Əlaqə Arxiv
news Image
2015.08.28
15:27
| A A A
MTRŞ-dan telekanallara sərt xəbərdarlıq!

Telekanalların yeni mövsümü açmasına saylı günlər qalsa da, artıq indidən bəzi telekanalların simaları sosial şəbəkələrdəki hesablarında yeni mövsümdən tamamilə yeni və fərqli formatda tamaşaçıların görüşünə gələcəkləri ilə bağlı statuslar paylaşırlar. Həmin statuslardan belə bəlli olur ki, bəzi telekanallar bu mövsüm də tamaşaçıların gözünü mənasız və bayağı verilişlərlə, eləcə də şit-şit xəbər aparıcıları ilə yağır etməkdə davam edəcəklər. "Televiziya və radio yayımı haqqında" qanuna edilən son dəyişiklikdən sonra Milli Televiziya və Radio Yayımları Şurasına (MTRŞ) telekanalların efir siyasətinə dəyişiklik etməsinə nəzarətlə bağlı səlahiyyət verilsə də, hələki bəzi telekanallar qanunvericiliyin onların üzərinə qoyduğu məsuliyyəti dərk etmək istəmirlər. Beləcə tamaşaçılar efirdən küçə söyüşlərini, təhqir dolu ifadələri də bəzən eşitmək məcburiyyətində qalır. Bəs görəsən bu mövsüm necə, telekanallarda aparıcıların efirə yaraşmayan hərəkət və ifadələrini görüb eşitməmək, eləcə də məzmunu olmayan şou xarakterli verilişləri yenidən yayımlanmaması üçün hansı tədbirlər görüləcək?

Bu sualla Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədova müraciət etdik. T. Məmmədov  Movqe.az-a açıqlamasında bildirib ki, "Televiziya və radio yayımı haqqında"  qanuna son dəyişiklikdən sonra MTRŞ müəyyən səlahiyyətlərindən istifadə edərək telekanallara xəbərdarlıq edib: " Yeni mövsümdən də telekanallar MTRŞ-nın proqram tələblərini nəzərə almalıdırlar. Aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı MTRŞ tərəfindən mütəmadi olaraq telekanallara xəbərdarlıq edilib. Şuranın bu  tələbinə məhəl qoymayan telekanallara qarşı qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək. Bəzi telekanallar proqram siyasətini dəyişməli, efirdə şou xarakterli verilişlərə daha çox yer ayırmamalıdır".

T. Məmmədov yeni mövsümdən telekanallarda monitorinqlərin keçiriləcəyini,efirə ciddi nəzarət edilcəyini söyləyib.

Teletənqidçi Qulu Məhərrəmli də bu gün telekanallarda çoxsaylı qüsurların olduğunu söyləyib. Q. Məhərrəmli Movqe.az-a açıqlamasında bildirib ki, bu gün efirdə maraqlı diskusiyalara yer ayıran verilişlərin sayı yox dərəcəsindədir: "Proqram rəngarəngliyi demək olar ki, yoxdur. Marifləndirici verilişlərə yer ayrılmır".

Q. Məhərrəmli telekanallarda fəaliyyət göstərən bədii şuraların da işində ciddi dəyişikliyin nəzərə çarpmadığını bildirib. Ekspert deyir ki, hələ də geniş tamaşaçı auditoriyası var ki, ölkə telekanallarında baxmağa maraqlı veriliş olmadığından Rusiya telekanallarını izləyir: "Telekanallar efir siyasətlərində, proqram siyasətlərində dəyişiklik etməsələr olan-qalan tamaşaçılarını da itirəcəklər".

Q. Məhərrəmlinin sözlərinə görə, MTRŞ da yeni səlahiyyətlərindən istifadə edib telekanallara qarşı nəzarəti gücləndirməlidir.     

Sizin Reklam Yeriniz