Əlaqə Arxiv
news Image
2015.09.05
10:30
| A A A
Qarabağda qanunsuz məskunlaşma müharibə riskini artırır
Elman Nəsirov: “Məsələyə göz yummaq, münaqişənin həllinə deyil, onun daha da uzanması və Cənubi Qafqazın münaqişə ocağı olaraq qorunub saxlanılmasına gətirib çıxara bilər” Elxan Şahinoğlu: “ATƏT-in Faktraşdırıcı Missiyası gəlib yerindəcə araşdırmalar aparmalıdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə bir daha onların diqqətinə çatdırıb ki, Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Nazir bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirərək, qeyd edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Azərbaycan tərəfi dəfələrlə Ermənistanın Suriyadan və başqa ərazilərdən qaçan ermənilərin işğal altında saxladıqları Dağlıq Qarabağda yerləşdirməsinə qəti etirazını bildirib. Amma buna baxmayaraq, Ermənistan yenə də bu çirkin siyasətini davam etdirir. Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT isə məsələyə reaksiya verərək, bu qanunsuzluğun qarşısını almaq, onu edən dövləti cəzalandırmaq əvəzinə, susmağa üstünlük verir. Politoloq Elman Nəsirov bildirdi ki, beynəlxalq qurumların Ermənistanın atdığı bu addıma göz yumması onların ikili standartından irəli gəlir: "Qanunsuz olaraq məskunlaşma aparmağa beynəlxalq hüquqda qeyri-qanuni məskunlaşma siyasəti deyilir. Ermənistan isə beynəlxalq hüquqa həqarətlə yanaşan, bu prinsipləri ayaq altına alın tapdalayan bir dövlətdir. Təəssüf ki, beynəlxalq hüququn keşiyində dayanmalı olan dövlətlər Ermənistanın bu qanunsuz əməlinə də göz yumur. Elə özləri də bir çox hallarda beynəlxalq hüquqla manipulyasiya etdiyinə, ondan öz geopolitik maraqlarına nail olmaq üçün bir vasitə kimi istifadə etdiklərindən beynəlxalq hüquqa münasibət bu həddə gəlib çatıb. Prezident İlham Əliyev çıxışlarının birində belə bir ifadə işlətmişdi ki, beynəlxalq hüquqa münasibət belə davam edərsə, tarixin özü baş-ayaq ola bilər. Bu da çox acınacaqlı bir vəziyyətdir. Ermənistan isə bu kimi qanunsuzluğa əl atmaqla həm öz işğalçılıq siyasətini davam etdirir, həm də bu siyasətinə yeni-yeni əlamətlər daxil edir. Bu əlamətlər sırasında da qeyri-qanuni məskunlaşma siyasətini indi daha da aktuallaşdırıblar. Xüsusən də Suriyadan qaçqın düşmüş ermənilərin Ermənistanda deyil, işğal altındakı Dağlıq Qarabağda yerləşdirmələri prosesi bu gün çox intensiv xarakter alıb. Hazırda Avropa ölkələrinin başı miqrasiya probleminə qarışdığından, ermənilər bu prosesə də sanki bir miqrasiya kontekstində qiymət verməyə çalışırlar. Ən təhlükəli tendensiya ondan ibarətdir ki, Ermənistanın qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi don geyindirmək cəhdi də ola bilər. Yəni, Avropa ölkələri indi daha çox gələn qaçqınların kvota məsələsi üzərində baş sındırır. Belə bir vəziyyətdə Ermənistanı sanki qaçqınlar üçün kvota ayıran, onu bu prosesə sanki bir töhfə verən ölkə kimi təqdim etmək cəhdləri özünü göstərir. Guya Ermənistan dövləti Yaxın Şərqdən gələn qaçqınların yerləşdirilməsilə bağlı fəal iştirak edən dövlət kimi təqdim olunur. Halbuki, burada söhbət ancaq erməni qaçqınlarından gedir və onlar da Ermənistanda deyil, bu ölkəyə qətiyyən dəxli olmayan işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda yerləşdirilir. Bu məsələdə böyük dövlətlər, beynəlxalq təşkilatların reaksiya göstərməməsi, susması anlaşılmaz, yanlış, ikili standartlara söykənən mövqedir".

