Əlaqə Arxiv
news Image
2015.08.26
13:23
| A A A
Evdən qaçıb sığınacağa sığınan gəlinlə müsahibə: "Ərim hər yerdə məni axtarır"-FOTOLAR

-Burda həyətdə qadın sığınacağı var bilmirsən giriş qapısı hansıdır?

-Elə qarşısında dayandığın blokdur. Qoy sənə göstərim.

-Sağ ol balaca.Sən get oyna.

- Yox onsuz da oyuncağım qalıb onu götürəcəm.

-Hardan?

-Sığınacaqdan...

İri qara gözləri ilə üzümə gülümsəyərək atlana-atlana məndən qabağa düşüb pilləkənləri yuxarı qalxdı. Kiçik, darısqal dəhlizdən oyuncağını götürüb geri qayıtdı. Yenə üzümə gülümsəyib "buradır keçin içəri" deyib məni müşayət etdiyi yolla geri döndü.

"Təmiz Dünya" İctimai Birliyinin sığınacağında bizi Birliyin hüquqşünası Məlahət Nəbiyeva qarşıladı. Gəlişimizin məqsədinin evdən qaçan, sığınacağa sığınan qadınlarla görüşmək olduğunu öyrənəndən sonra onların bəzilərinin müsahibə verməkdən imtina etdiyini söylədi: "Hərəsinin bir dərdi var, bir problemi var. Çoxu istəmir mətbuata çıxıb danışsın. Amma yenə də baxaq, danışaq görək hansı razı olur müsahibəyə".

Müsahibimizin adının şərti veriləcəyini, şəkillərdə üzünün göstərilməyəcəyini dedikdən sonra mətbəxdən bizə tərəf gələn qadın müsahibə verməyə razı olduğunu söylədi.

Müsahibəyə hardan başlayıb,harda qutaracağımı çək-çevir edirdim ki, özü başladı danışmağa: "Qınamayın bizi də, adımızı "evdən qaçan gəlin" qoyub bədnam ediblər. Amma fikirləşmirlər ki, bu gəlinlər niyə evdən qaçır. Kim öz isti yuvasını qoyub gəlib sığınar bura? Görəsən "evdən qaçan gəlinlər" deyib belələrinə lağ edənlər fikirlərşirlərmi ki, bizi isti ocağımızdan qaçıb gəlmişik?.

Elə söhbətimizin bu dəmində bayaq bizi sığınacağa qədər ötürən kiçik qız gəlib qollarını doladı müsahibimin boynuna. T. M (adı şərtidir) ilə söhbət zamanı öyrənirəm ki, bayaq bizə bələdçilik edən bu balaca qız müsahibimin, evdən qaçan bu gəlinin övladıdır: "Bu böyüyümdür, kiçiyi baxçadadır. Biz Balakən rayonundan bura pənah gətirmişik. Bizə "evdən qaçan gəlin" deyib ironiya edənlər görsün ki, iki uşaqla kefimdən gəlib sığınacağa sığınmamışam. 7 il ailəli oldum həyat yoldaşımla. Rəsmi nikahımız yox idi. İki övladım dünyaya gəldi. Bu 7 ilin bir ili normal keçdi. Qalan illər cəhənnəm əzabı yaşadım. Həyat yoldaşım qumara qurşandı. Borca düşüb gəlib məni döyürdü ki, atana-anana de pul göndərsinlər. Valideynlərim də ailəm dağılmasın deyə pul verirdi. Amma daha dözmək olmurdu. Evin əşyalarını sonda evimizi də satıb qumara qoydu".

T.M övladlarının xatirinə bu günlərə dözdüyünü, uşaqların atasız qalamaması üçün fədakarlıq göstərdiyini söyləyir: "Amma nə vaxtadək? Həmişə məni döyəndə, təhqir edəndə, valideynlərimin üstünə borca göndərəndə özümə bu sualı verirdim. Həmin gün, o günlərdən biri idi. Deyərdim lap dəhşətlisi. Qumarda uduzub gəlmişdi. Məni öldürmək üçün plan qurmuşdu. Özü də yer hazırlamışdı məni öldürmək üçün. Dedi ki, birinci səni öldürəcəm, sonra da özümü. Məni öldürmək üçün bütün hazırlığı görmüşdü. Özüm də həyatla, balalarımla vidalaşmağa çox az vaxtın qaldığını bilirdim. Səhərə qədər nə o yatdı nə də mən. Səhər açılanda yuxuya getdi. Bu fürsətdən istifadə edib uşaqlarımı da götürüb qaçdım polisə. Başıma gələnləri polisə danışıb ordan Bakıya üz tutdum. Gəldim "Ümid" sığınacaq evinə. 4 aydır ki, buada,  "Təmiz Dünya" İctimai Birliyinin sığınacağına sığınmışam iki körpə balamla".

Bu il övladlarından birinin məktəbə gedəcəyini deyən T. M bu ilin may ayının 15-dən çıxdığı evini yadına belə salmaq istəmədiyini deyir: "Ərim məni hər yerdə axtarır. Anamgilin yaşadığı Qaradağ rayonun ərazisində də məni axtarır. Ona görə də nə mən anamgilə gedirəm, nə də ki, onlar bura gəlirlər. Özümün, uşaqlarımın təhlükəsizliyi üçün anamgillə belə görüşməməyə razı oldum. Mən  bu sığınacaqda övladlarımla xöşbəxtəm. Sağ olsun "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova. Bizə sığınacaq verib. Bura naümid insanların, əli-ayağı hər yerdən üzülən, zorakılığa məruz qalaraq isti ocağını tərk edən gəlinlərin, qadınların ümid yeridir. Bizə burda yaxşı baxırlar. Kiçik övladımın baxçaya, böyük qızımın məktəbə sənədlərini təqdim etməyə kömək oldular. Bu QHT-də çalışan hər kəsə minnətdaram, isti nəvazişləri, xoş rəftarları üçün. Övladlarıma ailəsiz olduqlarını unutdurduqları üçün. Qoy hər kəs bilsin ki, gəlinlər evdə həyat yoldaşlarını qoyub əsassız qaçıb Bakıya gəlmirlər. Mənim kimi hər gün ölümünü gözləyən, balasının anasız qalacağından qorxan gəlinlər var. Onların yəqin ki, çoxu ən sonda mənim kimi evdən qaçmağı, həm də bir daha o evə qayıtmamağı gözə alaraq arxasına belə baxmadan var gücü ilə qaçıb öz isti ocağından uzaqlaşmağa məcbur olurlar".









































































































Sizin Reklam Yeriniz