Əlaqə Arxiv
news Image
2015.09.02
13:30
| A A A
Ulusal dəyərlərimiz – Varlığımızın özülüdür

Xalq necə var olur? Onu özünə yaxınlaşdıran, var edən nədir? Neləyək ki, bu amansız çağda millət, dövlət kimi ardıcıl var ola, ayaqda qala bilək? Çıxış yolu ilk növbədə xalq olmağın qaçılmazlığına yetməkdən ibarətdir. Xalq – yetkin fərdlərin şəxsində təsdiqini tapır. Özünü yaradan, var edən xalqını da yaradır, var edir.

Yalnız özümlük əsasında var olmaq mümkündür. Çünki milli duyğu xalqı qurur, kökdə saxlayır. Milli dəyərlərimiz milli birliyimizi yaratmağa, qorumağa qadirdir. 

Xalqın var olmaq qaçılmazlığı hər birimizin ağlında, ömründə nə dərəcədə yer tutur? 


Təəssüf ki, fərdlərimizin çoxu hələ bu qaçılmazlığın dərkinə yetməyiblər. 

Xalq – Bəşəriliyin təsdiqidir. Milli birliyimiz bəşəri gərəkliyimizdir. Bu, bizə bir həqiqəti deyir: xəlqi birlik ömürlərdə ağac kimi bitməlidir. Bu anlamda milli duyğuların müqəddəsliyinə, insansevərliyinə yönəlilk işlər görmək gərəkdir. Özünü bu əsaslar üzərində quran, dəyərləndirən insan dövlətinin də təəssübünü daha ciddi şəkildə çəkər.

Azərbaycanın milli dəyərləri insançılığı tam ifadə edir. Milli dəyərlərimiz bəşəriliyi tam ifadə etdiyinə görə hər bir azərbaycanlının (türklərin və qeyri-türklərin) öz milli ölçüsüylə yanaşı, bu əsasda da Azərbaycana yanaşması, onu sevməsi üçün daha ciddi əsaslar yarada bilər.

Ulusal birliyimizi ulusal dəyərlərimiz yarada bilər. O deməkdir ki, gərək yurdumuzda bir-birimizə doğmalığımız insanlıq ölçüsündə tam bilinsin, görünsün. Gərək onda milli dəyərlərimiz əsasında yaşayaq. Milli dəyər ölçümüz isə çağımızda yoxa çıxmaqdadır. 



Milli dəyərlərimiz Zərdüştlüyümüzlə, Babəkliyimizlə, Dədə Qorqudluğumuzla, Hürufiliyimizlə, Füzululiyimizlə, Muğamlığımızla, Sazlığımızla sıx bağlıdır. 

Ruhumuzdan yaranmayan ruhumuzu yarada, milli birliyimizi təsdiq edə bilməz.

Möhtəşəm xəlqi birliyimizin yaranması bizi qarşıda gözlənilən bu və ya başqa təhlükələrdən qoruya bilər. Milli dəyərlərimiz milli birliyimizi yaradır. Çox zaman bunun fərqinə varmırıq. Ancaq özümüzdən ayrıldığımız çağlarda da ulusal (milli) ruhumuz bizi tərk etmir. 

Milli dəyər fərdin içindən başlayır. Əslində hər bir insan milli dəyərin bu və ya başqa səviyyədə, imkanı yetən səviyyədə ünvanı, təsdiqi olmalıdır. 

Çıxış yolu ardıcıl olaraq xalqlıq mahiyyəti üstə yaşamağımızdadır. Milli dəyərlərimizin sistemli şəkildə tədrisi, ömürləşməsi gərəkdir. İnsanı da, Xalqı da var edən milli ruhdur. İnsan (ulus) da, xalq da ruhani hadisədir. Yoxsa Zərdüştləri, Babəkləri, Dədə Qorqudları, Füzuliləri özümüzdən saymazdıq, ruhumuzun doğması bilməzdik, ruhumuzun mayasını onlardan tutmazdıq, xəlqi təsdiqimizi onlarda tapmazdıq, görməzdik. Xalq üçün elə bir əbədi ideya tapmaq gərəkdir ki, o əsasda var ola bilsin. 


Milli birliyimizi yaradan amillərdən ən əsası özümüzə məxsus inamımızın, dünyabaxışımızın olmasıyla bağlıdır.

Dünyabaxış xalqın var olmasında elə bir məqamdır ki, bunsuz irəliyə getməyimiz mahiyyətcə mümkün olmayacaq. 

Belə bir dünyabaxış artıq var – İnam Atanın (Asif Atanın) Mütləqə İnam Fəlsəfəsi. 