Həmsöhbətimiz bildirdi ki, Ermənistanın həmin hərəkətinə xarici qurumların göz yumması münaqişənin həllinə də öz mənfi təsirini göstərir: "Hesab edirəm ki, məsələyə bu şəkildə yanaşmaq, göz yummaq, münaqişənin həlli perspektivinə deyil, onun daha da uzanması və Cənubi Qafqazın münaqişə ocağı olaraq qorunub saxlanılması, buradan digər regionlara xaosun ixracına gətirib çıxara bilər. Bu reallıqdır, ATƏT, digər beynəlxalq qurumlar onu dərk edib ondan irəli gələn addımları həyata keçirməlidirlər. Əks təqdirdə, regionda sülh və sabitlikdən heç bir halda söhbət belə gedə bilməz".

Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, ATƏT-in reaksiyası olmayanda Ermənistan getdikcə daha çox dərəcədə bu kimi təxribatlara yol verəcək: "İşğalçılar Dağlıq Qarabağda qanunsuz olaraq məskunlaşma siyasətini davam etdirir. Suriyadan olan erməni qaçqınlarının orada yerləşdirilməsinə dair xəbərlər var. Hətta ən təhlükəli məsələdən biri də odur ki, Türkiyə ordusu PKK-ya qarşı savaşa başladıqdan sonra, bəzi PKK-çıların Dağlıq Qarabağda yerləşdirilməsinə dair xəbərlər var. Ona görə də bu faktlar araşdırılmalıdır. Azərbaycan dəfələrlə həyəcan təbili çalaraq, beynəlxalq birliyi bu məsələyə diqqət yetirməyə səsləyib. Ermənilər işğal altındakı ərazilərdə "yenidənqurma işləri" də aparır. Deməli, beynəlxalq təşkilatlar bu məsələlərə reaksiya verməlidir ki, Ermənistan qanunsuz əməllərini dayandırsın. ATƏT-in Faktraşdırıcı Missiyası gəlib yerindəcə araşdırmalar aparmalıdır. Həmçinin, ermənilərə işğal altındakı torpaqlarda hansısa tədbir keçirmək də qadağan olunmalıdır. Amma, təəssüf ki, beynəlxalq təşkilatlar, əsasən də ATƏT seyrçi mövqe tutmaqda davam edir. Halbuki, reaksiya bildirməli, bölgəyə nümayəndə göndərib, məsələni yerindəcə araşdırmalıdır. Bu reaksiyanın olmaması isə onların hələ də ikili standartlardan çıxış etməsilə bağlıdır. Hətta münaqişəyə baxışda da fərqli yanaşmalar var. Qərb Ukrayna separatçılarına sanksiyalar tətbiq edir, amma Dağlıq Qarabağ separatçılarının lideri rahat şəkildə müxtəlif ölkələrə səfərlər edir. Bu da görünür ki, ikili standartlardan irəli gəlir. Prosesin belə davam etməsi münaqişə ətrafında vəziyyəti daha da gərginləşdirir. Ermənilər hətta Dağlıq Qarabağa aid olmayan ərazilərdə də atəşkəsi pozur. Reaksiyanın olmaması fonunda bu kimi təxribatların miqyası getdikcə genişlənəcək. Amma ermənilər anlamalıdır ki, belə təxribatlarla özləri daha böyük itkilərlə üzləşirlər. Onlar hər hərəkətlərinin on qat cavabını alır. Nəticədə müharibənin baş verməsini də qaçılmaz edirlər".


Sizin Reklam Yeriniz