Əlaqə Arxiv
news Image
2015.09.01
10:00
| A A A
Ət və ət məhsulları ucuzlaşacaq
Çingiz Fərəcov: “Yem bol olarsa, süd və ətin qiymətinin aşağı düşməsi də labüddür” Vahid Məhərrəmov: “Yem məhsullarının qiyməti demək olar ki, ətin qiymətinin maya dəyərinin 70 faizini təşkil edir”

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, cari il otun qiymətində yüksək artım qeydə alınmayıb: "Ancaq bir-iki il əvvəl ot bağlamasının qiyməti 6 manata qalxmışdı. Hazırda isə ot ucuz və boldur. Hesab edirəm ki, təkrar əkin yem istehsalına böyük təkan verəcək". Xatırladaq ki, bir çox hallarda ətin qiymətinin baha olması ot və yemin qiymətinin ucuz olmaması ilə əlaqələndirilirdi. İndi isə ot xeyli ucuzlaşıb. Bu fonda maraqlıdır, yemin ucuz olması ət və ət məhsullarının qiymətini ucuzlaşdıra bilərmi?

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov qeyd etdi ki, heyvanın rasionunda yem məhsulları mühüm yer tutduğundan, onun bol olması qiymətinin düşməsinə rəvac verə bilər. Bu da öz növbəsində ət və südün qiymətinə də təsir edəcək: "Hazırda 300 min hektardan çox sahədə yonca əkilir. Bu ilin aprel-iyun aylarında bol yağış yağdı. Onun da nəticəsində cari ildə yonca istehsalı xeyli dərəcədə çoxalıb. Həmişə yoncanın bir kq 20 qəpiyə olub. Bakıda isə 16 kq-dan ibarət yonca otu bağlaması 6-7 manata satılıb. Bu isə süd və ətin qiymətinin daha baha başa gəlməsinə güclü təsir edib. Yəni, onun nəticəsində ət və südün qiyməti qalxır. Heyvandarlıqda əsas məsələ yemdir. Yem bol olarsa, əlbəttə ki, ət və süd istehsalı da çox olacaq. Nəticədə bu bolluq fonunda ət və ət məhsulları, südün qiyməti ucuz başa gələcək. Yem çox olanda insanlar gedib kənardan almayacaq və bu da ətlə südün maya dəyərini aşağı salacaq. Belə vəziyyət satış qiymətlərinə də təsir edəcək, ət və südün qiyməti aşağı düşəcək.

Təkrar əkinə gəldikdə, o, əsasən apra sahələrində apırılmalıdır. Bu istiqamətdə insanlar arasında geniş izahat işi aparılmalıdır, Kənd təsərrüfatı Nazirliyinin işçiləri yerlərə getməli, əkin sahələri, pay torpaqları olan vətəndaşlarla söhbət etməli, onlara izah etməlidirlər ki, torpaq boş qalmasın. Buğda biçinindən sonra boş qalan yerdə aralıq bitkiləri, silos, qarğıdalı əkilə bilər. Həmin məhsulu da sentyabrda biçib, yenidən torpağı şumlayıb buğda səpinini həyata keçirmək olar. Bir sözlə, yem bol olarsa, süd və ətin qiymətinin aşağı düşməsi də labüddür. Bi qiymət enməsi baş vermirsə, deməli, ot məhsulu ilə bağlı deyilənlər doğru deyil. Bunun baş verməsi üçün də kəndlilər arasında geniş izahat işləri aparılmalıdır. Beləcə yem bitkilərini artırmaq hesabına ətin və südün qiymətini aşağı salmaq mümkündür".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun fikrincə, qarşıdan gələn aylarda yemin qiymətinin ucuzlaşması və bu prosesin də ətin qiymətinə təsir edəcəyi gözlənilmir: "Yem məhsullarının qiyməti demək olar ki, ətin qiymətinin maya dəyərinin 70 faizini təşkil edir. Bu il mövsümün əvvəlində ölkədə yem istehsalı artmışdı. Ancaq sonradan yayın isti keçməsi həm yem istehsalını azaltdı, həm də qış üçün saxlanılmalı olan yemdən istifadəni genişləndirdi. Nəticədə heyvandarlıqla məşğul olan sahibkarlar demək olar ki, qış üçün saxladıqları yemdən yayda istifadə etməli oldular. Bu da ondan xəbər verir ki, qış aylarında istifadə edilən yem məhsulunda qıtlıq müşahidə ediləcək. Bunun nəticəsidir ki, ölkəmizdə ət və ət məhsullarının qiymət enməsinin şahidi olmuruq. Bu baş versəydi, iki ay bundan öncə baş verə bilərdi. Çünki, bu ilin may-iyun aylarında yem məhsullarının qiymətində ciddi azalma var idi. Ancaq son zamanlar görürük ki, yem məhsulunun qiymətində artım var. Bu da ondan xəbər verir ki, qarşıdan gələn qış aylarında yem məhsulunun qiymət enməsi və onun ətin qiymətinə təsir edəcəyi gözlənilmir".



Sizin Reklam Yeriniz