Əlaqə Arxiv
news Image
2015.08.25
13:30
| A A A
Dövlət Aqrar Universitetində tələbələrin biliyi necə yoxlanılır?

"Kənd təsərrüfatı ili" elan edilmiş 2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin əldə etdiyi uğurların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Nailiyyətlərin ən mühüm göstəricilərindən biri olan universitet üzrə əlaçı tələbələrin sayının artması da qeyd olunanları bir daha təsdiq edir. Belə ki, 2014/2015-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinin təhlili göstərir ki, əvvəlki tədris ilinin müvafiq dövrü ilə müqayisədə bakalavriat səviyyəsinin əyani təhsil forması üzrə əlaçı tələbələrin sayı 189-dan 258-ə yüksəlmiş və ya 36,5 faiz artmışdır. Bunun başlıca səbəblərindən biri 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələrin "2 fevral–Azərbaycan gəncləri günü" münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət mərkəzlərinə qış tətilinə göndərilmələri, 100 bal toplayan tələbələrə pul mükafatlarının və hədiyyələrin verilməsi olmuşdur.

İmtahan sessiyasını əla qiymətlərlə başa vurmuş hər bir tələbənin valideyninə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəkkür məktubu göndərilir. Akademik borcu və tədris intizamı zəif olan tələbələrin valideynlərinə göndərilən məktubda isə onların övladlarının universitetdə tədris, şəffaf və obyektiv imtahanların təşkili üçün yaradılmış imkanlardan səmərəli istifadə edə bilməməsi və universitet-valideyn əlaqələrinin genişləndirilməsinin zəruriliyi qeyd olunur.



Sizin Reklam Yeriniz