Son illər ölkəmizdə tərcümə olunmuş kitablarla bağlı əsasən bədii ədəbiyyat oxucuları nazarazılıqlarını bildirirlər. Buna səbəb kitabın tərtibatının bərbad olması ilə yanaşı, tərcüməsindəki qüsurlar göstərilir. Azərbaycan dililinin qayda-qanunlarından uzaq belə tərcümələr ana dilimizi böyük təhlükə qarşısında qoyur.
Mütəxəssislər buna səbəb kimi əsasən tərcüməçilərin qeyri-peşakar olmasını görürlər. Gəlir az olduğundan peşəkarların bu sahədən uzaq düşdüyünü deyirlər. Tərcüməçi Cəlil Cavanşir qeyd edir: "Hazırda Azərbaycan dilinə tərcümədə boşluğun olması normal haldır. Çünki, tərcümə məsələsi Azərbaycanda 5-6 ildir formalaşıb. Bundan əvvəl müstəqillik dövründə tərcümə ilə ancaq qeyri-peşakarlar məşğul olurdu. Normal qonorar olmadığına görə peşəkarlar bu işə yaxın durmurdular. İndinin özündə də bu işlə məşğul olanların əksəriyyəti qeyri-peşəkarlardır. Verilən qonorarlar tərcüməçini təmin etmir. Ancaq son 1 ildə nəşriyyatlar bu məsələ ilə ciddi məşğul olurlar. Artıq bazara keyfiyyətli tərcümələr girməyə başlayıb. Bu işlə şəxsi təşəbbüsü ilə məşğul olan adamlardan daha çox tərcümə komandası yaranıb. Onlar bu işlə peşəkar şəkildə məşul olmağa başlayıblar. Problemin bir tərəfi dediyimiz kimi, qonorarlarla bağlıdır. Tərcüməçilər keyfiyyətdən çox kəmiyyətə üstünlük verirlər ki, daha çox tərcümə edib daha çox pul qazansınlar. Qonorarlar beynəlxalq, yaxud da heç olmasa, MDB standartlarına uyğun olmalıdır ki, tərcüməçinin gördüyü işin keyfiyyətində marağı olsun. Problemin digər tərəfi isə peşakar redaktorların olmamasıdır. Redaktor hər iki dili yaxşı bilməlidir. Naşirlərin və sifarişçilərin xüsusi diqqət etdikləri adamlardan biri də məhz redaktordur. Yəni, həm qonorar, həm də redaktor problemi həll edilərsə, tərcümə prosesində olan boşluq aradan qalxmış olar".
Cəlil Cavanşir əlavə etdi ki, tərcüməçi ilk növbədə Azərbaycan dilini mükəmməl bilməlidir: "Xarici dili bilən yüzlərlə insanlar var. Amma onlar əsər tərcümə etməkdə naşıdırlar. Çünki, Azərbaycan dilini mükəmməl bilmirlər. Yalnız dili bilmək də kifayət deyil. Sahənin terminlərindən də xəbərdar olmaq vacibdir. Məsələn, fəlsəfə, psixologiyaya aid əsər tərcümə edilirsə, tərcüməçinin həmin sahənin terminlərindən xəbəri olmalıdır".
Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filoloq Məti Osmanoğlunun sözlərinə görə, Azərbaycanda tərcümə ilə müxtəlif səviyyəli adamlar məşğul olduğuna görə, konkret qiymətləndirmə aparmaq çox çətindir: "Kitabların oxunma səviyyəsi həm də onu tərcümə edən şəxsin istedadından asılıdır. Tərcümə sənəti bədii yaradıcılığın digər sahələri kimidir. Burada da səviyyəni tərcüməçinin istedadı müəyyənləşdirir. Bu gün Azərbaycanda tərcümə ilə müxtəlif səviyyəli adamlar məşğul olduğuna görə, konkret qiymətləndirmə aparmaq, tərcümə işinə ümumi qiymət vermək çətindir. Amma tərcümə olunan əsərlərin sayı nə qədər çox olsa da, oxunmağa yararlı əsərlər bir o qədər azdır. Əksər tərcümələr sırf "xaltura" məhsuludur. Oxucu ana dilinin bədii imkanlarını yaxşı bilən, orijinalı tərcümə etdiyi dilin havasında yenidən yarada bilən tərcüməçinin tərcüməsindən həzz alır".
Filoloq əlavə etdi ki, tərcümə sənətinin problemlərinin yaranmasının bir çox səbəbləri mövcuddur: "Başlıca səbəbi cəmiyyətin kitaba münasibətində axtarmaq gərəkdir. Çünki, Azərbaycanda tərcümə probleminin açarı oxucunun əlindədir. Yəni, tərcümə sənətinin başlıca yaradıcısı oxucu olmalıdır. Tərcümə kitablarına tələbat olmasa, arzularımız arzu olaraq qalacaq. Tərcümə edilən əsər həm naşirə, həm də tərcüməçiyə onları qane edəcək qədər qazanc gətirməlidir. Belə olmazsa, arzu etdiyimiz nəticələrə nail ola bilməyəcəyik. Elementar iqtisadi qanunauyğuluq bunu tələb edir".