Əlaqə Arxiv
news Image
2015.08.27
10:00
| A A A
Daşqın təhlükəsi Azərbaycandan yan keçəcək
Asif Verdiyev: “Gürcüstanın şərqində baş verən leysan, daşqın birbaşa Kür və Qanıq çaylarına təsir göstərir” Ənvər Əliyev: “Qabaqlayıcı tədbirlər görmək lazımdır”

Qonşu Gürcüstanı son iki ayda artıq ikinci dəfədir ki, su basır. Yağan yağış bu dəfə Gürcüstanın Batumi kurort şəhərində daşqınlara səbəb olub, şəhərə köməyə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib, əhalinin bir qismi işıqsız qalıb. Şəhərin küçələri, binaların birinci mərtəbələri və dəmiryol stansiyası su altında qalıb. Batuminin çıxışında şəhəri tərk etməyə çalışan nəqliyyat vasitələrinin böyük "tıxacı" yaranıb.

Xatırladaq ki, Gürcüstanda oxşar hadisə ötən ay da baş vermişdi. Dəymiş ziyanın və Gürcüstan ilə qonşu olduğumuzu nəzərə alıb, bu cür təhlükənin olma ehtimalını ölkəmiz üçün nə dərəcədə mümkün olduğunu ekspertlərlə dəyərləndirdik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirdi ki, hazırki proseslər Gürcüstanın qərbində baş verir: "Gürcüstanın qərbində olan çaylar birbaşa Qara dənizə tökülür. Ona görə də ordakı çayların bizimlə heç bir əlaqəsi yoxdur. Ancaq Gürcüstanın şərqində baş verən leysan, daşqın birbaşa Kür və Qanıq çaylarına təsir göstərir. Yəni, hazırda həmsərhəd çayları olan Kür, Qanıq çaylarda suyun səviyyəsi yay dövrünə xas olaraq o qədər aşağıdır ki, cüzi artım olsa da belə, təhlükə yaratmır. Yağan yağışlarla əlaqədar Kür çayında suyun səviyyəsində 6 sm, Qanıq çayında isə 30 sm artım müşahidə edilib. Bunlar da yay dövrü üçün cüzi rəqəmlərdi. Suyun səviyyələri gursusuluq dövrü ilə müqayisədə o qədər aşağıdır ki, hətta 1 metr qalxasa da, təhlükə yaratmır".

Baş hidrometroloq əlavə etdi ki, hava şəraiti ilə bağlı gözlənilən istənilən proqnozu əvvəlcədən xəbərdarlıq edirik: "Son günlər yağan yağışlar Kür və Qanıq çaylarının səviyyəsində artım yaradıb. Eyni zamanda Lənkəran çaylarında da artım müşahidə edilir. Bu gün də artım gözlənilir. Amma hansısa daşqın və ya sel gözlənilirsə, biz əvvəlcədən xəbərdarlıq edirik".

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev da ölkəmiz üçün hansısa təhlükə görmür: "Gürcüstanda, xüsusi ilə də Batumiyə düşən yağıntının miqdarı bizə ən çox yağan yağıntılardan çoxdur. Həmin ərazi Türkiyədən yağış gətirən buludlara daha yaxındır. Yayın bitməsinə 3 həftəyə yaxın bir vaxt qalıb. Ancaq bizdə 10 illik göstəricilərə görə, yay aylarında dağıdıcı qüvvəyə malik yağıntılar olmayıb. Buna baxmayaraq, Azərbaycan çaylarında sel halları da çox olub. Ona görə də qabaqlayıcı tədbirlər görmək lazımdır. Çünki, sentyabr və oktyabrda yağıntıların miqdarı güclü ola bilər".

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda payız və yaz yağıntılı dövrlər hesab edilir. Bu dövrlərdə güclü yağışlar ola bilər. Ona görə də sadəcə, hazırlıqlı olmaq lazımdır. Bunun üçün də qabaqlayıcı tədbirlər həmişə vacibdir. Amma Azərbaycanda iqtisadiyyat, ölkənin məskunlaşması elə səviyyədədir ki, sellər çox da böyük ziyan vura bilməz".

Ənvər Əliyev əlavə etdi ki, bizim quraq və rütubətli suptropik, az yağıntılar düşən ərazilərimiz də var: "Qanunauyğunluqlar deyəndə bütün Azərbaycan ərazisi nəzərdə tutulur. Quru suptropiklərə düşən yağıntıların miqdarı ilə rütubətli suptropiklərə düşən yağıntıların miqdarı fərqlidir. Bir sıra insanlar bu il soyuqların ötən ilə nisbətən tez gəldiyini deyir. Amma bunu demək olmaz. Çünki, sentyabr ayında 30 dərəcə istilik ola bilər. Yəni, proqnoz vermək çox çətindir. Bütövlükdə ili uğurlu hesab etmək olar".



Sizin Reklam Yeriniz