Əlaqə Arxiv
news Image
2015.08.19
15:43
| A A A
İlham Zəkiyevə brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim” təqdim edilib

Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevə brayl əlifbası ilə çap edilmiş "Qurani-Kərim" təqdim edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Movqe.az-a verilən məlumatda bildirilir.


Məlumatda qeyd olunur ki, avqustun 19-da DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İ.Zəkiyevlə görüşüb.


Azərbaycanda keçirilən I Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu, Azərbaycanın sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyini deyən Dövlət Komitəsinin sədri M.Qurbanlı mötəbər yarışla bir daha dünyaya gücümüzü göstərdiyimizi bildirib. İdmana diqqət və qayğının dövlət siyasəti olduğunu deyən Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin idmanın maddi-texniki bazasının gücləndirilməsi, eləcə də idmançıların dövlətin xüsusi qayğısı ilə əhatə olunmaları, istedadlı idmançıların potensial imkanlarının inkişafı üçün daima geniş imkanlar yaratdığını bildirib.


M.Qurbanlı qeyd edib ki, İ.Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.


Dövlət Komitəsinin sədri İ.Zəkiyevə Prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən "Qurani-Kərim"i hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.


İ.Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş "Qurani-Kərim" onun aldığı ən qiymətli hədiyyələrdən biridir. İ.Zəkiyev növbəti Olimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını ucaltmaqdan şərəf duyduğunu deyib.


Görüşdə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov iştirak ediblər.

Sizin Reklam Yeriniz