qüsur var və əməliyyat olunmalıdır. Belə pasiyentlərdə psixoloq söhbət aparır. Burada psixoloji amillərin olduğu və anotomik qüsurun olmadığı ortaya çıxırsa belə xəstələr gərəksiz yerə əməliyyata cəlb olunmur. Bizdə isə bu cür əməliyyatlarda nə tibbi göstəriş nəzərə alınır, nə dəki yaş senzi".

 Lor cərrah Vüqar Fərhadov da həkimlərin özünə aldadıcı reklam yolu ilə müştəri yığmasının  düzgün olmadığı fikrindədir. V. Fərhadov deyir ki, əməliyyatdan əvvəl olduğu kimi, sonra da pasiyentin şəkli makiyajsız çəkilməlidir ki, fərq hiss olunsun: "Əgər həkim görürsə əməliyyat etdiyi pasiyent müştərək digər əməliyyatlar keçirərək ciddi şəkildə dəyişib, bu halda həmin fotonu öz etdiyi əməliyyatdan öncəki şəkillə müqayisə edə bilməz. Əks halda hər kəs bunun rinoplastika əməliyyatından sonra əldə edilmiş nəticə hesab edəcək. Bu cür dəyişikliyə nail olmaq üçün həmin həkimə müraciət edənlər həmin nəticəni əldə etmədikdə təbii ki, narazılıq yaranacaq. Ona görə də, həmin şəkilləri müştəri cəlb etmək məqsədilə yayımladıqda da diqqətli olmaq lazımdır".

Lor cərrah Pərviz Aslanovun səhifəsini idarə edən, P. Aslanovun meneceri kimi özünü təqdim edən xanım isə məsələ ilə bağlı qeyd edir: "Biz əməliyyatdan öncə həmin xanımın makiyajsız şəklini çəkmişdik. Əməliyyatdan sonrakı şəkilləri bizdə yox idi. Özü göndərdi ki, bu şəkillərimi paylaşın, biz də paylaşdıq. Bizə onun burnunun görkəmi maraqlıdır, sifətindəki digər dəyişikliklər yox".

Daha sonra redaksiyamızla əlaqə saxlayan P. Aslanov da səhifələrində paylaşdıqları şəkillərin reklam məqsədilə edildiyini təsdiqləsə də, insanları aldatmadıqlarını bildirdi: "Bizim məqsədimiz öz işimizi göstərmək, insanları rinoplastika əməliyyatına müraciət edərkən düzgün seçim etməyə səsləməkdir. Biz paylaşdığımız şəkillərdə əsasən öz əməliyyat etdiyimiz burun nayihəsinin effektiki göstərməyə çalışırıq. Həmin insanların daha sonra hansı əzalarında əməliyyat keçirməsi bizə maraqlı deyil". 

 Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirdilər ki, istənilən xidmətin, məhsulun reklamı həqiqətəuyğun olmalı,  istehlakçını çaşdırmamalıdır: "Reklam zamanı aldatma məqsədinin olması qanunvericiliklə qadağandır. Qeyri-dəqiq reklamların yayımına icazə verilmir. Reklam həqiqətəuyğun olmalıdır. Lor cərrahların sosial şəbəkələrdə reklam məqsədilə yaydıqları şəkillərə gəlincə, o şəkillərdə istehlakçının aldadılması, qeyri-dəqiqlik aşkarlanarsa, reklamı yayan qanunla məsuliyyət daşıyır. Amma bunun üçün pasiyentin aldandığını iddia etdiyi reklam çarxında və fotosunda mütləq reklamın çaşdırıcı olduğu, həqiqətəuyğun olmadığı öz təsdiqini tapmalıdır". 

 Hüquqşunas Müzəffər Baxışov isə deyir ki, belə hallarda reklamın çaşdırıcı, qeyri-dəqiq olduğu üzə çıxarsa, eyni zamanda bu reklama aldanaraq pasiyent edilən əməliyyatdan narazı qalarsa, həmin cərraha qarşı pasiyentin maddi və mənəvi təzminat tələb etmək hüququ var: "İstənilən lor cərrahın etdiyi rinoplastika əməliyyatının fotosunu pasiyentdən icazə alaraq paylaşmağa ixtiyarı var. Amma reklam məqsədilə görülən bu iş, digər insanları aldatmağa yönələ bilməz. Əgər əməliyyatdan əvvəlki şəkil ilə müqayisəli paylaşılan şəkildə pasiyent rinoplastikadan başqa əməliyyatlar keçirərək daha da gözəlləşib və yaxud dəyişibsə, bu gözəllik təkcə rinoplastika əməliyyatını həyata keçirən cərrahın uğuru kimi təqdim edilərək başqaları aldadıla bilməz. Belə halda həkimin pasiyenti aldadaraq əməliyyata cəlb etdiyi öz təsdiqini taparsa, həkim barədə Cinayət Məcəlləsinin 178 maddəsi ilə cinayət işi açıla bilər.   178.1 maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  178.2  bəndin tələbinə görə, eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

 

Sizin Reklam Yeriniz