Əlaqə Arxiv
news Image
2015.08.20
16:27
| A A A
Narkomanların müalicəsində istifadə olunan narkotik maddə onları ölümə sürükləyir-ARAŞDIRMA
Leyla Yolçiyeva: "Qanunsuz yolla ölkəyə gətirilən metadonun yüksək dozada istifadəsi asılılığa, müxtəlif fəsadlara gətirib çıxarda bilər" Pərvin Məmmədov: "Kustar yolla hazırlanmış metadon adlı narkotik maddə heroindən də güclü təsirə malikdir"

Son vaxtlar İrandan Azərbaycana sintetik narkotik sayılan "metadon"nun qanunsuz yolla gətirilməsi halarına tez-tez rast gəlinir. Bir müddət öncə Biləsuvardakı "Qoşa Təpə" gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Gülxanım Səmədovanın əl çantasına baxış zamanı 454 ədəd sintetik narkotik vasitə saylan metadon adlı həb aşkar edilmişdi.  Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Adışirin Əliyevin üzərində şəxsi yoxlama zamanı onun əl baqajından 3 ədəd plastik qabda, ümumilikdə 294 ədəd və təsiredici maddəsinin xalis miqdarı 5,88 qram olan narkotik vasitə - "metadon" aşkar edilmişdi. Bu siyahını uzatmaq da olar.  Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yayılan xəbərlərə nəzər salsaq son illər məhz narkotik vasitə olan "metadon"nun ölkəmizə gətirilməsi hallarına tez-tez rast gəlinir.  Qeyd edək ki, "metadon"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir. Eyni zamanda bu narkotik maddənin adı  "İstifadə edilməsinin məqsədi göstərilməklə, dövriyyəsinə Azərbaycan Respublikasının ərazisində yol verilən narkotik vasitələrin və istifadə edilməsinin məqsədi göstərilməklə, dövriyyəsinə Azərbaycan Respublikasının ərazisində yol verilən psixotrop maddələrin siyahısında da var. Yəni,  "metadon" adlı narkotik maddə özünü "ağ ölüm"ün pəncəsindən qurtarmaq istəyən narkomanların çoxuna yaxşı tanışdır. Bu narkotik maddədən narkomanların müalicəsində terapiya məqsədilə istifadə olunur. Narkomanların bu bəladan xilası üçün ümid yeri olan metadonun ölkəmizdə qeyri-qanuni yolla gətirilərək hansı məqsədlər üçün istifadəsi maraq doğurur.  

Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında bildirib ki, metadon uzun müddət təsiri olan narkotik maddə hesab olunur. Bu narkotik maddədən narkomaniyaya düçar olanların müalicəsində istifadə olunur. L. Yolçiyeva deyir ki, terapiya məqsədilə istifadə olunan metadon asılılıq, eyforiya vəziyyəti yaratmır. Eyni zamanda bu narkotik maddədən düzgün dozada istifadə narkotik maddələrə həvəsi azaldır: "Tibbdə metadon  narkomaniyadan əziyyət çəkənlərin müalicəsində istifadə olunur. Narkomanları bu bəladan qurtarmaq üçün müəyyən müddət onlara az dozada metadon verilir ki, tədricən asılılıq aradan qalxsın".

L. Yolçiyeva narkomanların müalicəsində istifadə olunan metadonun ölkəyə qanunsuz yolla gətirilməsinin heç də narkomanların bu bəladan xilas olmasına xidmət etmədiyini, əksinə onları və minlərlə insanı narkotik maddələrin təsiri altına salmaq məqsədi daşıdığını bildirdi. Onun sözlərinə görə, qanunsuz yolla ölkəyə gətirilən metadonun yüksək dozada istifadəsi asılılığa, müxtəlif fəsadlara gətirib çıxarda bilər.

Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov da kustar üsulla hazırlanaraq ölkəyə qanunsuz yolla gətirilən metadonla tibbdə terapiya məqsədilə istifadə olunan bu narkotik növü arasında fərq olduğunu təsdiqləyir.  P. Məmmədov deyir ki, qaçaqmalçılıq yolu ilə gətirilən metadon, tibbi məqsədlə istifadə olunan narkotik maddə deyil: "Metadon adlı narkotikdən zərərin azaldılması proqramında terapiya məqsədilə istifadə olunur. Bu maddə müəyyən dozada distilə olunmuş suda həll olunaraq müalicə məqsədilə narkomanlara verilir. Bu inyeksiya yolu ilə yoluxmanın da qarşısını alır. Kustar üsulla hazırlnmış metadonun tərkibi fərqlidir. Onun tərkibinə, təsirinin güclü olması üçün əlavə qatqılar əlavə olunur. Bu heç zaman müalicə məqsədilə istifadə edilə bilməz. Həmçinin bu cür narkotik maddə olan metadon inyeksiya yolu ilə istifadə olunur. Müalicə məqsədilə istifadə olunan metadon isə ancaq narkoloji müəssisələrdə olur, həkimlərin nəzarəti ilə tətbiq olunur".         

P. Məmmədov deyir ki, kustar yolla hazırlanmış metadon adlı narkotik maddə heroindən  də güclü təsirə malikdir. Həmsöhbətimizin sözlərinə görə, bu narkotikdən istifadə edən narkomanların müalicəsi çətin keçir: "Kustar yolla alınmış metadondan mütəmadi istifadə, qaraciyəri parçalaya harmonal pozğunluğa səbəb ola bilər".

Odur ki, həkim bu narkotik maddənin ölkəmizə qanunsuz yolla gətirilməsinə qarşı nəzarətin gücləndirilməli olduğunu söyləyir. 


Sizin Reklam Yeriniz