Əlaqə Arxiv
news Image
2015.08.24
12:05
| A A A
Mikayıl Cabbarov: Badminton idman növü ölkədə xüsusi populyarlıq qazanır

Azərbaycanda həmişə idmana böyük diqqət olub, ancaq son dövrlər azərbaycanlılar üçün kifayət qədər yeni idman növü olan badminton ölkədə xüsusi populyarlıq qazanır.


Movqe.az xəbər verir ki, bu barədə Trend İnformasiya Agentliyinə eksklüziv müsahibəsində Təhsil naziri, Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov badmintonun gələcəyi, bu idman növü ilə bağlı ölkənin qarşısında duran planlar barədə sualları cavablandırarkən bildirib.


Badmintonun sağlamlığa faydasını nəzərə alaraq, bu idman növünün məktəb proqramına daxil edilməsi ilə bağlı sualı şərh edən nazir bildirib ki, badminton çox faydalı və maraqlı idman növü olsa da, Azərbaycanda çoxlarına tanış deyil: "Azərbaycan Badminton Federasiyasının qarşısında duran məsələlərdən biri bu idman növünün üstünlükləri barədə insanları məlumatlandırmaqdır. Lakin badmintonun məktəb proqramına daxil edilməsini nəzərdən keçirmirik. Hesab edirəm ki, dövlət idarəetməsinin prinsipləri baxımından bu yaxşı nümunə olmazdı. Fərz edək ki, növbəti təhsil naziri başqa bir idman federasiyasına başçılıq edəcək, onda bu o deməkdir ki, məktəb proqramına yenidən baxılmalı və proqram yenidən dəyişdirilməlidir?"


M.Cabbarov həmçinin qeyd edib ki, son iki ildə Təhsil Nazirliyinin fəaliyyəti idman bölmələrinin sayının artırılmasına yönəlib: "Artıq bir sıra idman federasiyası ilə memorandum imzalamışıq və yenilərini imzalamağı planlaşdırırıq. 11 il ərzində Azərbaycanda təqribən 3 min məktəb inşa edilib. Onların əksəriyyətində idman zalları var. Uşaqlar üçün bu infrastruktur Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Əlbəttə, bu infrastrukturdan maksimum istifadə etməkdə maraqlıyıq. Nümunə kimi güləş, stolüstü tennis üzrə yaradılmış bölmələrin adını çəkə bilərəm. Nəinki xüsusi idman məktəblərində, eləcə də adi məktəblər çərçivəsində idman federasiyaları ilə əməkdaşlıq edirik".


Azərbaycanda badminton üçün infrastruktur məsələsinə toxunan nazir bildirib ki, badminton infrastruktur, sosial və gender baxımından demokratik idman növüdür: "Xüsusi avadanlıqla təchiz edilmiş zallara gəlincə isə, bu istiqamətdə ən böyük təkan Bakıda I Avropa Oyunlarının keçirilməsi oldu. Çünki qəbul etməliyik ki, Avropa Oyunlarına kimi ölkədə badminton üçün müasir infrastruktur yox idi. Oyunlar üçün badminton infrastrukturu üçün lazımi hər şey, xüsusilə meydançalar, torlar, hakim qüllələri yaradıldı. Bunlar olduqdan sonra badmintonu peşəkar idman istiqamətində inkişaf etdirə, gələcəkdə müxtəlif yarışlar keçirə bilərik. Qaydalara əsasən, badminton yarışlarının keçirilməsi üçün əsas şərt tavanın hündürlüyü 12 metrdən az olmayan yerlərin olmasıdır. Meydançanın özü isə kifayət qədər mobildir, bu məqsəd üçün uyğun gələn istənilən idman zalında montaj edilə bilər".


M.Cabbarov federasiyanın badminton hazırlıq mərkəzlərinin yaradılması üzərində işlədiyini vurğulayıb: "İlin sonunadək Bakı, Sumqayıt, Gəncə və respublikamızın digər regionlarında belə mərkəzlərin inşa ediləcəyini düşünürəm. Ən böyük problemimiz kifayət qədər məşqçimizin olmamasıdır. Federasiya artıq tərəfdaşlarımız ilə danışıqlar aparır".


Təşkilat baxımından I Avropa Oyunları çərçivəsində badminton yarışına hazırlığı yaxşı qiymətləndirən nazir bildirib ki, Bakıda I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu və badminton yarışları da istisna olmadı: "Rəhbərlik, xüsusilə Avropa Badminton Federasiyasının prezidenti, milli federasiya rəhbərləri – hamısı bir nəfərə kimi ilk Avropa Oyunları çərçivəsində badminton yarışlarının təşkilat səviyyəsini yüksək qiymətləndiriblər. İdmançılarımıza gəldikdə isə düşünürəm ki, nəticələr öz sözünü deyir. İstənilən digər idman növü kimi badminton da daimi məşq və lazımi infrastruktur tələb edir. Qeyd etdiyim məhdudiyyətləri, həmçinin oyunçularımızın beynəlxalq yarışlarda kifayət qədər təcrübəsinin olmadığını nəzərə alsaq, yaxşı nəticə göstərdiklərini düşünürəm".


Badmintonda legioner məsələsinə toxunan Federasiya prezidenti bildirib ki, davamlı nəticələrin əldə edilməsi üçün milli badminton məktəbinin yaradılmasına investisiya qoymaq daha yaxşı olardı: "Ancaq başa düşmək lazımdır ki, legionerlərin cəlb edilməsi ilə bağlı təcrübə böyük idmanın bir hissəsidir. Uzun müddətli perspektivlərdən danışsaq, daha mühüm məsələ əcnəbi məşqçilərin cəlb edilməsidir".


Badmintonun olimpiya proqramına daxil edilən digər idman növləri ilə müqayisədə daha az populyar olduğunu qeyd edən M.Cabbarov bu oyunun populyarlaşması üçün ilk növbədə müvafiq infrastrukturun yaradılması və oyunlar barəsində məlumat verilməsinin lazım gəldiyini də bildirib: "İnfrastruktur və məşqçilərin olması oyunun populyarlığı üçün əsas elementlərdən biridir. Azərbaycan Badminton Federasiyası müxtəlif yaş kateqoriyası üçün müntəzəm şəkildə milli çempionatlar təşkil edəcək. Milli çempionatın payızın sonunda keçiriləcəyi planlaşdırılır. Bu barədə sentyabrın ortasında məlumat veriləcək. Azərbaycan idmançılarının Avropa Qran-Pri yarışının müvafiq mərhələlərində və ya reytinqli yarışlarda daimi iştirakı təmin ediləcək. Həmçinin hər hansı beynəlxalq badminton yarışının bir mərhələsinin Bakıda keçirilməsini də istisna etmirik".


Sonda nazir oyunun populyarlaşmasında yarışların böyük rol olduğunu qeyd edib: "Bakıda I Avropa Oyunları zamanı badminton yarışlarına kifayət qədər tamaşaçı toplaya bilirdik. Badminton dinamik idman növüdür. Burada temp sürətlə dəyişir. Düşünürəm ki, bu da onu baxımlı edir".


Sizin Reklam Yeriniz