Əlaqə Arxiv
news Image
2015.08.24
19:50
| A A A
Müdafiə Nazirliyi jurnalistləri təcili yığaraq onları müəyyən olunmuş istiqamətdə aparacaq

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası məsələsi həll ediləndən sonra Müdafiə Nazirliyi jurnalistlərin cəbhə xəttinə səfərlərini təşkil edəcək. Bundan əlavə, Nazirlik lazım olan vaxtlarda əməkdaşlıq etdiyi jurnalistləri təcili yığaraq onları müəyyən olunmuş istiqamətdə aparacaq və ictimiayyətə ilkin mənbədən məlumatların operativ və dəqiq çatdırılmasını təmin edəcək.


Movqe.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Müdafiə Nazirlyinin (MN) mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.


V.Dərgahlı qeyd edib ki, ötən həftə Nazirlər Kabineti "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nı təsdiq edib. Bu qərar "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul edilib.


Onun sözlərinə görə, Qaydalara əsasən, bundan sonra jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətləri Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır ki, bu, bəzi məsələlərdə pərakəndəliyin qarşısını alacaq və sistemlilik yaradacaq: "Məsələn, bəzən elə olur ki, bir mətbu orqandan, informasiya agentliyindən bir məsələ ilə bağlı Müdafiə Nazirliyinə bir-birindən xəbərdar olmadan bir neçə nəfər müraciət edir. Bu halların qarşısını almaq üçün artıq Nazirlik biləcək ki, əməkdaşlıq edilən şəxs kimdir, kiminlə əlaqə saxlamaq lazımdır. Jurnalistlər üçün aydın olacaq ki, Müdafiə Nazirliyinə kimlər müraciət edə bilər? Qaydalarda hər KİV-dən neçə jurnalistin akkreditasiya oluna biləcəyi də göstərilib".


MN sözçüsü bildirib ki, sənədləşmələr qısa müddət ərzində həll olunacaq: "Nazirlər Kabinetinin göndərdiyi sənəd Müdafiə Nazirliyində daxili prosedurlardan keçdikdən sonra bununla bağlı qərar veriləcək. Sonra həmin qərar müvafiq idarələrə yönləndiriləcək. Eyni zamanda, yerlərdə komandirlərin bundan xəbəri olacaq. Onlara tapşırıqlar veriləcək ki, akkreditasiya və ya ezam olunan jurnalistlərlə necə davranılmalıdır, onlarla iş hansı formada qurulmalıdır. Akkreditasiyanın həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də müvafiq rəyi alınacaq. Yalnız bundan sonra həmin şəxslərlə bağlı müvafiq qərar qəbul ediləcək. Jurnalistin Nazirlikdə akkreditə olunması onun hələ dərhal cəbhə zonasına gedə bilməsi demək deyil. Cəbhə bölgəsinə getmək üçün müraciət edən jurnalistlər yenə də məktubla Nazirliyə müraciət edəcəklər və qısa müddətdə bu iş həyata keçiriləcək".


V.Dərgahlı əlavə edib ki, jurnalistlərə müəyyən olunmuş formada akkreditasiya kartı veriləcək, eyni zamanda, onlara məsuliyyət və vəzifələri izah ediləcək, xüsusi təlimatlandırma keçiriləcək: "Artıq bu cür təlimatlandırmanın cəbhə zonasına gedən televiziya qrupları üçün təşkil edilməsi təcrübəsi var. Məsələn, onlara təhlükəsizlik, hərbi hissələrdə davranma qaydaları, hərbi sahədə dövlət sirrini təşkil edən məlumatların, hərbi hissənin nömrəsi, təyinatı, dislokasiyası, dövlət qeydiyyatı nişanları, ön xətdəki səngərlər, xəritələr, ərazinin maketi, komandanlıq haqqında fərdi məlumatların və s. yayılmasının qadağan olunduğu izah edilir. Akkreditasiya kartları veriləndə də bu cür təlimatlandırma və izahat işləri aparılacaq".


Qeyd edək ki, akkreditasiyanın müddəti 1 il olacaq.


Sizin Reklam Yeriniz