Paytaxtda son vaxtlar yas mərasimlərinin keçirildiyi iaşə obyektlərinə demək olar ki, tez-tez rast gəlinir. Adına "xeyir-şər" evi deyilən iaşə obyektlərinə tələbatın artması hətta bəzi restoran və şadlıq evlərinin də təyinatını dəyişərək mərasim zalları kimi istifadə olunmasına rəvac verib. İndi Bakıda yeni tikilən hündürmərtəbəli binaların birinci mərtəbəsinin mərasim zalları kimi istifadəsinə də çox rast gəlinir. Bir sözlə Bakıda son bir ildə "xeyir-şər" evi kimi fəaliyyət göstərən obyektlərin sayı sürətlə artır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bir müddət öncə yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinə qarşı kampaniya başlatsa da, bu cür obyektlərin sayının yağışdan çıxan göbələk kimi artması bu kampaniyanın gözlənilən effekti vermədiyini göstərir. Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, qiymətləri heç də ucuz olmayan "xeyir-şər" evlərində qiymətlər "od tutub yansa" da, bu cür obyektlərdə ölüsünə ehsan süfrəsi açdıranların sayı kifayət qədər çoxdur.
7-ci Binəqədi şosesində yerləşən "Çinar" xeyir-şər evinin adminstratoru Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, 600 nəfərlik mərasim zalında bir günlük icarə haqqı 250 manat təşkil edir: "Əgər ehsan süfrəsini biz açırıqsa adamın biri 10 manatdan hesablanır. Təxminən 600 nəfərlik ehsan süfrəsi ölü sahibinə 6 min manata başa gəlir. Əgər ərzaqı siz alırsınızsa, bişirilib süfrəyə verilməsi 500-600 nəfər üçün 750 manat təşkil edir".
Eyni ərazidə yerləşən "Kəndim" xeyir-şər evində isə qiymət bir qədər aşağıdır. Burada ehsan süfrəsi açmaq üçün bir günlük icarə haqqı 200 manat təşkil edir. Bu Bakıətrafında fəaliyyət göstərən "xeyir-şər" evlərinin qiymətidir. Bakının mərkəzində, hündürmərtəbəli binaların birinci və ikinci mərtəbəsində fəaliyyət göstərən bu cür iaşə obyektlərində isə qiymətlər bir qədər fərqlidir. Apardığımız kiçik araşdırma zamanı Bakının Nəsimi, Yasamal rayonu ərazisində fəaliyyət göstərən xeyir-şər evlərində qiymətlərin heç də ucuz olmadığı üzə çıxdı. Məlum oldu ki, bu cür obyektlərdə dəbdəbəli ehsan süfrəsinin qiyməti adambaşına 12-15 manatdan hesablanır. Bunun qarşılığında isə süfrəyə iki cür yemək, meyvə, ləbləbi belə verilir. Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən xeyir-şər evində də, qiymətlər təxminən bu civardadır. Bu xeyir-şər evindən bildirdilər ki, toy süfrəsindən heç də geri qalmayan ehsan süfrəsi açmaq üçün bu obyektin sahibinə adambaşına 11 manat ödəmək kifayətdir. Yox, əgər yasa gələcək insanların sayı 300 nəfəri ötərsə, adamın biri 10 manatdan hesablanır.
Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, 300-400 nəfər üçün xeyir-şər evlərində ehsan süfrəsi açmaq ölü yiyəsinə 4 min manata başa gəlir. Eskpertlər isə "xeyir-şər" evlərində qiymətin bu qədər baha olmasında tələbatın durduğunu söyləyirlər. "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyir ki, son vaxtlar xüsusilə paytaxtda dəbdəbəli ehsan süfrəsi açmaq istəyənlərin çox olması bu cür iaşə obyektlərinə tələbatı artırır. E. Hüseynovun sözlərinə görə, özlərinə rahatlıq istəyən insanlar yaxınını itirərkən bu cür obyektlərin xidmətindən istifadə edir: "Çünki, həmin obyektlərdə ehsan süfrəsinə verilən bütün təamlar həmin iaşə obyektləri tərəfindən hazırlanır. Ölü sahibi qab-qacaq tapmaq, ehsan süfrəsi üçün ərzaq almaq və sair kimi problemlərlə məşğul olmur. Bu cür obyektlərdə ölü sahibi bu problemlərdən kənarlaşdırılıb öz hüzününü yaşayır. Əvəzində isə böyük məbləğdə pul ödəyir".
