Əlaqə Arxiv
news Image
2015.08.18
19:20
| A A A
Səhiyyə Nazirliyi: "İİV-ə testləşmə milli həftəsi”nin müddəti uzadılıb

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq cari ilin 3-10 avqust tarixlərində keçirdiyi "İİV-ə testləşmə milli həftəsi"nin müddətini uzadıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək: "Bütün müraciət edən müəssisə və təşkilatlarda müayinələr keçiriləcək. Məlum olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu "İİV-ə testləşmə Avropa həftəsi"nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq cari ilin 3-10 avqust tarixlərini "İİV-ə testləşmə milli həftəsi" elan etmişdi".

Məlumatda bildirilir ki, "Testdən keç-təhlükəsiz yaşa" şüarı altında keçirilən bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da güclənilməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskreminasiya hallarının qarşısının alınması məqsədini daşıyır: "İİV-ə testləşmə milli kampaniyası çərçivəsində bir sıra emal, istehsalat və xidmət müəssisələrində İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusuna) müayinə aksiyaları keçirilir. Təşəbbüs çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimlərindən ibarət briqada müəssisələrin işçilərini könüllü müayinə edir, onlara İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verir, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və digər informasiya materialları paylayırlar".

Qeyd olunub ki, İİV-ə müayinə ekspress-test metodu ilə aparılır: "İİV infeksiyası diaqnostikasının ən sadə metodu sayılan bu müayinə zamanı heç bir avadanlıq tətbiq etmədən, barmaqdan qan nümunəsi götürülməklə testin nəticələri 10 dəqiqə müddətində müayinədən keçənlərə bildirilir. "İİV-ə testləşmə milli həftəsi" BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi "Sıfır – İİV-ə yeni yoluxmalar, Sıflr – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölum halları" strategiyası əsasında keçirilir. Azərbaycanda ənənəvi olaraq Avropa həftəliyinin yüksək səviyyədə keçirilməsi və geniş miqyaslı profilaktik tədbirlərin səmərəliyi, 20-dən çox beynəlxalq təşkilatı özündə birləşdirən "HIV in Europe" təşkilatı tərəfindən xüsusi vurğulanıb".


Sizin Reklam Yeriniz