Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı həbs edilmiş şəxslərin istintaq müddəti uzadılıb.
Movqe.az"Report"a istinadən xəbər verir
ki, məhkəmə qərarı ilə onların barəsində qəbul edilən həbs qətimkan
tədbiri daha 4 ay müddətinə artırılıb.
Qeyd edək ki, bu il mayın 19-da paytaxtın Binəqədi rayonu
ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb
olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə
dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər
və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu
sayda zərərçəkmişləri və şahidləri dindirilib.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə
etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və
qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər
əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan
"poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş
direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini
Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon
mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra
hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və
Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi
Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan
yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda)
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan
tədbiri seçilib.