E. Hüseynov deyir ki, Azərbaycanda dünyasını dəyişən insana ehsan vermək adət-ənənəsinin qüvvədə olması bu cür biznes sahiblərinə sərf edir. Ekspert deyir ki, çadır xidmətinin baha olması isə bu tip obyektlərə tələbatı artırır: "Hazırda kirayə çadırların da qiyməti bahadır. Təxminən bu cür obyektlərdə icarə haqqı qiymətinə. "Xeyir-şər" evlərində isə şərait və xidmətin keyfiyyəti daha yüksək olduğundan,ölü sahibləri üstünlüyü bu tip obyektlərə verirlər. Beləcə "xeyir-şər" evlərinə təlabat bu tip obyektlərdə qiymətlərin artmasına rəvac verir".
E. Hüseynov deyir ki, paytaxtda kirayə verilən elə çadırlar var ki, bir günlük icarə haqqı 2500 manatdır: "Ölü sahibi fikirləşir ki, kondisioneri,VİP şəraiti olan çadırın bir günlük icarəsinə 2500 manat ödəməkdənsə, "xeyir-şər" evində adambaşına 10 manatdan yer tutmaq daha sərfəlidir. Çünki bu cür obyektlərdə adambaşına 10 manat ödədikdə ehsan süfrəsinə qoyulan təamların qiyməti də həmin pula daxil edilir".
E. Hüseynovun sözlərinə görə, nə qədər ki, insanların yas mərasimləri ilə bağlı fikrində dönüş yaranmayıb bu cür obyektlərə tələbat artmaqda davam edəcək: "Yaxınını itirən insanlar anmalıdırlar ki, onlar əzizlərinin acısını yaşayarkən ehsan haqda fikirləşməməlidirlər. Ehsanın ölən insan üçün heç bir xeyiri olmadığını dərk etməli, özləri bu cür dəbdəbəli ehsan süfrəsi açmaqdan imtina etməlidirlər".
Amma paytaxtda təmənnasız xidmət göstərən "xeyir-şər" evləri də var. Rayon İcra Hakimiyyətlərinin, bələdiyyələrin maliyyə vəsaiti hesabına tikilən bu cür obyektlər məhz aztəminatlı ailələr üçün nəzərdə tutulub. Məsələn, Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına tikilən bu tip obyektlərdə dəbdəbəli ehsan süfrəsi açmağa qadağa qoyulub. SOCAR-ın balansında olan xeyir-şər evlərində, ehsan süfrəsinə qoyulacaq təamların menyusu da hazırlanıb. Buraya müxtəlif yeməklər, meyvə, ləbləbi və sair daxil deyil. Menyuda limon,çay,xurma, halva, salfetka, qənd, su nəzərdə tutulur. Xüsusilə qeyd olunub ki, bu mərasim zallarında isti yeməyin verilməsi qadağandır. Millət vəkili Musa Quliyev SOCAR-ın mərasim zallarında qoyulmuş bu qaydanı dəstəklədiyini söyləyir. Millət vəkili deyir ki, bu təşəbbüsübün digər bu tipli obyektlərdə də yayılmasının tərəfdarıdır: "Mən arzulayardım ki, bu təşəbbüs yayılsın. İnsanlar dəbdəbəli ehsan məclislərindən özləri imtina etməlidir".