Əlaqə Arxiv
news Image
2015.08.27
10:30
| A A A
Ekoloji, humanitar fəlakət mənbəyinəçevrilən su anbarı
Mütəllim Əbdülhəsənov: “Sərsəng su anbarının ekoloji təhlükəsizliyinin təmin olunması Azərbaycanın nəzarətində olmadığından çətinlik yaranıb” Samir İsayev: “Bizim istəyimiz problemin yalnız ekoloji həlli deyil”

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi" mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Məruzəçi ilə görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barədə məlumat verib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını vurğulayaraq əlavə edib ki, Ermənistan tərəfi su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Diqqət çəkən məqam budur ki, bu ekoloji, humanitar problem barədə bütün səviyyələrdə beynəxalq ictimaiyyət məlumatlandırılıb. Amma nədənsə, heç bir hərəkət yoxdur. Qərbin Qarabağ münaqişəsinə göstərdiyi münasibət burda da müşahidə edilir.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət və ətraf mühitin mühafizəsi şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov "Mövqe"yə bildirdi ki, işğal olunmuş ərazilərdə su ehtiyatlarının, o cümlədən Sərsəng su anbarının ekoloji təhlükəsizliyinin təmin olunması Azərbaycanın nəzarətində olmadığından çətinlik yaranıb: "Bu təbii sərvətlərinin mühafizəsi bizim imkanlarımızın xaricindədir. Nazirlik olaraq işğal olunmuş ərazilərin ətrafında monitorinqlər keçiririk. Sərsəng su anbarı orada yaşayan əhali üçün təhdid mənbəyinə çevirilib. AŞPA-nın Sosial və davamlı işlər komitəsinin həmməruzəçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyində oldu. Bu, artıq onların ikinci görüşü idi. Onları maraqlandıran suallar ətraflı cavablandırıldı. Ölkə olaraq Azərbaycanın həmin ərazidə apardığı işlər barədə qonaqlar məlumatlandırıldı. Bundan qabaq da bu məlumatlar onlara çatdırılmışdı. Aydın oldu ki, bu günə qədər bu məsələyə belə səviyyədə münasibət olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir çox konvensiyalar qarşısında məsələnin ciddliyini dəfələrlə qaldırıb. Azərbaycan ekosisteminə vurulan ziyan barədə beynəlxalq təşkilatıları məlumatlandırıb. Onların sırasında Avropa Vəhşi təbiətin və təbii ətraf mühitin mühafizəsi Bern Konvensiyasının baş kaitibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı kaitibinə, BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyayanın katibliyinə, Təbiətən və təbii sərvətin mühafizəsi üzrə beynəlxalq birliyini prezidentinə rəsmi müraciətlər edilib. Beynəlxalq göllərin və su tutarların mühafizəsi və konvensiyanın müxtəlif tədbirlərində ekspertlər tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə hər dəfə çatdırılıb. Azərbaycan qoşulduğu bütün konvensiyalarda ölkəmizin bu çətinlikləri, ekoloji, işğal problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən işğal ərazisinə müdaxilələr yoxdur".

AVCİYA-nın "Sərsəng-sos" layihəsinin əlaqələndiricisi Samir İsayev isə bildirdi ki, Sərsəng su anbarı yalnız ekoloji yox, bütövlükdə humanitar problemdir: "Qərbin öz problemləri var. Ancaq bizə aid problemləri ictimailəşdirmək ilk növbədə bizim üzərimizə düşür. Sərsəng su anbarı ilə bağlı məsələ hörmətli millət vəkili Elxan Süleymanovun təşəbbüsündən sonra Azərbaycan tərəfindən qaldırıldı. Bu və meşələrin yandırılması, çayların çirkləndirilməsi kimi məsələlər Azərbaycanın nəzarətində olmadığı üçün beynəlxalq müşahidəçilər qrupu gəlməlidir. Düzdür, beynəlxalq mütəxəssislər bu problemin həllinə bizim qədər dərindən yanaşmayacaqlar. Bizim istəyimiz problemin yalnız ekoloji həlli deyil. Eyni zamanda Azərbaycanı gözləyən böyük humanitar problemi diqqətə çatdırırıq. Amma bunun aradan qaldırılması isə ümumilikdə Qarabağ konfliktin çözülməsindən keçir. Düzdür, müxtəlif təkliflər gəlir. Məsələnin ATƏT vasitəsi ilə həll edilməsi kimi təkliflər səsləndirilir. Ancaq biz ATƏT-in Minsk qrupunun fəaliyyətində narazıyıq. Sadəcə, beynəlxalq missiya istəyirik. Bu missiya yalnız ekoloji problemlərin həll edilməsində yardımçı ola bilər. Problemin köklü həlli isə işğal olunmuş torpaqların qaytarılmasından keçir. Nə qədər ki, erməni qoşunları oradadır, problemin tam həlli olmayacaq. Yəni, onu ekoloji, sosial və ya humanitar problemi kimi dünyaya çatırmaqla həll olunmayacaq. Həmin ərazidən qoşunlar geri çəkilməli, xətlər bərpa olunmalıdır".

Sizin Reklam Yeriniz