Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi tərəfindən istifadəyə verilən "585" - "Daşınan şəhər telefon xidməti" layihəsi üzrə rayonlarda telefonların çəkiliş prosesi davam edir. Xüsusilə, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Hacıqabul telekommunikasiya qovşaqlarında bu xidmətə daha çox maraq göstərilir və qısa müddətdə telefon istifadəçilərinin sayı xeyli artıb. Avqustun 1-nə olan məlumata görə, "585" prefiksi ilə ümumilikdə 856 telefon çəkilib. Nazirlikdən Movqe.az-a verilən məlumata görə, "585" prefiksli Bakı nömrələrinin rayon telekommunikasiya qovşaqlarının ərazilərinə İP protokolu vasitəsilə daşınmasını təşkil etmək məqsədilə 10 min tutumlu yeni stansiyanın tikintisi məqsədəuyğun hesab edilir. Bunun üçün gələcəkdə "Aztelekom"un şəbəkəsində NGN/İMS texnologiyası ilə stansiyanın qurulması planlaşdırılır. Bu stansiyanın Bakı telefon şəbəkəsi, bütün rayon "toll" stansiyaları, mobil və digər operatorların şəbəkələri ilə qarşılıqlı əlaqədə işləməsi təmin olunacaq.
"585" prefiksli nömrəsi olan abunəçilər Bakı şəhərində fəaliyyət göstərən bütün sabit telefon operatorlarının şəbəkələrinə ödənişsiz zəng edə bilirlər. Belə nömrələrdən istifadə edən abunəçilər, eyni zamanda adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlanırlar. Bu xidmətdən istifadə etmək üçün 30 manat telefon çəkiliş haqqı və aylıq xidmət haqqı kimi 15 manat ödəməklə ay ərzində şəbəkə daxilində pulsuz danışmaq imkanı əldə edilir. "585" prefiksli bütün nömrələrdən çıxış zəngləri mobil şəbəkələr və beynəlxalq istiqamətlər istisna olmaqla ödənişsizdir.