Əlaqə Arxiv
news Image
2015.08.22
10:30
| A A A
Ukraynadakı soydaşlarımız üzərində təhlükə böyüyür
Azər Allahverənov: “Azərbaycanlılara qarşı baş verən qətl və ya itkin düşmə kimi hadisələr daha çox biznes fəaliyyətilə məşğul olanlara münasibətdə həyata keçirilir”

Ukraynada davam edən müharibə fonunda vəziyyətin gərgin olması bu ölkədə kriminal durumun da kəskinləşməsinə gətirib çıxarıb. Xüsusən də bu ölkədə işləyən miqrantlara münasibətdə qətl və insan oğurluğu halları artıb. O cümlədən, bu ölkədəki azərbaycanlılara münasibətdə də bu kimi təhlükə halları çoxalıb. Son dövrəlrdə bir neçə azərbaycanlı iş adamını qətli də qeyd olunanların sübutudur.

Onu da qeyd edək ki, ümumiyyətlə, öldürülən və itkin düşən soydaşlarımızın demək olar ki, əksəriyyəti bizneslə məşğul olan insanlardır. Bu da onu göstərir ki, baş verən olaylar əsasən kriminal xarakter daşıyır. Kimlərsə yaranmış ağır vəziyyətdən sahibkarları şantaj etmək, onları qorxutmaq üçün istifadə edir. Bu dövr ərzində öldürülən azərbaycanlılar arasında Ukraynadakı Azərbaycan diasporasının rəhbərləri də var.

Ekspert Azər Allahverənovun fikrincə, heç bir halda Ukraynadakı azərbaycanlıların oranı kütləvi şəkildə tərk edəcəkləri gözlənilmir: "İstənilən təzyiq bu və ya digər formada Ukraynada yaşayan insanların yer dəyişmək barədə qərar qəbul etmələrinə təsir edən hallardandır. Bu gün Ukraynada yaşayan azərbaycanlılarla bağlı faktiki olaraq, müxtəlif mənbələr başqa-başqa rəqəmlər söyləyirlər. Ukraynanın rəsmi statistikası bu ölkədə 45 min azərbaycanlının olduğu bildirilir. Amma qeyri-rəsmi məlumatlarda oradakı soydaşlarımızın sayı 250 min civarında göstərilir. Belə olan halda onlara qarşı baş verən kriminal hadisələrin miqyası artarsa və hökumət bununla bağlı sərt qərarlar qəbul etməzsə, belə vəziyyət azərbaycanlıların hansısa formada Ukrayna ərazisində yerdəyişmələrinə səbəb olacaq. Bu yerdəyişmə də iki istiqamətdə ola bilər. Soydaşlarımızdan bəziləri Ukraynaın əmin-amanlığın təmin edildiyi, asayişin qorunduğu, milli zəmində hər hansı bir zorakılıq hallarının olmadığı, hökumətin kriminal ünsürlərə qarşı apardığı mübarizənin müsbət nəticələr verdiyi əyalətlərə köçə bilər. Bir sıra hallarda belə də olub. Digər bir qisim soydaşımızın isə təhlükə fonunda Ukrayna ərazisini tərk edib başqa ölkələrə getməsi gözləniləndir. Baş verən hadisələr fonunda Ukrayna vətəndaşı olan azərbaycanlılar üçün qərar qəbul etmək isə bir qədər çətin olur. Əksər hallarda bu ölkə vətəndaşı olan insan əmək fəaliyyəti, qohumluq əlaqələri və digər məsələlərlə bağlı olaraq ora sıx bağlı olması ilə seçilirlər. Belə soydaşlarımız qərar qəbul etməkdə çətinlik çəkir. Amma orada müvəqqəti əsaslarla yaşayan və əmək fəaliyyətilə məşğul olan insanlarımız isə təhlükə anında çox asanlıqla qərar qəbul edə bilirlər. Onlar nəinki başqa əyalətlərə köçə, hətta Ukrayna ərazisini də tərk edəb gedə bilərlər. Fikir vermisinizsə, azərbaycanlılara qarşı baş verən qətl və ya itkin düşmə kimi hadisələr daha çox biznes fəaliyyətilə məşğul olanlara münasibətdə həyata keçirilir. Göründüyü kimi, bu tip siyasət müəyyən maliyyə və kapital dövriyyəsi olan soydaşlarımıza münasibətdə həyata keçirilir. Bu fonda belə düşünmək olar ki, həmin hadisələrin baş verməsində hansısa işgüzar maraqlar da ol bilər. Ola bilsin, müəyyən dairələrin biznes maraqlarının toqquşması da belə hadisələrin baş verməsinə gətirib çıxarıb. Bilirik ki, azərbaycanlılar biznes əlaqələri ilə kifayət qədər zəngin olmaları ilə seçilirlər. Şübhəsiz ki, kriminal qruplaşmalar arasında baş verən çəkişmələr və biznes maraqlarının toqquşması bu müstəvidə o sahədə təmsil olunan insanların müəyyən maraqlar təmin olunmadığı halda, hardasa aradan götürülməsinə də gətirib çıxarır. Dünənə qədər belə olaylar Ukrayna hökumətinin nəzarəti altında olmayan Donetsk və Luqansk ərazilərində baş verirdisə, indi isə nəzarətdə saxlanılan ərazilərdə də anoloji hadisələr baş verir. Bu da ondan xəbər verir ki, Ukraynadakı böhran müxtəlif səviyyələrdə özünü göstərir. Xüsusən də bu dövr kriminal dairələr fəallaşması, cinayətkarlığın miqyasının artmasında özünü büruzə verir. Ümid edirəm ki, Ukrayna hökuməti vəziyyəti nəzarətə götürmək, cinayətkarların tapılması, əmək fəaliyyəti, bizneslə məşğul olan miqrantların hüquqlarının təmini istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirəcək. Amma bütün hallarda artıq baş verən hadisələrin Ukraynadakı azərbaycanlıların oradan kütləvi axınına səbəb olacağını düşünmək də düzgün olmazdı. Hərbi əməliyyatların kəskin miqyas aldığı şəraitdə belə belə bir kütləvi axın baş verməmişdi".


Sizin Reklam Yeriniz