Əlaqə Arxiv
news Image
2015.08.18
07:00
| A A A
Rusiya avtomobilləri Azərbaycan bazarında Qərb maşınlarını sıxışdırır
Azər Allahverənov: “Qiymət baxımından yerli istehlakçılar üçün şimal qonşumuzda istehsal edilən maşınlar daha sərfəlidir” Seymur Yunusov: “Rusiya istehsalı olan avtomobillərin həm təchizatı genişlənib, keyfiyyəti artıb, həm də qiyməti ucuzdur”

2015-ci ilin birinci yarısında Şərqi Avropanın ən böyük avtomobil istehsalçılarından biri olan "AvtoVAZ" şirkətinin Azərbaycan və Belarusda satışları artıb, Qazaxıstan və Ukraynada azalıb.

Bu barədə şirkətin hesabatında deyilir. İlk yarımildə Azərbaycanda Lada avtomobillərinin satışı 30% artaraq 1715 minə çatıb. Azərbaycanda "Lada 4x4" və "Lada Priora" avtomobillərinə tələbat yüksəkdir. Avropa, Yaponiya və Cənubi Koreya istehsalı olan maşınların satışında isə azalma var.

Ekspert Azər Allahverənovun fikrincə, Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin satışında baş verən artımlar qiymət amili ilə bağlıdır: "Belə ki, Rusiya istehsalı olan avtomobillər digərlərinə nisbətən daha aşağı qiymətə satılır ki, bu da daha çox insanın ondan yararlanmasına imkan verir. Qərb, Yaponiya, Cənubi Koreyadan gətirilən avtomobillərin qiyməti isə Rusiya istehsalı olan maşınların qiymətindən qat-qat bahadır. Düzdür, hələlik, Qərb istehsalı olan avtomobillərin keyfiyyəti yüksək olaraq qalır. Lakin gördüyünüz kimi, qiymət baxımından yerli istehlakçılar üçün şimal qonşumuzda istehsal edilən maşınlar daha sərfəlidir. Ona görə də hazırda Azərbaycan insanı daha çox Rusiyada istehsal edilən avtomobillərə üstünlük verir. Amma Rusiya maşınlarının satış əmsalının artmasında başqa amillər də var. Bildiyiniz kimi, Rusiyada kifayət qədər soydaşımız yaşayır. Bəzi məqamlarda ticari əlaqələr hesabına iki ölkə arasında güzəştli tariflər əsasında nəqliyyat vasitələrinin idxalı da baş verir. Bundan başqa, Rusiyada yaşayan çoxsaylı soydaşımız orada nəqliyyat vasitələrinə də sahibdir. Onlar Azərbaycana gələrkən də həmin nəqliyyat vasitələrini özləri ilə gətirir. Son bir neçə ay ərzində təxminən 60 min azərbaycanlının Rusiyadan Azərbaycana qayıtdığı bildirilir. Şübhəsiz, onlar arasında elələri də var ki, Azərbaycana öz nəqliyyat vasitələrilə gəlib. Bütün bu məqamlar Rusiyadan gətirilən maşınların sayında ümumi artıma səbəb olan hallardır. Amma yenə də burada əsas faktor rolunda qiymətlər oynayır".

Hömsöhbətimiz son 1-2 ildə Rusiya istehsalı olan avtomobillərin keyfiyyət məsələsində də irəliləyişlərin olduğunu diqqətə çatdırdı: "2015-ci il Qərbin ayrı-ayrı şirkətləri ilə müştərək müəssisələrdə istehsal olunan Rusiya maşınları belədə Qərb brendi əsasında istehsal edilir. Nəticə etibarı ilə onlar da keyfiyyəti artırmış olurlar. Amma 10-15 il öncə Rusiya istehsallı maşınların keyfiyyəti digər ölkələrlə müqayisədə xeyli geri qalırdı. Lakin 2014-2015-ci illərdə Rusiyanın maşın sənayesi öz istehsal prosesini elə qurmuşdu ki, onların buraxdığı məhsullar ən azından rəqabət baxımından MDB məkanında davamlıdır. O baxımdan ölkəmizdə Rusiya istehsalı olan avtomobillərin satışının artması da gözlənilən idi. İnsanlar yeni qaydalara əsasən ancaq 2005-2006-cı ildən üzü bəri istehsal tarixi olan avtomobillərə üstünlük verir. Bu prosesdə seçim zamanı da Rusiya istehsalı olan 2014-2015-ci il modellərinə daha çox önəm verməyə başlayıblar".

Digər ekspert Seymur Yunusovun da fikrincə, son zamanlar əhalinin Rusiya istehsalı olan yeni avtomobilləri almağa üstünlük verməsi bu maşınların qiymətinin ucuz olması ilə bağlıdır: "Burada ucuzluq amili başlıca rol oynayıb. Rusiya istehsalı olan avtomobillərin həm təchizatı genişlənib, keyfiyyəti artıb, həm də qiyməti ucuzdur. Rusiya istehsal olan avtomobilin qiyməti burada təxminən 9-11 min manat arasında dəyişir. Bu avtomobillər üçün ehtiyat hissələr də boldur. Rusiya avtomobillərinin anoloqu olan Qərb istehsallı maşınların qiyməti isə 15-17 min manat arasında dəyişir. Bütün bu amillər Rusiya maşınlarının satışının artmasına təsir göstərən bir nömrəli səbəblərdir. Keçən il isə Rusiya maşınlarının satışı əyləc sistemindəki tələblərlə bağlı olaraq həddən artıq düşmüşdü. Bir çox markaların idxalı dayandırılmışdı. Lakin keçən ilin sonlarından başlayaraq həmin avtomobillərin satış tempi artıb. Səhv etmirəmsə, bu artım hələ davam edəcək. Çünki, ilin sonuna doğru Rusiya daha iki model avtomobil təqdim edəcək. Bunlar VAZ-ın "Vesta" və "Lada"nın CİP modeli olacaq. Bundan sonra düşünürəm ki, həmin avtomobillərin Azərbaycanda satışı daha da artacaq".

Sizin Reklam Yeriniz