Dövlətin işi ilk növbədə xalqı qorumaqdır. Bu müqəddəs görəvini yerinə yetirməsi üçün dövlətin özünün varlığının qorunması yönündə hər bir insanımız təəssübkeş olmalıdır. Dövlətin necə ali bir nemət olduğunu sübut etməyə isə gərək yoxdur.

Əslində parçalanmış Azərbaycanın ağlımızda, ürəyimizdə birliyini daha güclü yaratmaq, milli birliyimizi istəyiriksə, ilk növbədə dilimizin qoruyucusu olmalıyıq. Dilimiz ən çətin anlarımızda xalqlığımızı təsdiq edib. Ancaq acı haldır ki, dilimizi təəssübkeşliklə yaşatmamışıq. Bu, o deməkdir ki, milli ruhumuzu tam qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə qalmaqdadır.

Böyük anlamda xalq yaranmasa, yəni imtinaçı, fərdi gərəkliyi vicdan ölçüsü səviyyəsində anlayan, özünəməxsus, müstəqil düşüncəli fərdlər yetişməsə, fəlakətlərimizin ölçüsünü dərk edə bilməyəcəyik.


Asif Ata deyir ki, Yurd – Müqədəsləşən Məkandır. Dünyada çoxlu gözəl torpaqlar, ölkələr var, ancaq heç biri insana doğulduğu, böyüyüb boya-başa çatdığı el-obanın yerini vermir. 

Xalqın varlığının özünü bayram etmək gərək. Keçmişimizdən gələn, milli ruhumuzu təsdiq etdiyi dərəcədə də bəşəriliyə hava-su kimi gərək olan özəlliklərimizi göz-bəbəyimiz kimi qorumalı, artırmalı, bu özüldə yeni dəyərlər yaratmalıyıq. Bir xalq olaraq Halallığımız, Mərdliyimiz – üzağlığımızdır. 


Mədəniyyətin özülü özümlükdür. Ulusal mədəniyyəti qorumaq gərəkdir. Bu ideyanı gerçəkləşdirən təmənnasız, fədakar, vicdançı insanlar gərəkdir.

Milli dəyərlər və çağdaşlığa gəlincə, əsil dəyər zamanı ötür, köhnəlmir. "Ulusal mədəniyyət" anlayışında iynənin ucu boyda da olsun, özgə təsəvvürə yer olmamalıdır. Ulusların bir-birindən bəşərı yöndə yararlanması dediyimizi inkar eləmir. Tarix boyunca mədəniyyətimizə özgəliklər yetərincə təsir eləyib. "Ulusal mədəniyyət" anlayışını özününkü saymaq, mənəvi yiyə olmaq halı yoxa çıxmaqdadır. 


Asif Ata deyir ki, bəhrələnməyin bəhrələndirməyinə bərabər olduğu dərəcədə müstəqilsən. Özümləşməyin özümləşdirməyinə bərabər olduğu dərəcədə müstəqilsən.

Biz indi daha çox müxtəlif mədəniyyətləri qəbul edirik, onlara təsir etməyi çox zaman təsəvvür belə etmirik. Belədə hansı ulusal özümlük qoruyuculuğundan danışmaq olar? Milli dəyər bəşərin ümumi keyfiyyətlərinin mücərrəd şəkildə özünə şamil edilməsi deyil. Milli dəyər – millətə məxsus olandır. 


"Milli dəyər–bəşərilik" anlamı haqqında. Kürəsəlləşmə (qloballaşma) ulusallığa qarşıdır. Ulusal-fərdi-dövləti özümlüyü, müstəqilliyi qorumaq üçün milli dəyərlərin qorunması qaçılmazdır. 

Milli dəyər bəşərin ümumi keyfiyyətlərinin mücərrəd şəkildə özünə şamil edilməsi deyil. Milli dəyər – millətə məxsus olandır.

Ulusal dəyərlərə yiyəlik eləmək onu yaratmaq kimi çətindir. Ulusal dəyəri ali səviyyədə yaşatmaq gərəkdir ki, kutsal, uca ömürlər yaransın. Yoxsa xalq yeni, daha yaşarı səviyyədə yaranmayacaq, xəlqi dəyər ömürləşməyəcək. 

Təəssüf ki, Azərbaycanda milli dəyər məsələsinə yanaşma qarışıqdır. Dəyərin dəyərliyi bilinmir, bunun da başlıca nədəni onun yaşanılmamasıdır. Milli dəyər ulusal özünəməxsusluğun, bəşəriliyin ifadəsidir.

Xəlqi dəyəri ali səviyyədə yaşatmaq gərəkdir ki, kutsal, uca ömürlər yaransın. Yoxsa xəlqi dəyər ömürləşməyəcək.


