Əlaqə Arxiv
news Image
2015.08.19
10:30
| A A A
Çayçılıq hələ də tənəzzüldən xilas ola bilmir
Vahid Məhərrəmov: “Bu sahədəki problemlər uzun müddətli olduğundan onun xüsusi dövlət proqramı çərçivəsində həlli vacibdir” Çingiz Fərəcov: “Azərbaycan çayının keyfiyyəti Gürcüstan və Krasnodar çayından qat-qat üstündür”

Azərbaycanda çayçılıq hələ də əvvəlki şöhrət və istehsal gücünü bərpa edə bilmir. İndi Azərbaycan çay məhsulunu əsasən xaricdən idxal edir. Halbuki, daxili sitehsal üçün böyük potensial var.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov çayçılığın ölkəmizdə sıradan çıxmasının səbəbini vaxtilə bu sahəyə münasibətdə lazımı tədbirlərin həyata keçirilməməsilə əlaqələndirdi: "Torpaqlar kənlilərə pay olaraq verilən zaman Azərbaycanın istehsal etdiyi çayın bir o qədər də keyfiyyətli olmadığı və məhsuldarlığın aşağı, maya dəyərinin isə yüksək olmasını əsas gətirməklə onun becərilməsinə tələb də azaldı. Vaxtilə çay istehsalı ilə məşğul olan pay torpağı alan sahibkarlar belə olan halda digər istehsal sahəsi ilə məşğul olmağa başladılar. Hətta sonradan vaxtilə çay əkilən sahələrdə buğda əkini üçün istifadə edildi. Lakin sonradan anladılar ki, çayçılığın geniş yayıldığı regionlarda buğdanın məhsuldarlığı aşağı olur. Belədə fikir yenidən çayçılığın inkişaf etdirilməsinə yönəldildi. Ancaq artıq gec idi. Çünki, ölkəyə ucuz çay idxal olunurdu və onu gətirənlərdə idxalın daha da artırılmasında maraqlı idilər. Belə olan halda ölkədə çay istehsalı ilə məşğul olan sahibkarlar rəqabətə dözə bilmədi. Düzdür, son illər istehsal edilən çay daha keyfiyyətli olması ilə seçilirdi. Amma bununla yanaşı, istehsal səviyyəsi arzu olunan səviyyəyə çatmadı. Burada maliyyə resursuna daha çox ehtiyac yaranıb. Həmçinin, emal müəssisələri də yaradılmalıdır ki, istehsal olunan çay qablaşdırılsın. Yaranan bu problemlər bütövlükdə həmin sahənin inkişafının qarşısını aldı. Sonrakı dövrdə dövlət proqramı, çayçılıqla bağlı qanun qəbul olundu. Bu zaman çayçılığın inkişafına nəzəri cəhətdən yer verildi. Lakin mövcud olan digər problemlər də var idi ki, onlar hələlik öz həllini tapmayıb. Bu sahəyə uzun müddətli kreditlər verilmir. Bir illik bitkilərdən fərqli olaraq çayçılıqda fermerlər məhsul əldə edilməsi üçün bir neçə il gözləməli olur. Bu sahə ancaq 8 ildən sonra bar verməyə başlayır, 10 ildən sonra da normal məhsuldarlıq əldə olunur. Ona görə də fermerlərə minimum 12-13 ilə aşağı faizlərlə kredit verilməlidir. Həm də bu müddət ərzində həmin sahə ilə məşğul olanların sosial durumunun təmini üçün subsidiyalar da verilməli, sosial təminatlarla bağlı müəyyən qərarlar qəbul edilməlidir. Bu sahədəki problemlər uzun müddətli olduğundan onun xüsusi dövlət proqramı çərçivəsində həlli vacibdir. Torpaqların münbitliyinin qorunması, mineral, üzvü gübrələrin verilməsi sahəsində də problemlər var. Əldə olunan gübrənin dəyəri yüksəkdir. Bu fonda istehsal olunan məhsulun az olması imkan vermir ki, fermer bu xərcləri qarşılaya bilsin. Digər tərəfdən, çay sahələrinin suvarma suyuna olan ehtiyacları da ödənilmir. Dövlət proqramında nəzərə alınıb ki, 2015-ci ilə qədər çay istehsalı 3 min tona çatdırılsın. Ancaq illik 500 tondan yuxarı olmayıb".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov isə ölkəmizdə çayçılığın zəif olmasını bu sahəyə diqqətin aşağı olmasında gördüyünü bildirdi: "Azərbaycanda çayçılıq qədim zamanlardan inkişaf edib. Ölkəmizdə çayın yetişdirilməsi üçün daha sərfəli zona cənubun subtropik zonası və Balakəndir. Bu ərazilərdə çay yaxşı inkişaf edir. 1982-ci ildə respublikamızda 34 min ton çay istehsal edildi. Həmin dövrdə Astarada 7 min ton çay yığılırdı. Azərbaycan çayının keyfiyyəti Gürcüstan və Krasnodar çayından qat-qat üstündür. Çünki Azərbaycan çayının tərkibində kofeinin miqdarı çoxdur. Astarada ancaq qonaqlar üçün nəzərdə tutulan 300 kq buket çayı da vardı. Çay kolunun 3 ədəd ən uca zərif yarpaqları qırılır və ondan buket çayı alınırdı. Baxmayaraq ki, çay kolu 100 ilə qədər məhsul verir, nəzarətin olmaması, sahənin başlı-başına buraxılması nəticəsində plantasiyalar ləğv olundu. Həmin ərazilərdə pay torpağı alan kəndlilər orada evlər tikiblər. Bu isə cinayətdir. Ona görə də hazırda çayçılıq inkişaf etmir. Bir hektar çay salınmasına azı 4 min manat pul tələb olunur. Çay elə bir məhsuldur ki, nə bazarda satılır, nə də bazarda alınır. Ona görə də əhalinin çay məhsulu yetişdirməyə marağı çox deyil. Bu bitki mütləqdir ki, dövlətin monopoliyasında olsun, prosesə o nəzarət etsin, plantasiyaların salınmasına pul ayırsın. Bu sahəyə 50 milyon manata qədər pul ayrılsa, Lənkəran, Astara və Masallıda çayçılığı inkişaf etdirmək olar. Çayçılıq həm də ekoloji cəhətdən təmiz sahələrdən sayılır, onun havanın təmiz saxlanılmasında da rolu vardır. Bu sahəyə diqqət artırılmalıdır. Bunun üçün də xüsusi bir proqram hazırlanmalı və ona uyğun olaraq da investisiyalar qoyulmalıdır. İş adamlarının isə bu sahəyə meyl edəcəyini gözləməyinə dəyməz. Çünki yaşıl çay yarpağı bazarda satılmadığından, onlar da bu prosesdə maraqlı deyillər. Astarada 4, Lənkəranda isə 5 çay fabriki var ki, hazırda işləmir, çünki məhsul yoxdur".

Sizin Reklam Yeriniz