Hər an Azərbaycan ruhuyla, insanlıq əhvalıyla yaşayıram. Azərbaycan ünvanını müqəddəs sayıram. İçimə yad baxışlar girə bilməz. "Uzaqlıq mifi" var, ulusumuzun halında özgəliklərə meyl güclüdür. Uzaqdan gələn cazibə həmişə şirin gəlib, bu yanlışlıq indi də davam edir. Ona görə də ardıcıl olaraq xəlqi təməl üzərində yenilənmək, inkişaf etmək gərəkdir. Bizi tarix boyunca ayaqda saxlayan ruhumuzun yenilməzliyi olub. Çox zaman ruhumuzun sınılrlarını itirmişik, böyüklüyümüzdən çəkinmişik. Xalqımızın ruhunda zorçuluq yoxdur, olmayıb. 

Çağımızda informasiya savaşı tüğyan eləyir. Dünya bütün uğurlarına baxmayaraq sanki tükənmiş durumdadır. 


Bu gün dünya bütün biliyi ilə qarşımızda yerə sərilib. Hər cür informasiya müqavimətsiz evimizin içinə girir, insanı ram edir – ağlını açandan ta dünyaya gözünü yumana kimi. 

Bu cür hallara qarşı ulusal yöndə inanc, dirəniş olmayanda radikalizm yaranır və güclənir. Radikalçılıq əsasən gəncləri çulğayır: onlar aldadılır, şövqləndirilirlər. Ulual dəyər – içimizdən yaranan, başqasından fərqimizi göstərən dəyərdir. Bu dəyərlər bizi dünyanın eybəcərliklərinə qarşı dirənişə hazırlayır. Dövlət, xalq bu kimi dəyərlərin əsasında var olur. Radikal dini meyllərlə yanaşı Qərbçilik də insanları amansızlaşdırır. Adamlar informasiya bolluğunda çasırlar, neyləyəcəklərini bilmirlər. 

Radikalçılıqda macəraçılıq da var: gənclər aldadılır, tora salınır, vətənlərindən didərgin salınır. İllərlə adamların içində cavabı tapılmayan suallar yığılır və sonda özünü müəyyən "partlayışlarla" göstərir. 



Bundan sonra dünyada idrakilik əsas yön olacaq. Sən xalqsansa, bəşərin bir parçası, bəşərin təmsilçisənsə, yaradıcılığını ortalığa qoy. Özümlü əsasda inkişaf elə, görək dünyaya verəcəyin nə var. Gənclərə bunu anlatmaq gərəkdir. Sən ruhu yenilməyən, insanlıq imkanına yetə biləcək xalqın övladısan. Ona görə də özgəliklərə meyllənə bilməzsən. Ulusal mənliyimizi qorumalı və inkişaf etdirməliyik. 

Radikalizm çağırır və insanlıq uğrunda mübarizəni anlamsızlaşdırır. Gənclər bu tüğyana düşürlər, anlayanda isə gec olur. 

İnsan anatomik sarıdan da öyrənilir, ancaq mənəvi-ruhani cəhətdən yox. İnsan İnam, İdrak vasitəsilə özünü var edə bilər. Eləcə də insanların ulusa və dövlətə ciddi münasibətinin yaranması gərəkdir. Ulusa və dövlətə insançı münasibəti olmayanın bəşəriliyinə inanmaq olmur. 


İnsanlarımıza ulusallıq aşılamaqla bizi gözləyən çoxçeşidli təhlükələrdən qurtula bilərik. Bu saat dünyanın əsas problemi İnamsızlıqdır. İnsan necə xilas olsun, xoşbəxt olsun? 

Hər kəs evində - ailəsində ardıcıl olaraq balalarını, inandıqlarını insanlıq, ulusallıq üstə kökləyə, yaşamağa, mili dəyərləri qorumağa kökləyə bilsə, sabahımızı güvənli edə bilərik. Milli dövlətçilik, milli kimlik, milli təhsil, milli iqtisadiyyat və başqa yönlərdə qayğılanmalar çağımız üçün son dərəcə qaçılmaz və gərəklidir. 


Dövlət amili ciddi hadisədir. Soydaşlarımızın ağlında ardıcıl olaraq dövlət sevgisinin yaradılması gərəkdir. Azərbaycana gələn yad baxışlar ilk növbədə dövlət amilinə hücumda özünü göstərir. Ulusal əməl yolçularının anlaşdıqları məqamlarda ardıcıl olmaları gərəkdir.

Əsl ulusal (milli) dəyər həmişə çağdaşdır. Azərbaycanın bağrından qopan dəyərləri buna ən gözəl misaldır və bəşərə örnəkdir.

Sizin Reklam Yeriniz